İlham Əliyev "Həştərxan şəhərinin fəxri vətəndaşı" diplomuna layiq görülüb
Bütün Xəbərlər
23:09 30.11.2011
1621
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Rusiya Federasiyasının Həştərxan şəhərinin meri Sergey Bojenovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Həştərxan şəhərinin meri Sergey Bojenov böyük nümayəndə heyəti ilə Azərbaycana növbəti dəfə səfər etməsindən məmnunluğunu bildirib. O, Həştərxan şəhər dumasının qərarı ilə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin “Həştərxan şəhərinin fəxri vətəndaşı” diplomuna layiq görüldüyünü deyib və “Həştərxan şəhərinin fəxri vətəndaşı” diplomunu və medalını dövlət başçısına təqdim edib. Sergey Bojenov “Həştərxan şəhərinin fəxri vətəndaşı” diplomuna bu yaxınlarda Rusiya Federasiyasının baş naziri Vladimir Putinin də layiq görüldüyünü vurğulayaraq Azərbaycan prezidentinin və Rusiyanın baş nazirinin rəhbərlik etdiyi şəhərin fəxri vətəndaşı olmasından qürur hissi keçirdiyini deyib. Dövlət başçısı isə “Həştərxan şəhərinin fəxri vətəndaşı” diplomu ilə təltif edilməsi ilə bağlı qəbul olunan qərara görə Həştərxan Şəhər Dumasına və şəhər rəhbərliyinə təşəkkürünü bildirib. Azərbaycan ilə Rusiya Federasiyası arasında münasibətlərin, o cümlədən ölkələrimizin şəhərləri arasında əlaqələrin uğurlu inkişafından məmnunluğunu bildirən prezident İlham Əliyev bu baxımdan Bakı ilə Həştərxan arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıb.