Silahlı Qüvvələr Dağlıq Qarabağda və işğal edilmiş torpaqlarda Azərbaycanın suverenliyini bərpa etməyə hazırdır”
“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bütün beynəlxalq tədbirlərdə mən sözlərimi demişəm, Ermənistanın işğalçı siyasətini ifşa etmişəm. Bundan sonra da bütün beynəlxalq tədbirlərdə Ermənistanın işğalçı siyasətini ifşa edəcəyəm”. AZXEBER.COM-un məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında deyib. Onun sözlərinə görə, münaqişənin həlli ilə bağlı rəsmi Bakının prinsipial mövqeyi dəyişməz olaraq qalır. Dövlət başçısı bəyan edib ki, Azərbaycanın ərazi bütövlüyü qeyd-şərtsiz bərpa edilməli, işğalçı qüvvələr torpaqlarımızdan geri çəkilməlidir: “Beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyümüz tam şəkildə bərpa ediləcək. Mən buna şübhə etmirəm. Biz həm iqtisadi sahədə, həm beynəlxalq aləmdə güclənirik. Hərbi potensialımız da güclənir. Bu sahəyə daim böyük diqqət göstərilir və göstəriləcək. Biz güclü hərbi sənaye yaradırıq, eyni zamanda, böyük həcmdə hərbi texnika, silah, sursat alırıq və alacağıq”. “Mən hələ hava hücumuna qarşı silahlardan danışmıram, tanklar, artilleriya qurğuları, döyüş təyyarələri, müxtəlif silahlar, döyüş aparmaq üçün lazım olan bütün müasir ləvazimatlar alınır və alınacaq. Deyə bilərəm ki, hər bir yerdə olduğu kimi, bu sahədə də biz şaxələndirilmiş siyasət aparırıq, bir istehsalçıdan asılı deyilik. Bu sahədə bizimlə əməkdaşlıq etmək istəyən ölkələrin sayı artır və imkanımız var. Biz bəzi başqa ölkələrdən fərqli olaraq heç nəyi müftə almırıq, pulla alırıq və bu siyasət davam edəcək”, - Azərbaycan prezidenti deyib. İlham Əliyevin sözlərinə görə, Azərbaycanın artıq güclü ordusu var: “Bütün silahlı qüvvələr bu gün istənilən vəzifəni - ölkəmizin bütün maraqlarını müdafiə etmək üçün hazırdırlar, buna qadirdirlər. Dağlıq Qarabağda və işğal edilmiş torpaqlarda Azərbaycanın suverenliyini bərpa etməyə hazırdırlar. Sadəcə olaraq biz istəyirik ki, bunu qan tökülmədən, sülh, danışıqlar yolu ilə edək və hər an, hər gün biz qələbəyə yaxınlaşırıq. Hər gün Ermənistan daha da böyük tənəzzülə uğrayır, Azərbaycan daha da güclənir. Biz hər gün qələbə gününü yaxınlaşdırırıq. Gün gələcək Azərbaycan bayrağı Xankəndidə və Şuşada dalğalanacaq”.