İqtisad Universitetində korrupsiya şəbəkəsi- İDDİA

İqtisad Universitetində korrupsiya şəbəkəsi-  İDDİA
Bütün Xəbərlər
12:45 05.12.2015
4919
Rektor Ədalət Muradovun 25 milyon manatı hara xərclədiyini niyə araşdıran yoxdur?
2014-cü ilin mart ayında Azərbaycan Dövlət İqtisad Universitetinin tələbə və müəllim kontingentinin həyatında mühüm hadisə baş verdi. Belə ki, prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Ədalət Cəlal oğlu Muradov universitetə rektor təyin edildi. Məlumat üçün qısaca bildirmək istəyirik ki, bu adam əmək fəaliyyəti dövründə bir sıra vəzifələrdə çalışıb, iqtisad elmləri doktorudur. O, Dövlət İqtisad Universitetinə rektor təyin ediləndə burda çalışan müəllimlər, eləcə də təhsil alan tələbələr köhnədən qalan problemlərin bir hissəsinin aradan qaldırılacağını düşünürdülər. Hətta Ədalət Muradovun rektor vəzifəsinə təyin olunduğu ilk vaxtlarda söhbətlər yayıldı ki, o rüşvət alan müəllim, kafedra müdiri və dekanların dərhal işdən qovulacağını bəyan edib. Özünü islahatçı kimi göstərməyə çalışan rektor bəzi dekanları işdən çıxartdı. Yox, elə hesab etməyin ki, Ədalət müəllim bu islahatları universitetdə təhsilin səviyyəsinin yüksəldilməsi məqsədilə həyata keçirdi. Xeyr, sadəcə özünə və təhsil naziri Mikayıl Cabbarova yaxın olan şəxsləri universitetdə yaxşı vəzifələrə yerləşdirdi. Rektor həmçinin burda çalışan həmyerlilərinin bir neçəsinə daha yüksək vəzifələr verdi. Belə ki, kommersiya fakültəsinin dekanı, həmyerlisi Qabil Manafovu Magistratura Mərkəzinin direktoru Həsən İsrafilovun yerinə təyin edib. Texnologiya və Dizayn fakültəsinin dekanı Vəkil Hüseynovu və Əmtəəşünaslıq fakültəsinin dekanı Tofiq Osmanovu dekanlıqdan azad etməyib. Əksinə, onlara yeni imkanlar yaradıb.
Redaksiyamıza daxil olan məlumatlarda bildirilir ki, Ədalət Muradov vəzifəyə təyin olunduğu iki ilə yaxın müddət ərzində universitetdə təhsilin səviyyəsinin daha da təkmilləşdirilməsi istiqamətində heç bir iş görə bilməyib. İddialara əsasən, onun gəlişindən sonra Dövlət İqtisad Universitetinin cəmiyyətdəki nüfuzu sarsılmaqda və təhsil ocağında korrupsiya şəbəkəsi formalaşmaqdadır. Etibarlı mənbələrin verdiyi məlumata görə, universitetdə təhsil alan tələbələr fənn imtahanlarını, habelə «qaib» məsələsini «ənənəvi üsul»la yoluna qoyurlar: «Rektor dəyişəndən sonra semestr imtahanlarının qiymətində də dəyişiklik baş verdi. Hazırda ixtisasdan asılı olaraq tələbələr imtahan sessiyasını uğurla başa vurmaq üçün ən azı 800-900 manat civarında xərc çəkməlidir. Əks təqdirdə, onların imtahandan keçməsi qəliz məsələdir. Elə vəziyyət yaranıb ki, təhsil müəssisəsində dərsdən yayınan, daha doğrusu yayınmaq istəyən tələbələr üçün «tarif»lər müəyyənləşib. Əgər sessiya ərzində hansısa tələbə «qaib» limitini keçirsə, dekanlıqda işləyən məsul şəxsləri «görüb» bunu yoluna qoyur. Buna görə də təhsil ocağında tələbələrin yetərli hissəsinin dərsə davamiyyəti bərbad haldadır. Ən acınacaqlısı odur ki, Ədalət Muradovun gəlişindən sonra bəzi fakültələrlə imkanlı və kasıb qrupları formalaşıb. Bəzi qruplarda ancaq imkanlı şəxslərin övladları oxuyur. Rektor heç kimdən və heç nədən çəkinməyərək tələbələr arasında ayrıseçkilik salır».
Məlumatlı mənbənin sözlərinə görə, universitetin rektoru dəyişəndən sonra Dərbənd filialından köçürülmə və testdən kənar yolla qəbul olma halları artıb: «İl ərzində təxminən 70-80 tələbə Dərbənd filialından ADİU-ya köçürülür. Araşdırma aparılsa, universitetə testdən kənar yolla qəbul olanların da dəqiq sayı məlum olar. Ədalət Muradov rektor təyin olunandan sonra “maddi yardım” adı altında universitetin rəhbər vəzifəli işçilərinə “paket” sistemi ilə aylıq ödənişlər həyata keçirməyə başlayıb. Məsələn, məlumatlarda bu gün ADİU-da fakültə dekanlarının ayda 2000 manat məbləğində “əmək haqqı” aldıqları qeyd olunur. Bunun müqabilində isə universitetin rəhbər işçilərinə qarşı tələbələrdən pul yığımı prosesinə qətiyyən qarışmamaq tələbi irəli sürülüb. Belə ki, hazırda bu proses rektor tərəfindən təyin olunmuş xüsusi adamların nəzarətinə verilib».
Araşdırmalar göstərir ki, Azərbaycan Dövlət İqtisad Universitetində baş verən korrupsiya hallarının əsas iştirakçılarından biri universitetin “Ərzaq malları əmtəəşünaslığı və ekspertizası” kafedrasının 0,5 ştat vahidi dosenti və Tədris-Metodiki Mərkəzinin “Texniki və texnoloji ixtisaslar”üzrə direktor müavini Nizami Musayevdir: «Nizami Musayev artıq uzun illərdir ki, bu vəzifələri tutmaqla bərabər, həm də ADİU-da həyata keçirilən yığımlara nəzarəti öz əlində saxlayır. Universitetin rektoruna deyil, məhz onun kürsüsünə olan sədaqətini isbatlamış Nizami Musayev qısa zaman ərzində öz əvvəlki prioritetlərini də qoruyub saxlaya bilmişdir. Nizami Musayev ADİU-nun çox az müəllimlərindən biridir ki, bu gün işə ictimai nəqliyyat vasitəsilə gəlib-gedir. Halbuki, onun malik olduğu bağ evi, xüsusi villa, yeni tikili binada iki mənzil, habelə köhnə binada bir mənzil kimi daşınmaz əmlaklar, Nizami müəllimin ictimai nəqliyyat vasitələrinə heç də maddi imkansızlıqdan üstünlük vermədiyini göstərir. Bu ali məktəbdə təhsil məhv olmaq üzrədir. Tələbələrin bir hissəsini davamiyyət bəhanəsilə qovurlar, sonra isə bərpa etmək üçün nəysə umurlar. Univeristet üzrə ildə qeyri-qanuni yolla 15-20 milyon manat pul yığılır».
Bu arada, vacib bir məqamı xüsusi olaraq qeyd etmək istəyirik. Əldə etdiyimiz məlumatlara görə, İqtisad Universitetində ödənişli təhsildən hər il nə az-nə çox düz 25 milyon manat vəsait əldə olunur. Bu vəsaitin hara sərf edildiyi bəlli deyil. Özəl mənbələrin bildirdiyinə görə isə həmin vəsaitlər təhsil nazirinin müavini Ceyhun Bayramovun razılığı əsasında rektor tərəfindən havaya sovrulur. Görəsən, aidiyyəti dövlət qurumları, ələlxüsus da Maliyyə Nazirliyinin rəsmiləri nəyə görə bu faktla bağlı araşdırma aparmırlar? Nəyə görə 25 milyon manatın taleyinə biganə münasibət göstərilir? Biz Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəhbərliyindən ADİU-da qeydə alınan qanun pozuntuları ilə əlaqədar geniş yoxlama tədbiri həyata keçirməsini xahiş edirik. Ümidvarıq ki, tezliklə Ədalət Muradovun yaratdığı korrupsiya şəbəkəsi ifşa ediləcək və təhsil ocağındakı neqativ hallara son qoyulacaq.
//"Bizim Dövr" qəzeti
OXŞAR XƏBƏRLƏR