“Təkcə bizim üçün deyil, həm də bütün dünya üçün əsas narahatlıq doğuran məsələ Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalının davam etməsidir”.
AZXEBER.COM-un məlumatına görə, Azərbaycan RPrezidenti İlham Əliyev Qəbələdə ATƏT-in üzvü olan ölkələrin səfirləri ilə görüşdə deyib. Dövlət başçısı deyib ki, Azərbaycan erməni təcavüzünün qurbanıdır və bu, danılmaz faktdır. Onun sözlərinə görə, Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisinin 20 faizini işğal altında saxlamaqda davam edir: “Bildiyiniz kimi, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Tarixi nöqteyi-nəzərdən bu ərazidə azərbaycanlılar məskunlaşıblar. Hüquqi baxımdan Dağlıq Qarabağ Azərbaycanın bir hissəsidir. Sovet vaxtı Dağlıq Qarabağ muxtar vilayət olub, hətta muxtar respublika belə olmayıb, o, Ermənistanla inzibati sərhədlərə belə malik deyil. Beləliklə, Dağlıq Qarabağ Azərbaycanın ərazisi daxilində yerləşir və münaqişə başladıqda orada yaşayan insanların etnik tərkibi 75-25 faiz nisbətində idi. Bütün azərbaycanlılar Dağlıq Qarabağdan qovulublar. Ermənistan 7 ətraf rayonda etnik təmizləmə siyasəti aparıb. Halbuki orada heç bir zaman erməni əhalisi yaşamayıb. Nəticədə bizim Dağlıq Qarabağın ətrafındakı rayonlardan 750 mindən çox, Qarabağın özündən 40 min, Ermənistandan qovulan 200 mindən çox qaçqın və köçkün soydaşımız var. Bu rəqəmlər aydın məsələdir ki, münaqişənin başlandığı, etnik təmizləmə aparıldığı dövrə aiddir. Keçən dövr ərzində məcburi köçkün ailələrdə demoqrafik artım baş verdiyinə görə bu rəqəmlər də artmaqdadır. Dağlıq Qarabağın ətraf rayonları dağıdılıb. ATƏT iki missiya göndərib. Birincisi faktaraşdırıcı, ikincisi isə qiymətləndirmə missiyalarıdır. Onlar hər şeyin dağıdıldığını təsdiq ediblər. Bizim şəhərlər kimsənin yaşamadığı kabus şəhərlərinə çevrilib. Bütün infrastruktur darmadağın edilib, bütün qəbiristanlıqlar, məscidlər və tikililər yerlə-yeksan olunub. Bu, Ermənistan tərəfindən, gəlmələr tərəfindən törədilib. Bu, münaqişənin real mənzərəsidir”.
Prezident bəyan edib ki, münaqişənin həlli beynəlxalq hüquq normaları və Helsinki Yekun Aktına əsaslanmalıdır: “Ermənistan prezidentinin, mənim və Rusiya Prezidenti Dmitri Medvedevin tərəfindən imzalanmış Mayndorf bəyannaməsində də göstərilir ki, münaqişə beynəlxalq təşkilatların qərarları və qətnamələri əsasında həllini tapmalıdır. Bu qərar və qətnamələr birmənalıdır. Məsələnin həlli ilə bağlı Helsinki Yekun Aktına da istinad edilir. Helsinki Yekun Aktında ərazi bütövlüyü və öz müqəddəratını təyin etmə prinsipi arasında balans açıq-aydın göstərilir. İnsanların öz müqəddəratını təyin etmək hüququ ərazi bütövlüyü prinsipinə xələl gətirməməlidir. Üstəlik, ermənilər artıq bir dəfə öz müqəddəratlarını təyin ediblər, Ermənistan dövlətini yaradıblar və bu dövlət tarixən azərbaycanlılar tərəfindən məskunlaşmış ərazidə yerləşir. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yaradılandan bir gün sonra İrəvan şəhərinin Ermənistan dövləti üçün paytaxt şəhəri olmasına razılıq vermişdi. Çoxları bundan xəbərsizdir, lakin bu, həqiqətdir. Biz daha bir erməni dövlətinin Azərbaycan ərazisində yaradılmasına icazə verməyəcəyik. Bu, qeyri-mümkündür. Ermənistan anlamalıdır ki, onların maksimalist yanaşması, Dağlıq Qarabağ üçün müstəqillik tələb etmələri mümkünsüzdür. Bunu heç kim dəstəkləməyəcək. Bu yaxınlarda Dağlıq Qarabağda keçirilən qondarma “seçkilər” beynəlxalq ictimaiyyət tərəfindən tanınmayıb, Dağlıq Qarabağı heç kim tanımır. Azərbaycan Dağlıq Qarabağı heç vaxt tanımayacaqdır. Buna görə də Ermənistanın irəliləyiş əldə etmək üçün ən yaxşı variantı 2009-cu ilin sonunda ATƏT-in Minsk qrupunun təqdim etdiyi təkliflərə qayıtmaqdır. Azərbaycan bunları dəstəkləyir. Siz bu təkliflərin nədən ibarət olduğunu bilirsiniz: işğal olunmuş bütün ərazilər Azərbaycana qaytarılmalı, qaçqın və məcburi köçkünlər öz torpaqlarına qayıtmalı, təhlükəsizlik təmin edilməlidir. Yalnız bundan sonra Ermənistan ilə əlaqələr təmin olunacaq, Dağlıq Qarabağın gələcək statusu hər iki tərəf hazır olduqda müəyyənləşdiriləcək”.
“Ermənistanın rədd etdiyi formulanı biz qəbul etmişik. Bundan sonra danışıqlar prosesi bir ildən çoxdur ki, durğunluq mərhələsinə daxil olub. ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin prezidentlərinin, xüsusən də, onların status-kvonun qəbuledilməz olması barədə bəyanatı bizi çox ruhlandırdı. Biz bu bəyanatı tamamilə dəstəkləyirik. Lakin Ermənistan status-kvonu saxlamağa çalışır və danışıqlar masasında oturmaq istəmir. Onların bütün təxribatçı əməlləri və bəyanatları bir məqsəd güdür, bu da münaqişənin həllinin uzadılmasıdır. Onlar bir şeyi başa düşməlidirlər ki, status-kvonu bu neçə illər ərzində saxladıqları kimi davam etdirə bilməyəcəklər. Qüvvələr və güc balansı dəyişir, Azərbaycan 20 il bundan əvvəlki ölkə deyil. Azərbaycan özünü qorumaq iqtidarında olan ölkədir. Ermənistan üçün ən yaxşı çıxış yolu onun gələcəyinin regionun inkişafından asılı olduğunu anlamasıdır. Qonşular birgə yaşamağa öyrənməli və işğala son qoymalıdırlar. Hər şey işğalla əlaqəlidir. Bəzən Ermənistan liderləri deyirlər ki, Azərbaycan bu ölkə ilə bütün əlaqələrə son qoyub. Axı, siz torpaqlarımızı işğal edən ölkə ilə əməkdaşlığımızı necə gözləyə bilərsiniz?! Siz, öz ölkələrinizin bütün tarixi abidələrini darmadağın etmiş, ərazilərinizi işğal etmiş və bu işğalı davam etdirmək niyyətində olan işğalçı bir ölkə ilə əməkdaşlığı necə təsəvvür edə bilərsiniz? Bu, mümkün deyil. İşğala son qoyulmalıdır. Ərazilərin işğaldan azad olunması prosesi mümkün qədər tez başlamalıdır. İşğaldan azad olunma prosesi başlayan kimi, biz münasibətlərin normallaşdırılması, gərginliyin kəskin dərəcədə azaldılması istiqamətində mühüm addımlar atmaq məsələsini nəzərdən keçirməyə hazırıq. Amma əvvəlcə bu proses başlanmalıdır. Sözdən əmələ keçmək lazımdır. Bu, bütün ölkələrin, eləcə də bizim, əminəm ki, Ermənistanın da marağındadır. Bütün insanlar sülh və əmin-amanlıq şəraitində yaşamalı və beynəlxalq hüquq mümkün qədər tez bərpa edilməlidir”, - İlham Əliyev deyib.
Azərbaycan Prezidenti bəyan edib ki, Dağlıq Qarabağa müstəqillik verilməsi məsələsi qətiyyən müzakirə mövzusu ola bilməz: “Ermənistan tərəfi bunu nə qədər tez başa düşsə və maksimalist, qeyri-realist, qeyri-qanuni yanaşmalardan imtina etsə, bu, onlar üçün də, sülh prosesi üçün də bir o qədər faydalı olar”.