İlham Əliyev: 'İslam müqəddəslərinin təhqir edilməsi bizi hiddətləndirir'
Bütün Xəbərlər
12:16 16.10.2012
925
Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının inkişafı üçün, üzv ölkələr arasında dostluq, qardaşlıq münasibətlərinin inkişafı üçün əlindən gələni edəcək. AZXEBER.COM xəbər verir ki, bunu İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Bakı sammitində çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev deyib. Dövlət başçısı qeyd edib ki, 1992-ci ildə ECO-ya 7 yeni üzv, o cümlədən Azərbaycan qəbul olunub: “Azərbaycan bu təşkilata böyük önəm verir. Bu təşkilat bütün üzv olan ölkələrin marağındadır”. İlham Əliyev qeyd edib ki, təşkilata üzv olan ölkələri ortaq tarix birləşdirir. Prezident vurğulayıb ki, üzv ölkələri ümumi dəyərlər, o cümlədən İslam dini birləşdirir: “Bakı İslam mədəniyyəti paytaxtı elan edilmişdi. 2018-ci ildə bu status Azərbaycanın digər qədim şəhəri olan Naxçıvana veriləcək. Hesab edirəm ki, bu bizə olan etimadın göstəricisidir”. Azərbaycan Prezidenti vurğulayıb ki, bəzi ölkələrdə olan islamafobiya bizi narahat edir: “İslam müqəddəslərinin təhqiri bizi hiddətləndirir. Biz İslamı sülh və mərhəmət dini kimi daha da geniş təbliğ etməliyik və bu, bizim fəaliyyətimizin əsası olmalıdır”. İlham Əliyev qeyd edib ki, ECO-ya üzv olan dövlətlər bir-birini digər beynəlxalq təşkilatlar çərçivəsində dəstəkləməlidirlər: “Bu təşkilata daxil olan ölkələrin dəstəyi ilə Azərbaycan 2011-ci ildə BMT Təhlükəsizlik Şurasına üzv seçildi. Azərbaycan da öz növbəsində digər ölkələrə yardım edir və bundan sonra da edəcək”. Dağlıq Qarabağ münaqişəsinə toxunan Azərbaycan Prezidenti bu məsələdə ECO-ya üzv olan ölkələrin mövqeyinə görə minnətdarlıq bildirdi: “Uzun illərdir beynəlxalq birlik tərəfindən tanınmış ərazilərimizin bir hissəsi işğal olunub. Bir milyon qaçqın və məcburi köçkünümüz var. Bizə qarşı etnik təmizləmə siyasəti həyata keçirilib. 1992-ci ildə Xocalıda faciə törədilib, yüzlərlə günahsız insan, o cümlədən qadın və uşaqlar qətlə yetiriliblər. Bunu soyqırımı kimi dünyada tanıyan 3 ölkədən biri, ECO-ya üzv olan Pakistandır və onlara bu ədalətli mövqelərinə görə minnətdarlığımızı bildiririk”.