Gələcəkdə azərbaycanlılar bütün tarixi torpaqlara qayıtmalıdırlar.
Bizim tarixi torpaqlarımız Dağlıq Qarabağ və ətraf bölgələrlə məhdudlaşmır.
AZXEBER.COM Azərtac-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Gəncədə 1500 məcburi köçkün ailəsi üçün tikilmiş yeni yaşayış məhəlləsində Kəlbəcər rayonundan məcburi köçkün Ofeliya Məmmədovanın evində bildirib:
“O qədər də uzaq olmayan tarixə, XIX əsrin statistikasına baxsaq görərik ki, azərbaycanlıların yaşadıqları ərazi çox böyük olub. İndiki Ermənistan əslində Azərbaycanın tarixi torpağıdır”.
Dövlət başçısı qeyd edib ki, ona görə, gələcəkdə biz bütün tarixi torpaqlara qayıdacağıq:
“Bunu gənclər də, uşaqlar da bilsinlər. Biz bu amalla yaşamalıyıq, yaşayırıq, yaşayacağıq”.Prezident həmçinin bildirib ki, bu gün Ermənistan xarici yardım olmadan yaşaya bilmir, nəinki inkişaf edə, yaşaya bilmir:
“Özləri, ən yüksək vəzifəli şəxslər açıq etiraf edirlər ki, biz xarici yardımsız yaşaya bilməyəcəyik.
Nəyə görə? Çünki işğalçı siyasət onları bu vəziyyətə salıb”.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan isə bu işğala, çətinliklərə baxmayaraq, son 20 il ərzində müstəqil dövlət kimi görün nə qədər inkişaf edib.
O, inkişafın hələ daha da sürətlə davam edəcəyini, Azərbaycanın ərazi bütövlüyünün bərpası məsələsinin mütləq həll ediləcəyini vurğulayıb:
“Bilirsiniz ki, 20 ildən artıq işğal çox ağrılıdır, ədalətsizlikdir, insanlara əzab verir, əlbəttə, ölkənin inkişafına böyük maneədir.
Ancaq 20 il tarix üçün o qədər də böyük vaxt deyil. Biz gələcəyə baxmalıyıq, 20 ildən, 30 ildən, 50 ildən sonra necə olacaq, Azərbaycan necə inkişaf edəcək?! Əminəm ki, biz o qədər də uzaq olmayan gələcəkdə bütün tarixi torpaqlara qayıdacağıq. O zaman tarixi ədalət tam şəkildə bərpa ediləcək”.
İlham Əliyev bildirib ki, birinci mərhələdə işğal edilmiş torpaqlar boşaldılmalıdır, Dağlıq Qarabağda, ondan sonra bütün başqa yerlərdə azərbaycanlılar yaşayacaqlar.
O qeyd edib ki, biz hamımız çalışmalıyıq ki, bu günü yaxınlaşdıraq.
Dövlət başçısı, eyni zamanda vurğulayıb ki, Kəlbəcərin, Laçının, Şuşanın işğalı Qarabağ müharibəsində mənfi tərəfə dönüş yaratdı:
“Çünki bu işğaldan sonra Ermənistan ilə Dağlıq Qarabağ arasında coğrafi bir bağlantı yarandı.1993-cü ilin aprelində Kəlbəcərin işğalı böyük bir faciə idi”.
Onun sözlərinə görə, bunun səbəbi o vaxt Azərbaycana rəhbərlik etmiş adamların xəyanəti, xəyanətkar hakimiyyətin mövcudluğu və bacarıqsızlığı, səhlənkarlığı idi:
“Ona görə, əgər o vaxt ulu öndər Heydər Əliyev Azərbaycan rəhbərliyində olsaydı, bir qarış torpaq da düşmən tapdağına düşməzdi. Bunu hamı yaxşı bilir. Məhz onun 1987-ci ildə siyasi hakimiyyətdən uzaqlaşdırılmasından iki həftə sonra ermənilər bu məsələni qaldırdılar.
Əfsuslar olsun ki, o vaxt Azərbaycana rəhbərlik etmiş şəxslər o böyük məsuliyyəti dərk edə, düzgün siyasət apara bilməmişlər. Onlar xalqdan çox uzaq idilər və bir çox hallarda xəyanətkar siyasət aparmışlar. Ona görə, bu gün biz bax bu vəziyyətlə üzləşmişik”.
Azərbaycan Prezidenti qeyd edib ki, ancaq bu gün Azərbaycan 1993-cü ildəki Azərbaycan deyil, Ermənistan o vaxtdan bu günə qədər daha da tənəzzülə uğrayıb, Azərbaycan daha da inkişaf edib:
“O vaxt da - işğal zamanı və bu gün də Ermənistan xarici yardımsız heç nəyə qadir deyil. O vaxt da biz yaxşı bilirdik ki, torpaqlarımız necə işğal altına düşdü. Bu işğalda kim iştirak etmişdi.
Ermənilərin nə ordusu, nə imkanı, nə də texnikası var idi.
Bizdə də demək olar ki, ordu yox idi. Əlbəttə, torpaqlarımız xarici müdaxilə hesabına işğal altına düşdü. Bu, həqiqətdir. Bunu hamı bilir. Siz yaxşı bilirsiniz, mən bilirəm, uşaqlar da bilməlidirlər, bütün xalq bilməlidir. Çünki tarixi həqiqətləri danmaq mümkün deyil.
Müəyyən mərhələdə bəlkə də bu barədə çox danışılmır. Ancaq tarix tarixdir. Bunu heç kim dəyişə bilməz. Özü də bu, o qədər də uzaq tarix deyildir, gözümüzün qabağında baş verən hadisələrdir.
Biz daha da güclü olmalıyıq, olacağıq. Biz öz gücümüzə arxalanırıq. Bu məsələni öz xeyrimizə, ədalətli həll edəcəyik”, - dövlət başçısı əlavə edib.