Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdindəki “İnşaat” Kollecində Azərbaycan Respublikası Prezidentinin “Talassemiya ilə mübarizəyə dair 2015-2020-ci illər üçün Dövlət Proqramı” nın həyata keçirilməsinə dair Tədbirlər Planına və Təhsil Nazirliyinin müvafiq tapşırığı və iş planına uyğun olaraq, “Talassemiya ilə mübarizə və sağlam gələcək” mövzusunda maarifləndirmə xarakterli tədbir həyata keçirilib.
Editor.az xəbər verir ki, tədbiri giriş sözü ilə İnşaat Kollecinin direktor əvəzi Namiq Ağamalıyev açaraq, Talassemiya xəstəliyi, onun müasir müalicə üsulları və tələbələr arasında bu xəstəliyin profilaktikası sahəsində izahat işinin həyata keçirilməsinin zəruriliyi barədə geniş məruzə ilə çıxış etdi.
Daha sonra tədbirə dəvət olunmuş Respublika Talassemiya Mərkəzinin hemotoloqu Zemfira Mirzəyeva və Respublika Uşaq Klinik Xəstəxanasının hemotoloqu Sevinc Əlifəttahzadə irsi qan xəstəliyi olan Talassemiyanın formaları, patalogiyası və onun sosial xəstəlik kimi profilaktikasının təşkil olunması problemlərindən danışdılar.
Talassemiya ilə mübarizdə Heydər Əliyev fondunun Talassemiyalı xəstələrə göstərdiyi qayğı və əvəzsiz xidmətləri xüsusilə vurğulandı. Daha sonra tədbirin gedişində videoçarx nümayiş etdirildi, tələbələrin sualları cavablandırıldı və onlara bu mövzuda əyani vəsaitlər paylanıldı.