Azərbaycan prezidenti İlham Əliyev “Körpülərin salınması” beynəlxalq konfransında iştirak etmək üçün Bakıya gələn Avropa Komissiyasının sabiq prezidenti Jak Santeri, Fransanın sabiq nəqliyyat naziri, deputat Tierri Marianini, Türkiyənin sabiq baş naziri Məsud Yılmazı, Niderlandın sabiq müdafiə naziri Villem Van Eekeleni, Sloveniyanın sabiq xarici işlər naziri, Avropa Parlamentinin deputatı İvo Vayqlı, Sloveniyanın sabiq iqtisadi inkişaf naziri Mitya Qasparini, Almaniyanın sabiq nəqliyyat və infrastruktur naziri Kurt Bodeviqi, Danimarka şahzadəsi Kristian zu Şambur-Lippeni və Avropa Məsələləri üzrə İnstitutun İdarə Heyətinin sədri Yurgen Qramkeni qəbul edib. Prezident qonaqları salamlayaraq onları Azərbaycanda görməyə çox şad olduğunu deyib: “Ümid edirəm ki, ölkəmizdə vaxtınız xoş keçəcək. Bilirəm ki, siz bu gün “Körpülərin salınması” mövzusunda konfransda iştirak edirsiniz. Düşünürəm ki, konfrans üçün gözəl mövzu seçilib və Azərbaycanda gedən prosesləri əks etdirir. Fikrimcə, körpülərin salınması bizim regionda, dünyada və müxtəlif mədəniyyətlər arasında xarici siyasətimizin əhəmiyyətli istiqamətlərindən biridir. Sizin əksəriyyətiniz artıq ölkəmizdə olmusunuz və Azərbaycanın qədim tarixi və bugünkü inkişafından məlumatlısınız. Mən çox şadam ki, müxtəlif ölkələrdən olan insanlar burada bir araya gəlib”.
“Biz əsas diqqəti körpülərin necə qurulmasına, qarşılıqlı etimadın artırılmasına yönəltməliyik” deyən prezident İlham Əliyev bildirib ki, regionda mühüm rol oynayan Azərbaycanın qədim tarixi və bugünkü inkişafı aydın şəkildə göstərir ki, qarşılıqlı anlaşma ancaq qarşılıqlı etimad və hörmət əsasında yaradılmalıdır. Dövlət başçısı vurğulayıb ki, ölkəmizdə bütün xalqlar və müxtəlif dini etiqadların nümayəndələri əsrlər boyu bir ailə kimi yaşayıb və xalqımız bununla fəxr edir.
İlham Əliyev ölkəmizin ümumi inkişafının müsbət olduğunu, siyasi və iqtisadi islahatların aparılmasında böyük nailiyyətlər əldə edildiyini diqqətə çatdırıb. Avropa strukturları ilə əməkdaşlığın uğurlu olduğunu deyən dövlət başçısı Azərbaycanın bu sahədə bundan sonra daha çox tərəqqiyə ümid etdiyini və bir-birimizin maraqlarını əhəmiyyətli dərəcədə dəstəkləyə biləcəyimizi söyləyib: “Biz siyasi transformasiya, siyasi islahatlar, enerji təhlükəsizliyi, daşıma infrastrukturu və humanitar sahələrdə mühüm işlər görürük. Bununla yanaşı, biz Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin Əfqanıstanda apardığı əməliyyatlarda fəal iştirak edirik. Əminəm ki, siz görüşləriniz zamanı maraqlı müzakirələr aparacaqsınız. Ümid edirəm ki, Azərbaycanla bağlı daha çox məlumat almaq və bu inkişafı görmək imkanınız olacaq”.
Avropa Məsələləri üzrə İnstitutun idarə heyətinin sədri Yurgen Qramke Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası və Avropa Məsələləri İnstitutunun təşəbbüsü ilə Bakıda keçirilən “Körpülərin salınması” mövzusunda beynəlxalq konfransın yüksək səviyyədə hazırlandığını qeyd edib və onun fəaliyyət istiqamətlərinə toxunaraq deyib: “Bizim əsas fəaliyyət istiqamətlərimiz bunlardır. Birincisi imic, digər istiqamət infrastruktur, üçüncüsü bütün bunların beynəlxalq səviyyədə təqdim olunması, sonuncusu isə innovasiyadır. Biz dörd panel - siyasi məsələlər, iqtisadiyyat, idman və təhsil panellərini keçirəcəyik. Qeyd etdiyim kimi, biz bunları beynəlxalq səviyyədə təqdim etmək fikrindəyik. Siz beynəlxalq səviyyədə körpülərin qurulması istiqamətində addım-addım irəliləyirsiniz. Düşünürəm ki, siyasi, iqtisadi, idman və təhsil sahələri olduqca əhəmiyyətlidir. Bəzilərimiz ilk dəfədir ki, Bakıdayıq. Biz Sizə, Sizin fəaliyyətinizə və xalqınıza ən böyük arzularımızı çatdırırıq, biz burada çox gözəl vaxt keçirdik”.
Görüşdə həmçinin qonaqlar Dağlıq Qarabağ problemi barədə məlumatlandırılıb. Regionda sülh və sabitliyin təmin olunmasına toxunan prezident İlham Əliyev qeyd edib ki, nə sülh, nə də müharibə şəraiti həmişəlik davam edə bilməz.
“20 ildir ki, beynəlxalq vasitəçi qrup fəaliyyət göstərir. Heç bir nəticə yoxdur. 18 ildir ki, regionda ancaq kövrək sülhün qorunmasına yardım edən atəşkəs rejimi hökm sürür. Amma məsələnin ən əhəmiyyətli tərəfi ondan ibarətdir ki, biz BMT TŞ-nin işğalçı erməni birləşmələrinin torpaqlarımızdan dərhal və qeyri-şərtsiz çıxarılmasını tələb edən qətnamələrinin yerinə yetirilməsinə nail ola bilmirik. Bu, həqiqətən də çox təhlükəli vəziyyətdir. Nə sülh, nə də müharibə şəraiti həmişəlik davam edə bilməz. Lakin ermənilər bu status-kvonu möhkəmlətmək istəyirlər, heç nəyi dəyişmək istəmirlər. İşğal olunmuş əraziləri boşaltmaq fikrində deyillər. Onlar həmsədr ölkələrin - Fransa, Rusiya və ABŞ liderlərinin onlara ünvanlanan ismarıclarına qulaq asmırlar. Onlar aydın şəkildə ismarıc göndəriblər ki, status-kvo qəbuledilməzdir və dəyişməlidir. Status-kvonu dəyişmək üçün onlar geri çəkilməlidirlər. Bu, həqiqətən də regional sabitlik və təhlükəsizlik üçün ən ciddi problemdir. Çünki, münaqişə dondurulmayıb, amma sülh olduqca kövrəkdir”, - deyə dövlət başçısı vurğulayıb.