Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır, onun rifahı, onun sağlamlığıdır.
AZXEBER.COM xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının açılışında çıxış edərkən deyib.“Bu gün Azərbaycanın müxtəlif yerlərində keyfiyyətli tibbi xidmət almaq üçün bütün şərait vardır. Xüsusilə cənub zonasında demək olar ki, bütün rayonlarda xəstəxanalar, diaqnostika mərkəzləri tikilib, yaxud da ki, əsaslı şəkildə təmir edilib”.Dövlət başçısı qeyd edib ki, bütün işlər, iqtisadi-sosial, infrastruktur layihələri ardıcıl şəkildə aparılır.“Mənə verilən məlumata görə, qazlaşdırma prosesi də gedir. Düzdür, rayon hələ ki, tam şəkildə qazlaşdırılmayıbdır, ancaq hesab edirəm ki, yaxın bir il ərzində bütün kəndlər, şəhər də daxil olmaqla yüz faiz qazlaşdırılmalıdır.İçməli su layihəsi gələn ilin sonuna qədər başa çatacaqdır, Cəlilabad şəhərinin təmiz içməli su ilə təminatı həll ediləcəkdir. Tibb mərkəzləri. Yəni, rayonda bütün sosial infrastruktur yenilənir, tikilir və bundan sonra da biz bu siyasəti davam etdirəcəyik”.İlham Əliyev vurğulayıb ki, Cəlilabad böyük rayondur, əhalisi də çoxdur.“Əlbəttə ki, rayonun sosial-iqtisadi inkişafı ilə bağlı tədbirlər görülür, vaxtaşırı Prezidentin ehtiyat fondundan vəsait ayrılır, dövlət investisiya proqramında məsələlər öz həllini tapır. Növbəti illər üçün Cəlilabadda bu günə qədər həll edilməyən məsələlər də öz həllini tapacaqdır.Xüsusilə biz müxtəlif layihələri gələn ilin investisiya proqramına salacağıq. Gələn il növbəti regional inkişaf proqramı qəbul ediləcəkdir ki, oraya da bu günə qədər görə bilmədiyimiz məsələlər salınacaqdır.Rayonun hərtərəfli inkişafı ilə bağlı kompleks tədbirlər görülür və qeyd etdiyim kimi, səhiyyə, təhsil, infrastruktur, iqtisadi inkişafla bağlı bütün məsələlər öz həllini tapır.Deyə bilərəm ki, son illərdə Cəlilabadda görülən işlər ölkəmizin ümumi dinamikasını göstərir.
Mən son 10 il ərzində Prezident kimi dəfələrlə Cəlilabadda olmuşam, əvvəlki dövrlərdə də olmuşam. Amma Prezident kimi bu, mənim altıncı səfərimdir. Demək olar ki, rayonda iki ildən bir, bəlkə ondan da tez oluram. Keçən il də olmuşam.Əlbəttə ki, bu səfərlər imkan verir ki, vəziyyətlə dərindən tanış olum, eyni zamanda, insanları narahat edən problemləri də mən gərək sizdən eşidim. Əlavə nə edilməlidir, həllini gözləyən hansı əlavə məsələlər var ki, biz gələcəkdə onları həll edək”.