İlham Əliyev: 'Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınıb'

İlham Əliyev:
Bütün Xəbərlər
14:28 25.12.2012
813

Mən bu ilin yekunlarını mənfi qiymətləndirirəm, çünki bu ildə danışıqlar prosesi durğunluq mərhələsinə qədəm qoyub.AZXEBER.COM-un məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Rusiya-24” telekanalına müsahibəsində bildirib.

Dövlət başçısı qeyd edib ki, bunun da başlıca səbəbini biz onda görürük ki, Ermənistan tərəfi istənilən vasitələrlə status-kvo şəraitini qoruyub-saxlamağa çalışır.

“Onlar münaqişənin nizamlanmasını istəmirlər, çünki problemin nizama salınması onların işğal etdikləri ərazilərdən çıxmasını tələb edir. Axı bu gün işğal altında olan təkcə Dağlıq Qarabağ deyil, həm də ona bitişik olan digər yeddi rayon da işğaldadır.

Bu rayonlar heç vaxt Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə daxil olmayıblar, orada heç vaxt erməni əhalisi yaşamayıb, bu yerlərin sakinləri hər zaman azərbaycanlı əhali olub, onlar da öz doğma yurd-yuvalarından didərgin salınıblar”.

İlham Əliyevin sözlərinə görə, Ermənistan üçün Azərbaycanın torpaqlarını işğal etməsi faktına haqq qazandırmaq gündən-günə çətinləşir.

Dövlət başçısının qeyd etdiyinə görə, Ermənistanın vəziyyəti olduğu kimi saxlamaq niyyətinə və danışıqlar prosesində yaranmış şəraitə görə məsuliyyəti Azərbaycanın üzərinə yıxmaq cəhdlərinə heç vaxt haqq qazandırmaq olmaz.

“Lakin elə ola bilər ki, onlar öz təxribat xarakterli planlarında hər şeyə görə bizi ittiham etsinlər, lakin əgər məsələnin mahiyyətinə dərindən baxılsa, aydın olar ki, Azərbaycanın mövqeyi bu məsələ ilə bağlı həmişə ardıcıl, prinsipial olub və beynəlxalq hüququn prinsiplərinə və normalarına əsaslanıb.

Yeri gəlmişkən, Ermənistan özü 2008-ci ildə bizimlə və Rusiya tərəfi ilə birgə Mayndorf bəyannaməsinə imza atıb. Həmin bəyannamədə isə qeyd olunur ki, münaqişənin həlli beynəlxalq təşkilatların qətnamələrinə və qərarlarına əsaslanmalıdır. Belə qətnamələr və qərarlar isə kifayət etdiyindən də artıqdır”- o deyib.

Prezident xüsusilə bunu da vurğulayıb ki, Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınıb və Dağlıq Qarabağ həm tarixi baxımdan, həm də hüquqi və siyasi nöqteyi-nəzərdən Azərbaycanın ayrılmaz hissəsidir.

“Minsk qrupunun həmsədrləri tərəfindən 2009-cu ilin sonunda təklif edilən həll formulu Azərbaycan tərəfindən qəbul olunsa da, Ermənistan tərəfindən rədd edilib.

Gələcəkdə isə danışıqlar prosesində elə məqamlar olub ki, bu dəqiq formulun məzmununa müəyyən dəyişikliklər gətirib. Bu isə nəticədə Ermənistan tərəfinə bu məsələ ilə bağlı spekulyasiyalar etməyə imkan yaradıb, - guya ki, Azərbaycan nədənsə imtina edib, bu isə həqiqətəuyğun deyil.

Biz nizamlanmada ən çox maraqlı olan tərəfik, çünki işğal altında olan torpaqlar bizim ərazilərimizdir, həmin torpaqlardan didərgin düşən və öz ev-eşiklərinə qayıda bilməyən qaçqınlar da bizimdir” – deyə, Azərbaycan Prezidenti bəyan edib.

Bu hələ nə vaxtadək davam edəcək, bunu zaman göstərər. Mənim üçün hansısa proqnozları vermək çətindir. Lakin hesab edirəm ki, bu status-kvo vəziyyəti bizim üçün nə qədər çətin olsa da, Ermənistan üçün də bir o qədər təhlükəlidir.

Çünki onlar əgər heç olmasa perspektivin ortalama əmsalını bölgədəki qüvvələr nisbəti baxımından hesablasalar və ümumiyyətlə, Azərbaycanın bölgədəki vəziyyətinə və gündən-günə güclənməsinə nəzər yetirsələr, aydın olar ki, 5-10 ildən sonrakı vəziyyət onlar üçün indikindən də qat-qat ağır olacaq.

Azərbaycanla düşmənçilik etmək və torpaqlarımızı işğal altında saxlamaq onlar üçün çox çətin və müəyyən mənada çox təhlükəli olacaq.

Əgər onlar hal-hazırda Dağlıq Qarabağda məskunlaşanların orada gələcəkdə də sülh və əmin-amanlıq içərisində yaşamalarını istəyirlərsə, onlar işğalçı qüvvələrinin ərazilərimizdən çıxarılması prosesinə başlamalıdırlar”- deyə, İlham Əliyev qeyd edib.

OXŞAR XƏBƏRLƏR