Biz yeni bazarlara çıxmalıyıq, çünki bizdə olan qaz potensialı ancaq regional bazarla məhdudlaşa bilməz.
AZXEBER.COM xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev 21-ci Xəzər Beynəlxalq Neft və Qaz sərgisinin açılışında çıxış edərkən deyib.Dövlət başçısı qeyd edib ki, bizim üçün böyük bazarlar lazımdır və bu bazarlarda Azərbaycan qazına tələbat var.“Son illər ərzində biz bu məsələlər üzərində çox ciddi işləmişik. Cənub qaz dəhlizinin reallaşması böyük dərəcədə “Şahdəniz” yatağının işlınməsindən asılıdır. “Şahdəniz”lə bağlı bütün məsələlər öz həllini tapıb. “Şahdəniz 2” layihəsinə start verilib. TANAP layihəsi imzalanıb. Və beləliklə, bizim qarşımızda hal-hazırda heç bir maneə yoxdur”, - deyə İlham Əliyev əlavə edib.
Azərbaycan Prezidenti qeyd edib ki, uzun illər ərzində Azərbaycan qazını Avropaya nəql etmək üçün danışıqlar gedirdi, söhbətlər aparılırdı, müxtəlif konfranslar təşkil edilirdi, ancaq əfsuslar olsun ki, onların real nəticələri olmamışdı.“Biz istəyirdik ki, bu layihə reallaşsın, çünki bizim həyata keçirdiyimiz bütün layihələr vaxtında və hətta vaxtından əvvəl reallaşır. Ona görə biz heç vaxt imkan verə bilməzdik ki, Cənub qaz dəhlizi layihəsi gözəl bir layihə, ideya kimi qalsın. Ona görə həlledici anlarda biz bütün məsuliyyəti öz üzərimizə götürmüşdük. Və yeni layihənin icrası ilə bağlı öz təkliflərimizi vermişik. TANAP layihəsinə adı da biz vermişik və bu layihənin reallaşması üçün biz çox böyük səylər göstərmişik”, - deyə dövlət başçısı əlavə edib.O qeyd edib ki, nəticə etibarı ilə 2012-ci ildə Azərbaycan və Türkiyə arasında müqavilə imzalandı. Onun sözlərinə görə, bu gün TANAP layihəsi artıq reallıqdır.Azərbaycan Prezidenti TANAP layihəsinin həyata keçirilməsi üçün artıq praktiki işlərin başladığını nəzərə çatdırıb.Dövlət başçısı qeyd edib ki, bu layihəyə diqqət artmaqdadır:“Mən çox şadam ki, bizim tərəfdaşımız BP şirkəti də TANAP-ın səhmlərinə sahib olub. Beləliklə, bu böyük beynəlxalq layihə Cənub qaz dəhlizinin reallaşmasına öz həlledici təsirini göstərəcək.Əlbəttə, biz fikirləşə bilərdik ki, TANAP layihəsinin icrası ilə bağlı bütün məsələləri həll etmişik, neft hasilatı sabitdir, ixrac imkanları genişdir, qaz bazarına da çıxmışıq. Ancaq biz çalışırıq ki, maksimum dərəcədə beynəlxalq əməkdaşlığı genişləndirək və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi üçün öz dəstəyimizi verək”.İlham Əliyev qeyd edib ki, bu məqsədlə keçən il TransAdriatik qaz kəmərinin (TAP) reallaşması üçün bütün məsələlər öz həllini tapdı.O, Bakıdan Avropaya qədər (İtaliyaya qədər) yeni böyük qaz kəmərinin tikiləcəyini bildirib.Dövlət başçısının sözlərinə görə, TAP layihəsi də əməkdaşlığın yeni formatına gətirib çıxarır.Azərbaycan Prezidenti əlavə edib ki, burada bütün ölkələr arasında çox ciddi koordinasiya işləri aparılmalıdır.“Çünki bu günə qədər bütün layihələri əsasən 3 ölkə - Azərbaycan, Gürcüstan, Türkiyə arasında həll etmişik. Bu gün isə bir neçə Avropa ölkəsi bizim layihələrimizə qoşulur. Bu ölkələr arasındakı qarşılıqlı inam, koordinasiya və qarşılıqlı fəaliyyət bu layihələrin uğurlu reallaşmasına gətirib çıxaracaq.Azərbaycan Prezidenti layihələrin uğurla reallaşacağına əmin olduğunu qeyd edib. O bildirib ki, Azərbaycanın böyük təcrübəsi var.Dövlət başçısı artıq bir neçə kəmərin tikildiyini xatırladıb.“Ümid edirəm ki, beynəlxalq əməkdaşlıq nəticəsində bu layihə də vaxtında öz həllini tapacaq. Beləliklə, Avropa üçün yeni qaz mənbəyi təmin ediləcək. Onu da qeyd etməliyəm ki, TANAP və TAP layihələri Avropaya yeni mənbədən qazı gətirəcək. Bu sadəcə olaraq yeni marşrut deyil, yeni marşrut və həm də yeni mənbədir. Bu layihənin xüsusiyyəti ondan ibarətdir”, - deyə İlham Əliyev bildirib.Onun sözlərinə görə, bu layihənin həcmi də çox böyükdür.Dövlət başçısı qeyd edib ki, ilkin hesablamalara görə 45 milyard dollar vəsait nəzərdə tutulur:“Azərbaycan öz maliyyə imkanlarını ortaya qoyub. TANAP layihəsində səhmlərin böyük hissəsi Azərbaycana məxsusdur. Yəni Azərbaycan ən böyük investordur. TAP layihəsində və “Şahdəniz” layihəsində də iştirak edirik, Azərbaycan həm siyasi iradəsini ortaya qoyur, öz düşünülmüş neft strategiyasını həyata keçirir, eyni zamanda öz maliyyə resurslarını da təmin edir”.Azərbaycan Prezidenti qeyd edib ki, maliyyə resurslarının mənbəyi də yenə də neft sənayesi olub.“Əldə edilmiş gəlirlər xalqın rifah halının yaxşılaşmasına, infrastuktur layihələrinin icrasına və ölkənin inkişafına yönəldilib. Bizim vəsaitimiz ildən-ilə artır. Və şəffaflıq bizim üçün ən böyük prioritetdir. Əgər şəffaflıq təmin edilməsəydi, biz bu qədər vəsaiti yığa bilməzdik. Bu gün neft-qaz sektorunda və hasilat sənayesində şəffaflıq layihələrində Azərbaycanın iştirakı bizə imkan verir ki, biz böyük maliyyə resurslarına sahib olmuşuq və ondan səmərəli şəkildə istifadə edirik.Həm ölkə daxilində həllini gözləyən layihələrə, insanların sosial rifahının yaxşılaşmasına və “Şahdəniz 2”, TANAP, TAP kimi qlobal layihələrə biz öz vəsaitimizi təmin edirik” - deyə, İlham Əliyev əlavə edib.O çıxışında qeyd edib ki, bu layihələr Azərbaycanın gücünü daha da artıracaq.İlham Əliyev vurğulayıb ki, Azərbaycan əlbəttə ki, sürətlə inkişaf edən ölkədir:“Ancaq “Şahdəniz 2” layihəsi bundan sonra uzun müddətli dayanıqlı inkişafımızı təmin edəcək. Milyardlarla dollar investisiya qoyulacaq, yüzlərlə və bəlkə də minlərlə Azərbaycan şirkəti podatçı kimi çalışacaq. Bu öz növbəsində minlərlə yeni iş yerlərinin açılmasına gətirib çıxaracaq. Ölkəmizin qeyri-neft sektoru inkişaf edəcək, çünki tikinti quraşdırma, infrastruktur layihələrində qeyri-neft sektorunun inkişafı təmin ediləcək. Bizim də əsas məqsədimiz bundan ibarətdir ki, biz qeyri-neft sektorumuzu inkişaf etdirək və son illərin nəticələri bunu göstərir”.İlham Əliyev vurğulayıb ki, Azərbaycanın qeyri-neft sektoru hər il ən azı 9-10% artır.Onun sözlərinə görə, beləliklə ölkə iqtisadiyyatının şaxələndirilməsi təmin edilir.Dövlət başçısı onu da əlavə edib ki, bu gün iqtisadi vəziyyətimizin əsas təməli 1994-cü ildə qoyulub:“Bunu biz unutmamalıyıq və yadda saxlamalıyıq. Bizim bütün uğurlarımızın başlanğıcı məhz 94-cü ildə “Əsrin müqaviləsi”nin imzalanmasından sonra və bu sərginin təşkil edilməsindən sonra başlayıb. Biz isə bu vəziyyətdən çox böyük səmərə ilə istifadə etdik. Neft kapitalını insan kapitalına çevirdik. Bu gün Azərbaycan tərəfdən qoyulan investisiyalar ölkəmizin ümumi inkişafını təmin edir. Təhsilə qoyulan investisiyalar, müasir texnologiyalar, kosmik sənayeyə, digər sahələrə qoyulan sərmayə ölkəmizi gələcəyə aparır. Bizim maliyyə vəziyyətimiz çox sabitdir”.Dövlət başçısı qeyd edib ki, iqtisadi islahatlar baxımından Azərbaycan son illər ərzində uğurlu yol keçib:“Bizim xarici borcumuz ümumi daxili məhsulun 8%-ni təşkil edir. İşsizlik 5% səviyyəsindədir. Valyuta ehtiyatlarımız ÜDM-in 70%-ni təşkil edir. Ölkəmizin rəqabət qabiliyyətliliyi artır. Davos ümumdünya iqtisadi forumunun hesablamalarına görə, rəqabət qabiliyyətliliyə görə Azərbaycan iqtisadiyyatı dünyada 39-cu yerddir. Bütün bunlara biz islahatların aparılması ilə nail ola bilmişik. Acaq əgər neft faktoru, bizim zəngin yataqlarımız, resurslarımız olmasaydı və biz onlardan səmərəli şəkildə istifadə etməsəydik, buna nail olmaq üçün çox vaxt lazım olacaqdı. Ona görə biz keçmişə böyük hörmətlə yanaşırıq, bizim dostlarımızın, tərəfdaşlarımızın, həm xarici neft şirkətlərinin, həm də bu sərgini təşkil edənlərin fəaliyyətini yüksək qiymətləndiririk”.Dövlət başçısının sözlərinə görə, bu bizim ümumi uğurumuza gətirib çıxardır və bunun nəticəsidir ki, bu gün sərgidə 400-dən artıq şirkət iştirak edir.