'İqtisadiyyat və İdarəetmə üzrə Milli Yarış'ın final mərhələsi başlayır

GƏNCLİK
17:48 26.04.2012
1642

ABŞ-ın Ticarət Palatasının Azərbaycandakı Nümayəndəliyi və Junior Achievement Azərbaycan təşkilatı orta məktəb şagirdləri və universitet tələbələri üçün təşkil olunan 2012-ci ilin “İqtisadiyyat və İdarəetmə üzrə Milli Yarış”ın final mərhələsini 27 aprel 2012-ci il tarixi saat 15.30-da Park İnn mehmanxanasının “Dan ulduzu” zalında keçirir.

AGİN-dən AZXEBER.COM-a verilən məlumata görə, Bakı və Mingəçevir şəhərlərinin orta məktəblərini, eləcə də universitetləri təmsil edən 8 komanda biznesin modelləşdirməsi üzrə milli çempion titulu uğrunda mübarizə aparacaq. Yarış zamanı iştirakçılar modelləşdirilmiş virtual şirkətin meneceri kimi çıxış edərək, məhsulun qiymətini və istehsalın həcmini təyin edib, marketinq xərcləri, kapital qoyuluşu və elmi-tədqiqat işlərinə yönəldilən vəsaitlər üzrə mühüm qərarlar qəbul edəcəklər. Qəbul edilən qərarlar komandanın uğuru, yaxud itkisi ilə nəticələnə bilər. Tədbir komandaların və biznes nümayəndələrinin iştirakı ilə keçirilən yoldaşlıq yarışı və mükafatlandırma mərasimi ilə başa çatacaq.  

Gənclər və İdman nazirliyinin dəstəyi ilə keçirilən yarış “İqtisadiyyat və idarəetmə üzrə Milli Yarış” “Məktəblərdə İqtisadiyyatın Tədrisi Proqramı” tərkibində təşkil olunur. Ümumilikdə, 2012-ci ildə keçirilən yarışda Bakı, Sumqayıt, Mingəçevir, İsmayıllı və Ağdaş rayonlarını təmsil edən 138 məktəbli və tələbə iştirak etmişdir.   ABŞ-ın Ticarət Palatasının Azərbaycandakı Nümayəndəliyi (AMCHAM) ölkədə biznes maraqlarını dəstəkləyən və onlara kömək edən qabaqcıl biznes assosiasiyadır. 1996-cı ildə təsis olunan AMCHAM Azərbaycan iqtisadiyyatının müxtəlif sektorlarında fəaliyyət göstərən 210 üzvdən ibarətdir. AMCHAM ölkəyə yatırılan yerli investisiyanın mühüm hissəsini və xarici investisiyanın 80%-ni təqdim edir. Sənaye sektorunun komitələri vasitəsilə AMCHAM üzvləri məlumatla bölüşür, ümumi məsələləri müzakirə edir və mümkün həlləri təklif edirlər.  

OXŞAR XƏBƏRLƏR