Milli Qəhrəman Mübariz İbrahimovun əziz xatirəsinə həsr olunan Vətənpərvərlik mövzusunda gənclərin 1-ci Ümumrespublika Teatr Festivalı davam edir.
AZXEBER.COM portalı “Günəşə doğru” pyesinin rejissoru Tərlan Abdullayevin müsahibəsini təqdim edir...
Uşaq vaxtı nə olmaq istəyirdiniz?
Uşaqkən hərbiçi olmaq istəyirdim. Bu ailəmin arzusu idi. Onların arzusu artıq məndə də formalaşmışdı. Amma, daha çox musiqi ilə məşğul olurdum. Həvəsim pianoya idi.
Bəs necə oldu ki, hərbiçilikdən rejissorluğa gəlib çıxdınız? Bunlar tam fərqli sahələrdi.
Düzü, incəsənətə mənim uşaqlıqdan meylim olub. Hərbiçi olmağım əvvəldən valideynlərimin istəyi idi. Müəyyən yaşa çatdıqdan sonra hərbiçiliyin mənə görə olmadığını gördüm. Və qərarımı dəyişdim. Rejissorluğa sənədlərimi verdim.
Niyə məhz rejissorluq? Siz piano çalmaqla məşğul olurdunuz, onu da davam etdirə bilərdiniz.
Əvvəlllər kinolara baxanda həmişə maraqlı gəlirdi ki, görəsən bunu kim hazırlayır, necə hazırlayır? Sonra öyrəndim ki, bu işi rejissorlar görür. Qərara aldım ki, rejissor olacağam. Hərbi xidmətdən gəldikdən sonra sənədlərimi ADMİU-nun rejissorluq fakültəsinə verdim və qəbul oldum.
Azərbaycanda hansı rejissoru bəyənirsiniz?
Azərbaycanda yeganə bəyəndiyim və örnək aldığım rejissor Vidadi Həsənovdur. Həm aktyor, həm ssenarist, həm yazıçı, həm də rejissor kimi örnək aldığım yeganə insan məhz odur.
Bəs hal-hazırkı estrada rejissorlarından, klipmeykerlərdən kimi bəyənirsiniz?
Əslində, heç birini bəyənmirəm. İçərisində bir az Aqil M.Quliyev nəsə edir, amma digərləri nədənsə məni cəlb etmir. Mənə belə gəlir ki, onların gördükləri iş bəsitdir.
Bəs siz gələcəkdə rejissor kiminə etməyi düşünürsünüz?
İndikilərin etmədiyi nə isə edəcəyəm. Mən teatrda, ya da televiziyada işləmək istəyirəm. Film çəkmək isə ən böyük arzumdur...
Arzunuzu reallaşdırmağa çalışmısınız?
Belə düşünürəm ki, əgər mən bir iş edəcəyəmsə və bu iş mənim ilk işim olacaqsa, bunun üçün lazımi potensialım olmalıdır. Hələ bunu etmək üçün lazımi biliyimin çatmadığını düşünürəm. Tam hazır olandan sonra bir şey hazırlamağa çalışacağam ki, yarımçıq olmasın. Yaxşı bir şey ortaya qoya bilim.
Bəs məqsədiniz nədir?
Gələcəkdə tək rejissor olmaq fikrim yoxdur. Ən çox ssenarist kimi özümü sınamaq istəyirəm. Öz üzərimdə işləyirəm.
Bu sahədə qabiliyyətiniz varmı?
Var, amma hələ çox məşğul olmalıyam. Özümün şeirlərim də var, şeir yazıram.
Şeirlərinizdə nədən bəhs edirsiniz?
Mövzu daha çox gündəlik gördüklərimlə əlaqədardır. Məndə insanları pis əməllərdən daşındırmaq, çəkindirmək fikri var. Hər hansı bir hadisədən təsirlənib, bu haqda fikirlərimi çatdırmaq istəyirəm. İlk şeirimi onuncu sinifdə direktorumuzun rəhmətə getməsi münasibəti ilə yazmışdım.
Bəs festivala niyə ssenarist kimi qatılmadınız?
Təəssüf ki, üç aydır “Facebook”da tanıtım getməsinə baxmayaraq, beş gün öncə festivaldan xəbər tutdum və qatıldım. Artıq ssenari qəbulu başa çatmışdı. Yoxsa mən də çalışardım ki, nə isə təqdim edim. İnanıram ki, o da uğurlu olardı.
Ülkər Eldarqızı