İlham Əliyev Çin Baş prokurorunu qəbul etdi - FOTOLAR

İlham Əliyev Çin Baş prokurorunu qəbul etdi - FOTOLAR
SİYASƏT
14:04 02.09.2026
306
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Çin Xalq Respublikasının Ali Xalq Prokurorluğunun Baş prokuroru Yinq Yonqun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZXEBER.COM xəbər verir ki, nümayəndə heyətinə Şanxay şəhərinin prokuroru Çen Yong, Ciangsu əyalətinin prokuroru Çjao Tyeşi və Qansu əyalətinin prokuroru Şen Cian daxildir.

Görüşdə çıxış edən Prezident İlham Əliyev dedi:

- Xoş gəlmisiniz. Bilirəm ki, səfəriniz yekunlaşır. Siz Azərbaycana çox vacib səfər edirsiniz. Əminəm ki, səfəriniz çox uğurlu idi. Bu səfər münasibətlərimizin bütün sahələrdə daha da inkişafına xidmət edəcək. Ümid edirəm ki, siz ölkəmizdən xoş təəssüratlarla ayrılacaqsınız. Biz sizin səfərinizi strateji tərəfdaşlıq münasibətləri çərçivəsində çox əhəmiyyətli hesab edirik.

Bildiyiniz kimi, aprel ayndan etibarən Çin və Azərbaycan artıq hərtərəfli strateji tərəfdaşlıq çərçivəsində fəaliyyət göstərir. Ötən il ölkənizə dövlət səfərimdə mənə göstərilən qonaqpərvərliyi böyük minnətdarlıq hissi ilə xatırlayıram. Çin Xalq Respublikasının Sədri Si Cinpin və digər yüksəksəviyyəli rəsmilərlə müzakirələrim bir daha göstərir ki, hər iki ölkə bir-birini çox yaxşı dost hesab edir.

Biz Çin şirkətlərində Azərbaycanda fəaliyyət göstərmək üçün böyük marağın olduğunu görməyə çox şadıq. Aprel ayından etibarən ölkələrimiz arasında fasiləsiz qarşılıqlı gediş-gəliş var. Çin şirkətləri həm investor, həm də podratçı qismində Azərbaycanda layihələrdə fəal iştirak edirlər. Bir çox vacib layihələr artıq icra olunub, lakin bir çoxları da icra mərhələsindədir.

Əlbəttə ki, hər iki ölkənin suverenliyinə və ərazi bütövlüyünə güclü qarşılıqlı dəstəyi Çinin və Azərbaycanın beynəlxalq hüquq normalarına sadiq olduğunu əyani şəkildə göstərir. Dünən "ŞƏT plyus” formatında Bişkekdə keçirilən yüksəksəviyyəli görüşdə Sədr Si Cinpin hüquq normaları, davranış qaydaları, beynəlxalq münasibətlər, qlobal xəritədə hər bir ölkənin bərabər olması haqqında danışdı. Biz bu çox aydın baxışla tam razıyıq. Qarşılıqlı dəstək, bir-birinin daxili məsələlərinə qarışmama, dünya miqyasında hər bir ölkənin bərabər şəkildə təmsil olunması və qarşıdurmaya yox, əməkdaşlığa yönəlmiş siyasət bizim strategiyaya tamamilə uyğundur.

Əlbəttə ki, əməkdaşlığımızın vacib seqmenti bağlantıdır. Sədr Si Cinpinin təşəbbüsü ilə həyata keçirilən "Bir kəmər, bir yol” layihəsi Azərbaycan tərəfindən tamamilə dəstəklənir. Biz bunu təkcə bəyanatlarla deyil, praktiki addımlarla göstəririk. Bu gün Mərkəzi Asiya, Azərbaycan və Çin arasında bağlantı qlobal əməkdaşlığın, təhlükəsizliyin mühüm amilidir. Keçən ay mən Mərkəzi Asiyanın iki ölkəsinə dövlət səfəri etdim. Növbəti ay mən Mərkəzi Asiyanın üçüncü bir ölkəsini ziyarət edəcəyəm və əlbəttə ki, bizim danışıqların mühüm hissəsi bağlantı mövzusudur. Burada Çin yüklərin həcmi nöqteyi-nəzərdən əsas oyunçudur.

Biz sizin birbaşa məsul olduğunuz sahədə əməkdaşlıq və güclü tərəfdaşlıq üçün böyük potensial görürük. Mən şadam ki, həmkarlarınızla danışıqlar aparmaq, ölkə ilə tanış olmaq və Azərbaycanı daha yaxından tanımaq üçün burada bir neçə gün keçirəcəksiniz.

Nəhayət sonuncu məsələ dostluğun və qarşılıqlı etimadın əlaməti ilə bağlıdır. Bu da hər iki ölkəyə səfərlər üçün viza tələbinin aradan qaldırılmasıdır. İndi bizim vətəndaşlar hər hansı bir viza tələbi olmadan səyahət edə bilərlər. Bu da dostluğun çox mühüm əlamətidir. Sizə ən xoş arzularımı çatdırır, ölkənizə sağ-salamat qayıtmağınızı arzulayıram.

Sonra Çin Ali Xalq Prokurorluğunun Baş prokuroru Yinq Yonq çıxış edərək dedi:

- Zati-aliləri, cənab Prezident İlham Əliyev.

Mən Baş prokuror Kamran Əliyevin dəvəti ilə Azərbaycana səfərə gələn prokurorlardan ibarət Çin nümayəndə heyətinə rəhbərlik edirəm. Baş prokuror Kamran Əliyev bizim prokurorluq orqanları ilə mübadiləyə və əməkdaşlığa çox böyük önəm verir, dostluğu və əməkdaşlığı gücləndirmək üçün hər iki prokurorluq orqanlarını güclü təşviq edir.

Bu səfərdə mən Azərbaycana gələn nümayəndə heyətinə rəhbərlik edirəm. Bu, iki lider arasında hərtərəfli strateji tərəfdaşlığın təşviqi məqsədilə mühüm ortaq anlaşmanı həyata keçirmək və iki ölkənin prokurorluq orqanları, məhkəmə sistemləri arasında əməkdaşlığı gücləndirmək üçün atılan konkret addımdır.

İki gün əvvəl mən Milli Məclisin sədri Sahibə Qafarova, Baş prokuror Kamran Əliyev və Ali Məhkəmənin sədri İnam Kərimovla görüşdüm. Görüşlərimiz çox məhsuldar oldu. "ŞƏT plyus” formatında keçirilən tədbirdə iştirakınızdan sonra məni və nümayəndə heyətimi qəbul etmək üçün dəyərli vaxtınızı ayırmağınız məni məmnun edir. Mən buna görə Sizə prokurorluq orqanları adından və öz adımdan səmimi minnətdarlığımı ifadə etmək istəyirəm.

Səfərdən əvvəl Sədr Si Cinpinə Azərbaycana səfər çərçivəsində nümayəndə heyətimizin tərəfinizdən qəbul olunacağı barədə məruzə etdim. Sədr Si Cinpin səmimi salamlarını və arzularını Sizə çatdırmağımı məndən xahiş etdi.

Cənab Prezident, Çin və Azərbaycan səmimi dostlar, bərabərhüquqlu tərəfdaşlar və qarşılıqlı faydaya əsaslanan əməkdaşlıq quran ölkələrdir. Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev iki ölkə arasında dostluq münasibətlərinin möhkəm təməlini qoyub. İki ölkə arasında diplomatik münasibətlər qurulduqdan sonra hər iki ölkə qarşılıqlı hörmət, ədalət, bərabərlik və əməkdaşlıq prinsiplərinə, həmçinin qarşılıqlı faydaya əsaslanan münasibətlərə sadiq qalaraq, dərin dostluğun və qarşılıqlı etimadın formalaşmasına nail olub.

Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Sədr Si Cinpinə çatdırmağı xahiş etdi.

 

 

 

 

 

 

 

 

 



OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
100 manatlıq əsginaslar illər ərzində necə dəyişib?- FOTOLAR
15:53 02.09.2026
100 manatlıq əsginaslar illər ərzində necə dəyişib?- FOTOLAR
Sılanın sevgilisi ilə yaxtada istirahət - FOTOLARI
15:43 02.09.2026
Sılanın sevgilisi ilə yaxtada istirahət - FOTOLARI
Magistraturada bəzi ixtisaslarda yerlərin 50%-i boş qaldı – DİM sədri
15:39 02.09.2026
Magistraturada bəzi ixtisaslarda yerlərin 50%-i boş qaldı – DİM sədri
MİDA adından saxta müqavilələr hazırlayan qadınlar ifşa edildi - VİDEO
15:35 02.09.2026
MİDA adından saxta müqavilələr hazırlayan qadınlar ifşa edildi - VİDEO
Gələcəkdə dəyərlənəcək investisiyanı hara edək? – ƏSAS MƏQAMLAR
15:31 02.09.2026
Gələcəkdə dəyərlənəcək investisiyanı hara edək? – ƏSAS MƏQAMLAR
"Dövlətin həkimə qayğısı, əslində, insan sağlamlığına və cəmiyyətin gələcəyinə qayğıdır"
15:29 02.09.2026
"Dövlətin həkimə qayğısı, əslində, insan sağlamlığına və cəmiyyətin gələcəyinə qayğıdır"
Vətəndaş bu səbəbdən öz mənzilinə girə bilmir: Bina rəhbərliyinin məsuliyyəti nədir?
15:22 02.09.2026
Vətəndaş bu səbəbdən öz mənzilinə girə bilmir: Bina rəhbərliyinin məsuliyyəti nədir?
"Çevik" ləqəbli "tiktok"çu döyüldü - Saxlanılan var
15:16 02.09.2026
"Çevik" ləqəbli "tiktok"çu döyüldü - Saxlanılan var
Aygün Kazımova ilə Namiq Qaraçuxurlunun layihəsi ona tapşırıldı
15:12 02.09.2026
Aygün Kazımova ilə Namiq Qaraçuxurlunun layihəsi ona tapşırıldı
Nəhəng platformalar Rusiyada cərimələndi: Milyonlarla rubl ödəyəcəklər
15:04 02.09.2026
Nəhəng platformalar Rusiyada cərimələndi: Milyonlarla rubl ödəyəcəklər
Çin avtomobilləri ilə bağlı xəbərdarlıq - Sonradan bu problemlər ortaya çıxır
14:59 02.09.2026
Çin avtomobilləri ilə bağlı xəbərdarlıq - Sonradan bu problemlər ortaya çıxır
Bakıda ev alarkən bu ərazilərdən uzaq durmaq lazımdır
14:54 02.09.2026
Bakıda ev alarkən bu ərazilərdən uzaq durmaq lazımdır
Ərdoğandan Yunanıstana sərt xəbərdarlıq - Türkiyə hansı addım atacaq?
14:50 02.09.2026
Ərdoğandan Yunanıstana sərt xəbərdarlıq - Türkiyə hansı addım atacaq?
Bakıda “cin çıxaran” qadın saxlanıldı
14:47 02.09.2026
Bakıda “cin çıxaran” qadın saxlanıldı
Prezident BMT-nin rezident əlaqələndiricisini qəbul etdi - FOTOLAR
14:32 02.09.2026
Prezident BMT-nin rezident əlaqələndiricisini qəbul etdi - FOTOLAR
“Əməkhaqqı artımı tibb xidmətinin keyfiyyətinə də təsir edəcək” – Deputat
14:17 02.09.2026
“Əməkhaqqı artımı tibb xidmətinin keyfiyyətinə də təsir edəcək” – Deputat