Prezident İlham Əliyev “Jurnalistlərin dostu” mükafatınmın təqdimetmə mərasimində medianı ümummilli məsələlərə həssaslıqla yanaşmağa çağırıb.
AZXEBER.COM “Azərtac”a istinadən xəbər verir ki, prezident İlham Əliyevsözügedən görüşdəkı çıxışında ölkə həyatının mühüm sahələrini ətraflı dəyərləndirib.Prezident İlham Əliyev həmin tədbirdə jurnalistləri mövcud problemləri ölkə daxilində müzakirə etməyə çağırıb və qeyd edib ki, bu çağırış neqativ məqamların diqqətdən kənar buraxılması kimi başa düşülməməlidir:“Azərbaycanın problemləri ölkə daxilində müzakirə edilməlidir. Özünə hörmət edən hər bir cəmiyyət və ölkə məhz bu əsaslarla fəaliyyət göstərir.Biz bir çox hallarda inkişaf etmiş ölkələrin təcrübəsini əsas götürməyə çalışırıq. Orada da belədir. Bir neçə qonşu ölkədə də belədir. Azərbaycanda da belə olmalıdır”.İlham Əliyevin fikrincə, daxili problemlər, siyasi mübarizə ilə əlaqəli məsələlər, hakimiyyət-müxalifət münasibətləri ölkə daxilində müzakirə olunmalıdır. O cümlədən, dövlət maraqlarının təmin olunması da çatışmazlıqların aşkara çıxarılmasından keçir:“Bu məsələlər hüdudlarımızın kənarına çıxdıqda, ilk növbədə, Azərbaycan haqqında bir rəy yaranır ki, bu ölkədə bax, onlar özləri öz aralarında münasibətləri həll edə bilmirlər. Bu, ilk növbədədir.Ondan sonra bu, Azərbaycanın uğurlu inkişafını istəməyən qüvvələrə əlavə imkan, əlavə fürsət verir və bu fürsətlərdən istifadə edilir.Biz bunu bilirik. Biz bilirik hansı imkanlardan istifadə edilir ki, Azərbaycanın daxilində proseslər başqa istiqamətdə getsin.Ona görə, əgər jurnalistika ilə məşğul olan aparıcı simalar bu məsələdə də həmrəylik göstərərlərsə, hesab edirəm ki, bu, cəmiyyətimiz üçün də yaxşı olar”.Eyni zamanda, prezident İlham Əliyev qeyd edib ki, media cəmiyyətdə mövcud olan problemlərlə bağlı öz sözünü deməlidir. Prezident həmçinin ümid etdiyini bildirib ki, ölkənin dinamik və hərtərəfli inkişafı sayəsində gələcəkdə neqativ hallar da azalacaq:“Dövlət maraqlarının təmin edilməsi, o cümlədən nöqsanların aşkarlanmasından keçir.Azərbaycanda xoşagəlməz halların mövcudluğu barədə mediada kifayət qədər dolğun məlumatlar vardır.Mən bunu alqışlayıram. Xüsusilə, bürokratiya, korrupsiya, rüşvətxorluq, özbaşınalıq, yekəxanalıqla bağlı olan mövzular, araşdırmalar bizim ümumi işimizə dəstək verir.Milli mənəvi dəyərlərlə bağlı olan məsələlər, bəzi məmurlar tərəfindən bu dəyərlərə məhəl qoyulmaması - bütün bunlar diqqət çəkir.Eyni zamanda, media qurumlarının bu məsələlər ətrafında işləmələri diqqəti bu məsələlərə yönəldir və istər-istəməz müsbət təsir göstərir.Ona görə cəmiyyətin yaralarını aşkarlamaq, sağaltmaq üçün biz birlikdə çalışmalıyıq. Mən hesab edirəm ki, medianın bu funksiyası da çox önəmlidir”.Prezident İlham Əliyev çıxışının davamında Azərbaycanın inkişafı üçün dünyadakı müsbət praktikadan istifadə edildiyini və ediləcəyini diqqətə çatdırıb:“Hər halda biz buna çalışırıq, çalışmalıyıq. Bir daha demək istəyirəm ki, biz müasir dövlət qururuq.Müasir dövlət quruculuğu üçün bizim bütün imkanlarımız vardır. İlk növbədə, biz siyasi iradəmizi, müstəqil siyasətimizi davam etdirməli, eyni zamanda, dünyadakı müsbət praktikanı Azərbaycanda tətbiq etməliyik.Burada mən heç bir problem görmürəm. Bizim şəraitimizə, milli adətlərimizə uyğun ən mütərəqqi təcrübə Azərbaycanda tətbiq edilməlidir.Ona görə inkişaf etmiş ölkələrin, xüsusilə, demokratik inkişafla, media azadlıqları ilə bağlı təcrübəsi bizim üçün çox maraqlıdır, cəlbedicidir. Biz bu təcrübədən istifadə edirik və edəcəyik”.