İlham Əliyev: ''Bizim milli dəyərlərimiz ümumbəşəri milli dəyərlər əsasında qurulub''

İlham Əliyev:
Bütün Xəbərlər
07:50 05.10.2012
1289
“Azərbaycanda heç vaxt dini, yaxud da ki, milli zəmində qarşıdurma, anlaşılmazlıq olmamışdır və əminəm ki, olmayacaq. Multikulturalizmlə bağlı son illər ərzində dünyada müxtəlif fikirlər vardır. Bəziləri hesab edir ki, multikulturalizm iflasa uğrayıb, onun gələcəyi yoxdur. Biz isə hesab edirik ki, onun bu günü və gələcəyi var. Hamımız çalışmalıyıq ki, multikulturalizm meyillərini gücləndirmək üçün öz səylərimizi qoyaq. Bakı Beynəlxalq Humanitar Forumunun məqsədlərindən biri də məhz multikulturalizm meyillərinin gücləndirilməsidir”. ANS PRESS-in məlumatına görə, bunu İkinci Bakı Beynəlxalq Humanitar Forumunun açılış mərasimindəki çıxışında deyib. Dövlət başçısı bəyan edib ki, multikulturalizmin alternativi yoxdur. Çünki multikulturalizmin alternativi özünü təcriddir: “Biz çalışmalıyıq ki, bütün dünya xalqları bir-biri ilə əməkdaşlıq etsinlər, qarşılıqlı anlaşma güclənsin, qarşıdurmaya yol verilməsin. Bəzi hallarda təxribat xarakterli addımlar, bəyanatlar, hərəkətlər qeyri-adekvat reaksiya ilə üzləşir və beləliklə qarşıdurma, qarşılıqlı etimadsızlıq meyilləri güclənir. Biz bunu bölgəmizdə də, digər bölgələrdə də görürük. Ona görə, hesab edirəm ki, həm siyasətçilərin, həm ictimai xadimlərin, vətəndaş cəmiyyəti və media nümayəndələrinin məsuliyyəti ondan ibarətdir ki, müsbət meyilləri, müsbət təcrübəni işıqlandırmaq lazımdır. Biz fəaliyyətimizi bu müsbət təcrübə əsasında qurmalıyıq. Hesab edirəm ki, əgər bax bu yanaşma üstünlük təşkil edərsə, o zaman dünya daha da əmniyyətli olacaqdır və xalqlararası əlaqələr müsbət, sağlam zəmində qurulacaq”.“Azərbaycanda savadsızlıq yoxdur, intellektual elita formalaşır, elmin, təhsilin inkişafı sürətlə gedir” - deyən Prezident İlham Əliyevin fikrincə, təhsil hər bir cəmiyyəti irəliyə aparan amildir: “Ölkələr var ki, zəngin təbii resurslara malikdir. Ancaq intellektual səviyyə aşağı olduğu üçün o ölkələr dayanıqlı inkişafa nail ola bilməzlər. Ona görə biz Azərbaycanda təbii resurslarımızı, ilk növbədə, intellektual potensiala çevirmək üçün proqramlar tərtib etmişik və vaxtilə bəyan etdiyimiz prinsip - “qara qızılı insan kapitalına çevirmək” prinsipi bu gün artıq işləyir. Azərbaycanda gənc, istedadlı intellektual təbəqə formalaşır. Biz görürük ki, müasir yanaşma olduğu halda dərhal inkişaf da olur, tərəqqiyə meyillər də göstərilir. Təhsilin səviyyəsi yüksək olan ölkələrdə xoşagəlməz hallar da nadir hallarda olur və mübarizə sivil qaydalarla aparılır. Biz indi görürük ki, dünyanın müxtəlif yerlərində narazılıq halları artmaqdadır. Bəzi hallarda bu narazılıq çox qabarıq şəkildə özünü göstərir - toqquşmalarla, davalarla, qan tökmə ilə nəticələnir. Təhsilin, ümumi mədəniyyətin səviyyəsi yüksək olan yerlərdə isə bu, sülh xarakteri daşıyır. Biz çalışmalıyıq ki, - hər halda biz Azərbaycanda buna çalışırıq, - mədəni, sivil mübarizə yolları üstünlük təşkil etsin. Bu, bizim üçün lazımdır, bölgə üçün lazımdır. Çünki biz bu bölgədə yaşayırıq, biz adada yaşamırıq. Baxmayaraq ki, Azərbaycanda bütün işlər müsbət istiqamətdə inkişaf edir, - həm iqtisadi sahədə, siyasi islahatların aparılması sahəsində, humanitar sahədə, - yenə də biz əlbəttə ki, bu bölgədə yaşayırıq və bölgələrin problemləri bizim üçün də çox vacibdir. Çalışmalıyıq ki, xoşagəlməz meyillərin qarşısı maksimum dərəcədə alınsın və istənilən etiraz dalğaları sivil qaydalarla aparılsın”.Dövlət başçısı deyib ki, Azərbaycan nisbətən gənc müstəqil dövlətdir və müstəqilliyinin cəmi 21 yaşı var. O qeyd edib ki, bununla belə, Azərbaycan çox zəngin mədəni irsə malik olan bir ölkədir: “Bizim mədəni irsimiz dövlət tərəfindən lazımınca qorunur, beynəlxalq təşkilatlar tərəfindən qorunur. Uzun illər başqa ölkələrin tərkibində yaşamağımıza baxmayaraq, biz milli xüsusiyyətlərimizi, mənliyimizi qoruya bilmişik, milli identifikasiyamızı itirməmişik - və bunun başlıca səbəbi mədəniyyətdir. Bizim ədəbiyyatımız, incəsənətimiz, musiqimiz, ana dilimiz, milli dəyərlərimiz var. Bizim milli dəyərlərimiz ümumbəşəri milli dəyərlər əsasında qurulub. Hesab edirəm ki, qloballaşan dünyada xüsusilə gənc nəsil üçün milli mənəvi dəyərlər xüsusi rol oynayır və oynamalıdır. Hər halda biz Azərbaycanda buna böyük əhəmiyyət veririk və onu da qeyd etməliyəm ki, başqa mədəniyyətə, dinə, tarixə olan hörmət öz mədəniyyətinə, tarixinə, öz dininə olan hörmətdən başlamalıdır. Eyni zamanda, Vətənə bağlı olmayan, vətənpərvərlik hisslərindən kənar olan insanlar başqa mədəniyyətlərin nümayəndələrini də lazımi səviyyədə qəbul edə bilməzlər. Onlar, eyni zamanda, bəzi hallarda başqa mədəniyyətlərə qarşı olan, hörmətsizliyi də, əslində öz mədəniyyətinə olan hörmətsizlik əsasında qururlar. Ona görə də qloballaşan dünyada bu məsələlərə xüsusi diqqət göstərilməlidir. Çünki biz bu gün sürətli elmi-texniki tərəqqi dövründə yaşayırıq. Yeni texnologiyalar, internet və digər texnologiyalar, əlbəttə, bizim üçün çox vacibdir və Azərbaycan bu sahədə böyük uğurlara nail ola bilibdir. Azərbaycanda internet tam azaddır və internet istifadəçilərinin sayı artıq 65 faizə çatıb. Ancaq bununla bərabər, biz çox istəyirik ki, gənc nəsil milli ruhda, vətənpərvərlik ruhunda, öz tarixinə, mədəniyyətinə hörmət ruhunda böyüsün, tərbiyə alsın. Beləliklə, hesab edirəm ki, dünya üçün də və dünyada gedən proseslər üçün də bu, müsbət rol oynayacaq”.
OXŞAR XƏBƏRLƏR