Azərbaycanda əqli mülkiyyət məhsullarına vurulmuş nəzarət markalarının qəsdən məhv edilməsi, saxtalaşdırılması, qeyri-qanuni yolla hazırlanması, istifadəsi və satışına görə İnzibati Xətalar və Cinayət Məcəlləsinə dəyişikliklər ediləcək. Dəyişiklik edilməsi ilə bağlı təklifə əsasən cərimələr artırılacaq, cəzalar isə bir az da sərtləşdiriləcək. Belə ki, müəllif hüquqlarını pozan fiziki şəxslər 1000, vəzifəli şəxslər 2000, hüquqi şəxslər isə 3000 manat məbləğində cərimə olunacaq.Bundan başqa törədilən əməldə cinayət tərkibi olarsa, hüquq pozuntusuna yol vermiş şəxs 3000 manat məbləğində maddi cərimə olunacaq və ya 160 saatdan 240 saata qədər ictimai işlərlə cəzalandırılacaq. Daha sərt cəza isə eyni əməli təkrar və mütəşəkkil şəkildə hüquq pozuntusuna yol verən şəxsləri gözləyir ki, bu cərimənin məbləği 7000 manat və 2 ildən 4 ilədək azadlıqdan məhrum etmə olacaq.Bu dəyişikliklərlə yanaşı müəllif hüquqlarının qorunması üçün hüquq-mühafizə orqanlarının əməkdaşları, həmçinin hakimlərlə birgə seminarlar təşkil olunur. Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanovun sözlərinə görə, müəllif hüquqlarının qorunması üçün yeni sistem hazırlanır.