İlham Əliyev Koreyanın yeni səfirini qəbul etdi

İlham Əliyev Koreyanın yeni səfirini qəbul etdi
Bütün Xəbərlər
18:51 13.09.2012
1001
Azərbaycan prezidenti İlham Əliyev Koreya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Çoi Suk-İnin etimadnaməsini qəbul edib. Səfir Çoi Suk-İn fəxri qarovul dəstəsinin qarşısından keçib. Səfir etimadnaməsini prezident İlham Əliyevə təqdim edib.
Sonra Azərbaycan prezidenti İlham Əliyev səfirlə söhbət edib. Azərbaycan Respublikası ilə Koreya Respublikası arasında fəal siyasi əlaqələrin mövcud olduğunu vurğulayan dövlət başçısı ölkələrimiz arasında iqtisadi, mədəni, neft-kimya, enerji, nəqliyyat, turizm və digər sahələrdə əməkdaşlığın yaxşı səviyyədə olduğunu deyib. Azərbaycanda çoxlu sayda Koreya şirkətlərinin fəaliyyət göstərdiyini qeyd edən dövlət başçısı ölkələrimiz arasında qısa müddət ərzində möhkəm tərəfdaşlıq əlaqələrinin qurulduğunu bildirib. Koreya Respublikasına səfərlərini xatırlayan prezident İlham Əliyev münasibətlərimizin genişləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd edib. Səfirə fəaliyyətində uğurlar arzulayan dövlət başçısı ikitərəfli əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminliyini ifadə edib.
Səfir Çoi Suk-İn Koreya Respublikasının prezidenti Li Men Bakın salamlarını dövlət başçısına çatdırıb. O, Azərbaycandakı diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini deyib.
Dövlət başçısı prezident Li Men Bakın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Koreya Respublikasının dövlət başçısına çatdırmağı xahiş edib.
OXŞAR XƏBƏRLƏR