20 Oktyabr - Zəngilan Şəhəri Günü Azərbaycanın qəhrəmanlıq tarixinin şərəfli səhifələrindən biri olmaqla yanaşı, xalqımızın doğma torpaqlarında qurduğu müasir və firavan gələcəyin rəmzidir.
AZXEBER.COM xəbər verir ki, bu sözləri əslən Zəngilandan olan deputat İmamverdi İsmayılov paylaşımında bildirib.
Deputat deyib ki, 1993-cü ildə işğala məruz qalan Zəngilan 27 ildən sonra Azərbaycan Ordusunun qəhrəmanlığı nəticəsində azadlığına qovuşub:
"2020-ci il oktyabrın 20-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Zəngilan şəhərinin və ətraf yaşayış məntəqələrinin azad edildiyini xalqa müjdələdi. Hərbi əməliyyatlar nəticəsində şəhər, 4 qəsəbə və 49 kənd işğaldan azad olundu. Azərbaycan-İran dövlət sərhədinin 132 kilometrlik hissəsi üzərində nəzarət bərpa edildi. Zəngilanın azadlığı uğrunda döyüşlərdə qəhrəmanlıq göstərən 6974 hərbi qulluqçu ‘Zəngilanın azad olunmasına görə’ medalı ilə təltif edildi”.
İ.İsmayılov qeyd edib ki, hazırda rayonda genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir:
"Zəngilan müasir və ekoloji həyat tərzinin əsas simvollarından birinə çevrilir. Şəhərin 2040-cı ilədək Baş planına uyğun olaraq yeni yaşayış məhəllələri salınır, müasir infrastruktur yaradılır. Artıq Zəngilan şəhərində 84, Ağalı kəndində 234, Məmmədbəyli kəndində isə 179 ailə məskunlaşıb. Sakinlərin məşğulluğunun təmin edilməsi, təhsil, səhiyyə və sosial xidmətlərə çıxış imkanlarının genişləndirilməsi istiqamətində mühüm addımlar atılır”.
Deputat Zəngilanın iqtisadi və nəqliyyat potensialına da diqqət çəkib:
"Zəngilan Şərqi Zəngəzurun qlobal nəqliyyat və iqtisadi qovşağına çevrilməkdədir. Zəngilan Beynəlxalq Hava Limanı, Horadiz–Zəngilan-Ağbənd dəmir yolu və yeni avtomobil magistralı bölgənin beynəlxalq nəqliyyat imkanlarını genişləndirəcək. Bununla yanaşı, ‘Dost Aqropark’ kimi iri müəssisələr aqrar sektorun inkişafına, yeni iş yerlərinin açılmasına və ixrac potensialının artırılmasına xidmət edir. Rayonda turizm infrastrukturunun formalaşdırılması da prioritet istiqamətlərdəndir. Prezident İlham Əliyevin Zəngilana səfərləri, həyata keçirilən layihələr və açılış mərasimləri dövlətin bölgənin inkişafına göstərdiyi diqqətin göstəricisidir”.
Şahanə Ziyad











































