İngilis dilində 'Küçələrə su səpmişəm' - Sami Yusufun ifasında
MƏDƏNİYYƏT
16:35 20.07.2012
2271
Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakıda səfərdə olan dünya şöhrətli Azərbaycan əsilli müğənni və bəstəkar Sami Yusufla görüşüb.Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Sami Yusuf Azərbaycana səfərinin əsas məqsədini açıqlayaraq bildirib ki, məşhur “Küçələrə su səpmişəm” xalq mahnısını ifa etmək və bu mahnıya klip çəkdirmək niyyətindədir.Azərbaycanın mədəniyyət, təbiət və tarixi abidələrinə heyran olduğunu deyən sənətçi, müasirlik və tarixiliyi bir arada birləşdirən Azərbaycanın dünyada daha geniş tanıdılmasına töhfə vermək istədiyini vurğulanıb. Sənətçinin layihəsini bəyəndiyini bildirən nazir Əbülfəs Qarayev, Sami Yusufun Azərbaycanla əməkdaşlığının gələcəkdə davamlı olacağına ümid etdiyini deyib. Qeyd edilib ki, çəkiləcək klip Azərbaycanın görməli yerlərini əks etdirməklə ölkənin turizm imkanlarının təbliğinə də xidmət etmiş olacaq. “Küçələrə su səpmişəm” mahnısını artıq ingilis dilinə tərcümə etdiyini və ilkin versiyasını hazırladığını nəzərə çatdıran sənətçi, mahnını ingilis dilində ifa edəcəyini, eyni zamanda, bir bəndi Azərbaycan dilində oxuyacağını bildirib. Klipin müştərək çəkilməsi nəzərdə tutulur.