'İlham Əliyevin xüsusi dəstəyə ehtiyacı yoxdur' - MÜSAHİBƏ

GƏNCLİK
01:12 26.03.2012
2143

Fərid Şahbazlı: "İlham Əliyevin xüsusi dəstəyə ehtiyacı yoxdur"

“Hakimiyyətidəki hər kəsdən eyni dərəcədə vicdanlı olmağı gözləmək məntiqsizlikdir”

AZXEBER.COM portalı, “İslahatçı Gənclər” İctimai Birliyinin sədri, Qaynar.info Milli Xəbər Portalının baş redaktoru Fərid Şahbazlının Pat.az saytına verdiyi müsahibəni təqdim edir...

- Fərid bəy, bir təşkilat sədri olaraq Kəmallədin Heydərovla əməkdaşlıq etmək maraqlı olar, ya Ziya Məmmədovla?

- Eldəniz bəy, adını çəkdiyiniz hər iki şəxs Azərbaycana xidmət edən, onun prezidentinə sadiq nüfuzlu məmurlardır. Mən ümumiyyətlə insanlara münasibətdə belə yanaşmanın tərəfdarı deyiləm. Hesab edirəm ki, Azərbaycana xidmət edən hər kəslə əməkdaşlıq məqbul və zəruridir. İndi biz o mərhələdə deyilik ki, şəxslər arasında seçim edək. İndi bizim bütün səylərimizi birləşdiməli olduğumuz məqamdır

-Nəyin ətrafında birləşirik? Ümumiyyətlə birləşmək-termini kütlə psixologiyasından formalaşır. Səncə hələ də kütləyik və bir qəbilə olaraq yenidən birləşməliyik?

- Qətiyyən, bu sizin birləşmə termininə olan şəxsi münasibətinizdir. Ancaq mən hesab edirəm ki, gücləri birləşdirmək uğurun formuludur. Azərbaycanda bu gün ən çox ehtiyac duyulan məsələ milli birliyə nail olmaq, ölkəmiz üçün həlledici məqamlarda eyni maraqlardan çıxış edə bilmək problemidir. Bu mənada Sizin yanaşmanızla razılaşa bilmərəm

- Milli birlik nədi?

- Milli birlik bir toplum, bir ölkə üçün həlledici, həyati əhəmiyyət daşıyan məsələlərdə və məqamlarda eyni mövqeden çıxış etməkdir.

- Yəni sürü psixologiyasına uyğun olaraq qaraya lazım olarsa ağ demek səviyyəsində belə?

- Qətiyyən, mən düşünürəm ki, biz öz problemlərimizi, dərdlərimizi öz içimizdə müzakirə edib,ortaq məxrəcə gəlib dünyaya təqdim etməliyik. Məsələn Dağlıq Qarabağ münaqişəsi, “Eurovison-2012″ kimi Azərbaycan adına olan məsələlərdə maksimum diqqətli olmalı, siyasi dünyagörüşlərimizin milli maraqlarımızı üstələməsinə imkan verməməliyik. Onsuzda heç kim kənardan gəlib bizim problemlərimizi həll edən deyil. Məişət zəmnində olduğu kimi, siyasətdə də belədir. Kənardakılar sənin dərdlərinə yalnız etika ya da hansısa maraqlar naminə şərik olan kimi görünə bilərlər. Gerçəklikdə isə onlar sonradan sənin problemlərin və kədərin üzəridə məsxərə quracaqlar

-Siyasətdə romantika?

- Əksinə siyasətdə praktika. Tarixin bütün mərhələlərində belə olub. Ele götürək, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələni. Bu 20 il ərzində nə qədər siyasinin Azərbaycana gəlib “sizin ərazi bütövlüyünüzü dəstəkəyirik” mesajını sonradan Ermənistanda təkzib etməsinə, yada bu dəstəkləmə mesajından Erməistana təzyiq vasitəsi kimi istfadə edib istədiklərini almaq məqsədilə yararlandığına şahidlik etmişik. Yəni bu acı bir reallıqdır.

- Acı reallıqda gənclərin vəziyyəti daha acıdı ya, yox?

- Azərbaycanda gəncliyin durumu ilə bağlı çoxsaylı fikirlər və yanaşmalar mövuddur. Ancaq bir gerçəklik varki, Azərbaycan gəncliyi illər əvvəl olduğundan çox fərqli və irəlidədir. Bu gün Azərbaycan gəncliyinin əhəmiyyətli hissəsi həm siyasi, həmdə iqtisadi baxımdan ölkədə əhəmiyyəli mövqe sahibdirlər. Bu etiraf olunmalıdır…

- Sən də gəncsənsə rəhbəri olduğun saytı hansı zülmlə yaşatdığını görürəm. Amma haralarlasa ünsiyyəti olan və təffəkkürü olmayan gənclərin milyonları göyə sovurduğunu da görürük. Heç olmasa öz problemlərini düşünəndə nə qədər yanlışlıq olduğunu təsəvvür edirsənmi?

- Öz problemlərimi ictimai müzakirəyə çıxarmaq mənim xarakterimə yaddır. Hesab eləmirəm ki, mənə qarşı yanlışlıqlar var. Görünür mən özüm hansısa mərhələdə lazım olduğu kimi davranmamışam. Bəli çətinliklərimiz var, amma gəncliyə yardım edən insanlar da olmamış deyil. Məncə bu gələcəyə ümidlə baxmağa kifayət edir.

- Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovla şəklin yayıldı. Hamı Anar Məmmədova baxırdı. Əslində iş görən sən idin. Təssüf edirsənmi ki sənin də atan nazir deyil?

- Bəyaq dediyim kimi, sizinlə mənim hadisələrə və insanlara yanaşmalarımızda kəskin fərqlər var. Məsələn Siz Anar Məmmədova nazir Ziya Məmmədovun oğlu, mən isə sadəcə Amerika- Azərbaycan Şurasının sədri Anar Məmmədov kimi yanaşıram. Anar Məmmədov diaspor fəaliyyətinə yeni başlasa da, Xocalı faciəsinin ildönümü bağlı onun ABŞ-dakı fəaliyyəti bir çoxlarına nümunə olacaq səviyyədə idi.O ki qaldı atalarımız arasındakı fərqə, mən fəxr edirəm ki, illərini Azərbaycan elminə həsr edən bir tarixçi alimin oğluyam.

- Nədən hamı çox sevinir ki atası nazir yox, elm adamı və ya adi fəhlədi? Bunun psixoloji bir səbəbi varmı?

- Başqaların bilmirəm, amma mən atamla elm adamı olduğuna görə yox, elə özü olduğu üçün fəxr edirəm. O sabah fəhlə də, nazir də olsa mən yenə onunla qürur duyacam.

-Səncə Gənclər siyasətində hansı əlavələr olsa daha effektiv olar və Azərbaycanda gənclərdən ibarət beyin mərkəzlərinin yaranma zamanı çatmayıbmı?

- Ümumiyyətlət gənclər siyasəti proseslərə ən çox vətənpərvər və məsuliyyətli yanaşma tələb edən sahələrdəndir. Hesab edirəm ki, Azərbaycanda gənclər siyasətini həyata keçirən və kordinasiya edən qurumların sayı kifayət qədərdir. Biz bundan sonra belə təsisatlar qurmağla yanaşı, gənclər siyasətini həyata keçirən şəxslərlə bağlı məsələyə də baxmalıyıq. Həqiqətənmi, bu gün Azərbaycanın gənclər siyasətində öndə olanların hamısı tutduqları mövqeyə layiqdirlər. Məncə biz bu sual ətrafında daha çox düşünməliyik…

- Anlamadım iradınız Ceyhun Osmanlıyadı, ya Fuad Muradova?

- Mən məsələni şəxsləşdirməyin əleyhinəyəm. Ən azından ona görəki, mən sizin adını çəkdiyiniz hər iki şəxslə eyni siyasi mövqeni bölüşürəm. Heç vaxt razı olmaram ki, mənim hansısa fikrim iqtidar cəbhəsi ilə bağlı müxalif qüvvələrə əlavə arqumentlər versin. Əslində məsələ heç Ceyhun Osmanlı və ya Fuad Muradovluq da deyil. Bu gün Azərbaycanda özünü iqtidar təəssübkeşi kimi təqdim edib, bunun yaratdığı imtiyazlardan yararlanıb, həlledici məqamlarda ortalıqdan qaçan bir xeyli gənc var.

- Məsələn? Amma yenə demə ki, məsələni şəxsiləşdirmək istəmirəm…

- Dedim axı, məndən heç vaxt iqtidarı dəstəkləyən adamlara qarşı söz ala bilməzsiniz. Əslində yuxarıda dediklərim də narazılıq kimi yox, bu hakimiyyətə olan doğmalığın yaratdığı narahatçılıq kimi qəbul edilməlidir.

- İqtidarı dəstəkləyən cavanlı- yaşlı hamıda belə bir psixoloji problem var. Heç vaxt kiminsə adını çəkmir və günlərin biri Əli İnsanov və ya Fərhad Əliyev kimi nazir həbs olunanda onları tənqid etmək üçün az qala növbəyə durursunuz. Bəlkə zamanında bu tənqidi ünvanlı edəsiniz?

- Nə mən özümü başqaları ilə müqayisə edirəm, nə də başqalarının mənimlə müqayisə olunmasını sevirəm. Fəaliyyətimi izləyən adamlar yaxşı bilirki, lazımi məqamlarda yuxarıda adını adını çəkdiyiniz adamlardan daha iri ranqlı məmurları adı ilə tənqid etmişəm. Yəni mənim belə problemim yoxdur. Sadəcə indiki məqamda hansısa ad çəkib, lazımsız müzakirələrə yol açmaq istəmirəm.

- Məsələn, hansı naziri bu günə qədər açıq imza ilə tənqid edibsən?

- Misir Mərdanovu… Baxmayaraq ki, özüm də tələbəyəm və Misir müəllimin rəhbərlik etdiyi sahəylə birbaşa bağlıyam

- İnanırsan ki, Misir Mərdanovu 2-ci sinifdə oxuyan qızımda tənqid edir. Çünki hiss edir nə isə…Bəs başqa kimi?

- Mən mütləq kimisə tənqid etməyi özünə peşə, həyat tərzi seçənlərdən deyiləm. Hansı sahədə kəskin narahatlıq hiss edirəmsə həmin sahəyə kimin rəhbərlik etməsində asılı olmayaraq münasibətimi bildirirəm.

- Məsələn, hansı sahəyə? Misir Mərdanovla İsmət Abbasovdan başqa. Çünki təkrar edirəm onları tənqid etmək indi çox rahatdı. Başqa hansı sahədə problemlər var?

- Eldəniz bəy, axı bəyaq qeyd elədim mən kənd təsərrüfatından tutmuş kosmoqonik proseslərə qədər hər şeyə rəy bildirənlərdən deyiləm. Belərinə “hərşeyoloq” deyirlər. Mən kənardan səslənən iradlar əsasında deyil, dəqiqliyinə əmin olduğum informasiyalar əsasında davranıram. Ona görə, bu yerdə “başqa hansı nazir” sualınız bir az yerinə düşmür

-Aydındı. Aydın olmayan budur ki, bu gün İlham Əliyevin prezident olraq gənclərlə bağlı həyata keçirtdiyi siyasəti sözün həqiqi mənasında həyata keçirəcək bir gənclik korpusu görünmür. Bunun səbəbi nədir?

- Həqiqətən, diqqətlə izləsək görərik ki, cənab prezidentin son bir neçə ildə imzalandığı sərəncamların, qəbul etdiyi proqramların əhəmiyyətli hissəsi gənclərlə bağlıdır. İlham Əliyev bu gün Azərbaycan gəncliyinin hərtərəfli inkişafının, vahid və güclü qüvvə kimi meydana çıxmasının ən böyük tərəfdarıdır. Yuxarıda dediyim ki, bundan sonra məsuliyyət bu siyasəti həyata keçirməyi öz üzərinə götürən insanlardadır. Onlardan hadisələrə, gənclərə maksimum vətənpərvər və məsuliyyətli yanaşma tələb olunur. Cənab prezidentin başlatdığı prosesə elə gəncləri cəlb etmək lazımdır ki, haqqı olanın haqqı yerdə qalmasın və gənclik onların rəhbərliyi altında çalışmaqdan qürur duysun. Amma nə yazıq ki, bu gün ölkəmizin gənclər sektorundakı bəzi gənc liderlər qısa müddətdə on illərin məmurlarından daha çox məmurlaşıblar

- Çıxış yolu..?

İki çıxış yolu var-ya bu adamlar öz fəaliyyətlərinə yenidən baxacaqlar, yada gec- tez həmişə olduğu kimi cənab prezident onlara layiq olduqları yeri göstərəcək

- Yada inqilab olacaq?Qubadakı kimi…

- Azərbaycanda inqilab 1992-1993-ci illərdə olub. Xalq o vaxtki Cəbhə-Müsavat iqtidarını hakimiyyətdən uzaqlaşdıraraq, Ulu Öndər Heydər Əliyevi dövlətin başına gətirib. Yəni, Azərbaycan artıq bu mərhələni keçib. O ki qaldı, Quba hadisələrinə bunu inqilab kimi deyil, insanların özlərinə qarşı olan hörmətsizliyə adekvat münasibəti kimi dəyərləndirmək lazımdır.

-Axi o icra başçısı da hakimiyyətin nümayəndəsi idi?

- Hakimiyyət təkcə Rauf Həbibovlardan ibarət deyil və bu gün Azərbaycan iqtidarında xalqına ləyaqətlə xidmət edən yüzlərlə məmur var. Rauf Həbibovu nümunə götürüb, Azərbaycan iqtidarının kadr siyasətinə qiymıət vermək və uzaqgedən nəticələr çıxarmaq ədalətsizlikdir. Biz bütöv bir məmur korpusundan danışırıq… Necə ki, hər birimizin ətrafında, tanıdığımız bildiyimiz insanların ailələrində gözlənilməz yanlışlıqlar edən, öz doğmalarının adını ucuz tutan adamlar tapılır, hakimiyyətdə də belələrinin olması tam təbiidir. Yəni hakimiyyəti də insanlar idarə edir və onların hamısından eyni dərəcədə vicdanlı olmağı gözləmək məntiqsizlikdir. Faciə onda olardı ki, belələrinə qarşı adekvat münasibət olmazdı. Amma biz Quba hadisələrinin timsalından gördük ki, Prezident İlham Əliyev səviyyəsində qubalıların haqlı tələblərinə dəstək nümayiş olundu və icra başçısı vəzifədən uzaqlaşdırıldı.

- Və belə bir fikirdə bildirilir ki, Rauf Həbibov hakimiyyət daxili qruplaşmaların qurbanı oldu…

-Bu iddialar nağıl-rəvayət düzüb qoşmaq qabiliyyəti yüksək olan adamların xəstə təxəyyülünün məhsuludur. Azərbaycan iqtidarı İlham Əliyevin rəhbərliyi altında vahid orqanizm kimi fəaliyyət göstərən və xalqa xidmət edən siyasi platformadır.

- 2013-cü il prezident seçkilərinə, daha doğrusu prezident İlham Əliyevə dəstək kampaniyasına hazırlıq görürsünüzmü?

- Mən heab edirəm ki, cənab prezident İlham Əliyevin xüsusi dəstəyə ehtiyacı yoxdur. Onun təbliğatı seçkilərarası dövrdə gördüyü genişmiqyaslı işlərdir. Biz seçki prosesində sadəcə bu işləri olduğu kimi təqdim etmək, vətəndaşlara çatdırmaq rolunu oynayacağıq.

OXŞAR XƏBƏRLƏR