İnsan, vətəndaş hüquq və azadlıqlarının qorunmasında prokurorluğun rolu nələrdir? - TƏHLİL

İnsan, vətəndaş hüquq və azadlıqlarının qorunmasında prokurorluğun rolu nələrdir? - TƏHLİL
SOSİAL
16:15 30.12.2019
3719

İnsan hüquq və azadlıqlarının təmin edilməsi, hüquqi, demokratik və dünyəvi dövlət yaradılması, vətəndaş cəmiyyətinin qurulması həmişə bəşəriyyəti düşündürən problemlərdən olmuşdur.

İnsanlarınayrılmaz, təbii hüquqlara malik olması, bu hüquqların təminatı ideyaları inkişaf etdikcə bir sıra mükəmməl sənədlərin, o cümlədən beynəlxalq miqyasda hamılıqla qəbul olunmuş prinsip və konvension normaların formalaşdırılmasının labüdlüyü gündəmə gəlmiş, İkinci Dünya müharibəsinin bəşəriyyətə vurduğu ağır nəticələr daha mükəmməl müdafiə mexanizmlərinin işlənib hazırlanması üzərində dünyanın mütərəqqi qüvvələrini ciddi düşünməyə vadar etmişdir.

 

Beləliklə, XX əsrin ortalarından insan hüquqlarının beynəlxalq səviyyədə inkişafı və təşviqi mərhələsi başlamışdır. 1948-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası Ümumdünya İnsan Hüquqları Bəyannaməsini, habelə sonrakı dövrlərdə "Mülki və Siyasi hüquqlar haqqında" və "İqtisadi, sosial və mədəni hüquqlar haqqında" 1966-cı il tarixli Beynəlxalq Paktları qəbul etmişdir. Bundan əlavə 1976-cı ildə "Mülki və siyasi hüquqlar haqqında" Pakta dair Birinci Fakültativ Protokol, 1989-cu ildə isə Paktın ölüm cəzasının ləğvinə yönəlmiş İkinci Fakültativ Protokolu qəbul olunmuşdur. Həmin fundamental sənədlər İnsan hüquqları haqqında Beynəlxalq Bill adlanaraq bu sahədə beynəlxalq standartların əsasını təşkil etmişdir.


Azərbaycan Respublikasında 1995-ci ildə ümummilli liderimiz Heydər Əliyevin müəllifi olduğu və insan hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi kimi bəyan edən ilk milli Konstitusiyamızın qəbul olunması siyasi sistemin müasirləşdirilməsi və demokratik institutların formalaşdırılması üçün zəmin yaratmışdır. 2002-ci və 2009-cu illərdə referendum yolu ilə Konstitusiyaya bir sıra mühüm əlavə və dəyişikliklərin edilməsi tam mütərəqqi xarakter daşımaqla insan və vətəndaş hüquqlarının və azadlıqlarının daha səmərəli qorunmasına, vətəndaşların layiqli həyat səviyyəsinin təmin edilməsinə, demokratiyanın genişlənməsinə və inkişafına yönəlmişdir.


Dövlətimizin ali məqsədinə nail olunmasında, müvafiq hüquqi mexanizmlərin yaradılmasında, o cümlədən mükəmməl qanunvericilik bazasının formalaşdırılmasında ulu öndərimiz Heydər Əliyevin 1998-ci il fevralın 22-də imzaladığı "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" Fərmanı xüsusi əhəmiyyətə malikdir.

 

25 yanvar 2001-ci il tarixdə Azərbaycan Avropa Şurası kimi mötəbər beynəlxalq təşkilata tam hüquqlu üzv qəbul edildi, bu da ölkəmizdə məhkəmə-hüquq islahatlarının uğurla davam etdirilməsinə, insan hüquq və azadlıqlarının maksimum müdafiəsi üçün çevik mexanizmlərin yaradılmasına, qanunun aliliyinin təmin olunmasına təkan verdi.


Ölkəmiz tərəfindən təsdiq edilmiş 1950-ci il Avropa Konvensiyasının implementasiyası istiqamətində mühüm addımlardan biri kimi "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında" 24.12.2002-ci il tarixli Konstitusiya Qanununun qəbul edilməsini də xüsusi vurğulamaq lazımdır.


Azərbaycan Respublikası 2006-cı ilin may ayında BMT-nin yeni yaradılmış orqanı - İnsan hüquqları Şurasına üzv seçilmişdir. Bu hal Azərbaycan dövlətinin insan hüquq və azadlıqları sahəsində apardığı ardıcıl işin beynəlxalq əhəmiyyət kəsb etdiyini və imicinin artdığını bir daha təsdiqləyir.


Ölkə Prezidenti cənab İlham Əliyev "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli fəaliyyət planının təsdiq edilməsi haqqında" 28 dekabr 2006-cı il tarixdə imzaladığı Sərəncamda Azərbaycanın müasir inkişaf dövrünün hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi sahəsində səylərinin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edilmişdir. Sərəncamda Azərbaycan Respublikasının məhkəmələrinə və Baş prokurorluğuna tövsiyə edilmişdir ki, normativ hüquqi aktların tətbiqi zamanı insan hüquqlarının mühafizəsi sahəsində Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə riayət olunmasına nəzarəti gücləndirsinlər.


Ölkə Prezidenti cənab İlham Əliyevin 27.12.2011-ci il tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"nın təsdiq edilməsi insan hüquqları sahəsində tədbirlərin davamlılığının təmin olunması məqsədini daşıyaraq, eyni zamanda "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hədəflərinə yönəlmişdir.


"Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı" ulu öndərimiz tərəfindən təməli qoyulmuş insan hüquqları sahəsində strategiyanın məntiqi davamı və dövlətin növbəti siyasi iradəsi olmaqla, insan və vətəndaş hüquqlarının hərtərəfli həyata keçirilməsinə, onların icra mexanizmlərinin təkmilləşdirilməsinə real zəmanət verir.


İnsan hüquq və azadlıqlarının qorunması sahəsində dövlət siyasətinin həyata keçirilməsində prokurorluq orqanlarının üzərinə böyük vəzifələr düşür. Həmin vəzifələrin müasir tələblər səviyyəsində həyata keçirilməsini təmin etmək üçün prokurorluq orqanlarında köklü islahatların işlənib həyata keçirilməsi zamanın tələbi idi.


Ulu öndərimiz Heydər Əliyevin rəhbərliyi ilə insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi üzrə atılan mühüm addımlardan biri də prokurorluq sistemində çoxşaxəli islahatların aparılması, bu orqanın vəzifə və funksiyalarının müasir tələblərə uyğunlaşdırılması olmuşdur. Bu məqsədlə, 1995-ci ildə qəbul edilmiş ilk milli Konstitusiyamıza əsasən prokurorluq məhkəmə hakimiyyəti sisteminə daxil edildi. 7 dekabr 1999-cu il tarixdə "Prokurorluq haqqında" Qanunun qəbul edilməsi bu islahatlar içərisində mühüm yer tutdu. Qanunun 5-ci maddəsində prokurorluğun fəaliyyətinin əsas prinsipləri içərisində hər kəsin qanun qarşısında hüquq bərabərliyi, fiziki şəxslərin hüquq və azadlıqlarına, hüquqi şəxslərin hüquqlarına əməl və hörmət edilməsi, obyektivlik, qərəzsizlik prinsipləri qanun şəklində əks etdirildi.


2002-ci ildə Konstitusiyada edilmiş dəyişikliklərə əsasən Baş prokurorluğa qanunvericilik təşəbbüsü verilmişdir. Azərbaycan prokurorluğu üzərinə düşən vəzifələri hər zaman yüksək əzmkarlıqla, prinsipiallıqla həyata keçirməklə, dövlətçiliyin sadiq keşikçisinə çevrilmişdir.


Dövlətimizin insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində beynəlxalq normaların prioritetini qəbul etməsi öz əsasını təkcə Azərbaycan Respublikasının Konstitusiyası və beynəlxalq sənədlərdə deyil, habelə "Prokurorluq haqqında" Qanunda, cinayət prosessual qanunvericilikdə və digər milli qanunlarda da tapmışdır. Belə ki, "Prokurorluq haqqında" Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən prokurorluq haqqında qanunvericilik təkcə Konstitusiya və digər qanunlardan deyil, eyni zamanda ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. Bütün bunlar isə prokurorluğun insan hüquq və azadlıqlarının qorunması sahəsində beynəlxalq standartlara hörmətlə yanaşmasını bir daha təsdiq edir.


Azərbaycan Respublikasının Baş Prokuroru insan hüquq və azadlıqları ilə bağlı məsələlərə daim mühüm diqqət yetirməklə, bu sahədə qəbul edilmiş qanunlara uyğun əmrlərin verilməsini və onların icrasına nəzarəti təmin edir.

 

 

Azərbaycan Respublikası Baş Prokurorunun "Cinayət təqibi zamanı "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun prokurorluq orqanlarında nəzərə alınması haqqında" müvafiq əmri ilə cinayət işləri üzrə ibtidai araşdırma aparılarkən, ibtidai araşdırmaya prosessual rəhbərlik həyata keçirilərkən və məhkəmədə dövlət ittihamı müdafiə edilərkən Konvensiyanın müddəalarının,onların İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin konkret işlərə baxarkən verdiyi şərh və izahlara uyğun mənada nəzərə alınması və tətbiq edilməsi, cinayət təqibi prosesində bütün vəzifəli şəxslər tərəfindən insan hüquq və əsas azadlıqlarının qorunmasına yönəlmiş prosedurlara əməl olunması üçün səmərəli nəzarətin təmin olunması tələb olunmuşdur.

 

Bu gün prokurorluq işçiləri üzərlərinə düşən məsuliyyəti, onlara olan yüksək etimadı dövlətçilik ideyalarına sədaqətlə, xidməti vəzifələrinin icrasına daim vicdanlı münasibət bəsləməklə doğrultmağa səy göstərir.


 

Bu gün əminliklə söyləmək olar ki, Azərbaycan Prokurorluğu qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi, cinayətkarlığa qarşı mübarizə sahəsində kifayət qədər işlər görmüş, müstəqilliyimizin qorunub saxlanmasında böyük rol oynamışdır. Bundan sonra da hər bir prokurorluq işçisi müstəqil Azərbaycan Respublikasında qanunlara əməl olunmasının təminatçısı olacaqdır.


 

Bakı şəhəri, Nizami rayon prokurorunun

köməkçisi, I dərəcəli hüquqşünas Səadət Rüstəmova

OXŞAR XƏBƏRLƏR