AZXEBER.COM portalı tanınmış jurnalist İradə İsaqın "Mərkəz" qəzetinə verdiyi müsahibəni təqdim edir...
Hər bir qadının ailəsi olmalıdır. Bu çox vacib şərtdir, Özəlliklə də bizim ölkədə bu daha da önəmlidir. Çünki cəmiyyətimizdə boşanmış qadına fərqli münasibətlər görürük. Bir qadının həyat yoldaşı yoxdursa, onun haqqında çox adam çox şey fikirləşə bilər. Elə bu fikirlərdən qorunmaq üçün qadına ailə lazımdır. Bəlkə də, onda hələ formalaşmamışdım, 23 yaşım var idi. Təəssüf ki, mən tez qərar verdim və düzgün etmədim. Hər dəfə öz seçimimə görə, özümü qnayıram. Mən bir addımımla, o yanlışın ağrısını hələ də çəkirəm.
Elə efirdə necə görünür həyatda da elədir, çox ciddi, məsuliyyətli, dəqiq bir jurnalist. “Mediada qadınlar” rubrikasında ilk dəfə olaraq biz kiminsə qonağı yox, o bizim qonağımız oldu. Dediyi vaxtdan da tez. Üzünə baxanda, onu dinləyəndə və hər cür münasibətində hiss olunur ki, doğurdan da jurnalistika onun həyatıdır. Elə özünün də dediyi kimi “Mən jurnalist olmaq üçün doğulmuşam”… Bəlkə də jurnalistikada yenidir, amma hamı onu tanıyır və hamı da onu sevir. Bu dəfəki qonağımız “Ölümdən 24 saat əvvəl” verilişi ilə hamımızın sevimlisi olan hazırda isə, “Xəbərin izində İradə İsaqla” verilişinin müəllifi elə İradə İsaqın özüdür.
-Biz sizi “Ölümdən 24 saat əvvəl” proqramı ilə ANS-dən tanımışıq. Bəs sizin jurnalistika yolunuz haradan başlayır? Bizi jurnalistikaya atdığınız addımların 24 saat əvvəli ilə tanış edin -Mən elə addım atmamışdan qabaq jurnalistikada olmuşam, jurnalist olmaq üçün doğulmuşam. Belə bir şablon sual var ki, ikinci dəfə dünyaya gəlsəydiniz hansı sənəti seçərdiniz? İnanmıram ki, ikinci dəfə də dünyaya gəlsəydim başqa bir sənətdə olardım. Özümü başqa bir sənətdə görmürəm. Canımla, qanımla mən jurnalistəm. Məndə məmuriyyət, kreslo alınmır. Jurnalistikaya 25 yaşında gəlmişəm və gəlişim gec olub. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirmişəm. Magistr dərəcəm var, hazırda aspiranturada təhsil alıram, sonuncu kursdayam, elmi işlə məşğulam və elə BDU-da dərs deyirəm. Ailəli olduğum üçün yoldaşım işləməyə icazə vermədi. 2005-ci ildə isə Səhiyyə Nazirliyinin “Şəfqət” qəzetində, sonra AzTV-də müsabiqədə qalib gəldim və dövlət televiziyasının son diktorlarındanam. Orada səhər efirlərinə çıxırdım. Sonra İctimai kanalda fəaliyyətimi davam etdirdim. İTV-də Xəbərlər proqramında həm redaktor kimi çalışdım, həm də “Yeni gün” proqramında işlədim. Sonda “Azərbaycanlılar” adlı veriliş hazırladıq və veriliş çox bəyənildi. Niyəsə İTV-də mənə problem yaratdılar. Əslində səbəbini bilmirəm. Televiziyada elə simalar var ki, ona hər sözü deyirlər, amma işləmək üçün qalır, hər şeyə dözür. Mən isə tez inciyən, küsən adamam. “Yaxşı at özünə qamçı vurdurmaz” deyə mənə söz gəlməsindən çox qorxuram və gəlməməsi üçün də əlimdən gələn hər şeyi edirəm. Hər 3 telekanalda heç kim deyə bilməz ki, hansısa iclasda İradə İsaqı ayağa qaldırıb hamının içərisində danlayıblar. Mənə tapşırılan işi həmişə yaxşı işləmişəm. ANS-ə gələndə isə məni çox qorxutdular ki, bacarmayacaqsan, zəif olacaqsan. ANS-də məni Mirşahin Ağayev qəbul etdi işə, Afaq Vasifqızı onda baş redaktor idi və imzamdan məni tanıdı. Mənə dedi ki, bizdə bir layihə var. İki ildir “Son nəfəs” adıyla efirdədir və heç cür biz bu verilişin reytinqini qaldıra bilmirik. Şansın budur ki, bu verilişi ayağa qaldırmalısan. Hətta Mirşahin müəllim dedi ki, səndən təkcə reytinq deyil, həm də keyfiyyət gözləyirəm. Reytinq və keyfiyyət ikisi bir yerdə çox çətindir. Əslində reytinq məsələsi bir az keyfiyyətsizliyə gətirib çıxara bilər. Şou xarakterli verilişləri görürsünüz də, onun bədii hissəsinə fikir vermirlər. Elə qalmaqal yaratmaqla məşğuldurlar. Heç kim inciməsin, amma hamı bilir ki, insanlar ağıllı verilişlərə baxmırlar. Bu faktdır ki, çəkisi ağır olan verilişlərin reytinqi az olur. Məhz reytinqinə görə, bəzən çəkisi yüngül olan verilişlərin aparıcısı özlərini elə aparırlar ki, sən utanırsan. Elə bilirlər dünya zamanə onların əlindədir. Bu o demək deyil ki, biz kiminsə zövqünə görə öz səviyyəmizi salmalıyıq. Düşünürəm ki, tamaşaçıların zövqünü oxşamaq və yüksəltmək daha əsasdır. “Ölümdən 24 saat əvvəl” layihəsini mənə tapşıranda özümə tamaşaçı kimi sual verdim, istəyirəm ki, uğur qazanmaq istəyən bir çoxları bu sualı özlərinə versinlər. Bu zaman auditoriyanı özünüzlə üz-üzə qoymalısınız..Yəni mən auditoriya olaraq hansı verilişə baxmaq istəyərəm. İnsanlar gerçəyi, düzü eşitmək istəyir və mən onları faktlarla cəlb edəcəyimi blirdim. Düzdür, 100 faiz gerçəkliyi ortaya çıxarmaq olmur. Amma müəyyən qədər alınır. Yəqin xatırlayırsınız, “Ölümdən 24 saat əvvəl” də İlham və Fərizə haqqında buraxılış olanda onlar haqda çoxlu yeni məlumatlar verdik. Bu mövzuda çox danışılmışdı. Mənə isə ilk dəfə olaraq, bu ailə övladları ilə bağlı canlı kadrlar və 6 ay yaşadığı evlərin canlı video görüntüsünü verdilər. Təsəvvür edirsiniz? 20 ildən sonra onlar yalnız hamıdan gizlədikləri bu əziz kadrları mənə etibar etdilər. Bu kadrlar bu günə kimi heç bir yerdə efir üzü görməmişdi.
-“Ölümdən 24 saat əvvəl “verilişində çoxlu faktlar var. Görəsən, auditoriyanın verilişə böyük maraq göstərməsinin səbəbi sadaladığınız faktlar idi, yoxsa bizim ağlamağa meyilli olmağımızdır? -Sizə bir sual verim həmin verilişi izləyəndə oradakı faktlar, yoxsa göz yaşlarınız daha çox yadda qalıb?
-Elə hər ikisi -Verilişin adı üstündədi. Ölüm hər zaman kədərlidir. Mən bu verilişi göz yaşı tökmək üçün yox, faktların ortaya çıxması üçün hazırlamışam. Əlbəttə, insanlar öz yaxınlarının ölümlərindən rahat danışa bilmirlər. Təsəvvür edin bütün müsahibələrimdə çalışırdım ki, müsahiblərimin ağlayan hissələrini kəsib çıxarım. Xatırlayırsınızsa, Elşən Cəbrayılovdan atası Şahin bəylə bağlı veriliş hazırlayarkən o qədər ağlamışdı ki, mən çox çətinliklə həmin müsahibəni hazırlaya bildim. Başqa aparıcı mənim yerimdə olsaydı, o ağlamaqdan bir şou düzəldərdi. Kadrları hazırlayanda şəkillərdən o qədər istifadə etdik ki, göz yaşları görünməsin. Bunun olması təbiidir. İnsan öz yaxınlarının, valideyninin ölümündən necə rahatlıqla danışa bilər? Mən göz yaşlarını sevmirəm, amma bu mənim işimdir nə edə bilərəm? Halbuki göz yaşları ilə reytinq qazanmaq üçün mənim digər verilşlərdən daha çox şansım vardı, amma mən bundan ən minimum şəkildə istifadə etmişəm. Axı, heç ağlamamaq da vermək olmazdı, təbii alınmazdı.
-Bizim verilişlə aramızda ekran adlı bir məsafə var. Siz isə onlarla qarşı-qarşıya olursunuz. Bu çox çətin deyil ki sizə? -Mən veriliş boyu iki dəfə ağlamışam. Səxavət Məmmədov və Mübariz İbrahimovla la bağlı verilişi hazırlayarkən ağlamışam. Səxavət Məmmədovun məzarı işğal altında olduğu üçün, biz onun məzarına deyil, adi insanlar yol qırağında onun xatirəsi üçün qəzaya düşdüyü yerdə gül dəstəsi qoyduqları məkanda olduq. Mən bu zaman çox pis olmuşdum və xeyli ağlamışdım. Bir də atası mənə dedi ki, qarajda Səxavətin heykəli var, gedək bax. Mən adi heykəl sandım. Qapını açanda nə görsəm yaxşıdır. Bu Səxavətin məzarı üzərinə qoyula bilməyən başdaşı idi. Başdaşını qəfil gördüyüm üçün şoka düşüb, atası yanımdan ayrılan kimi xeyli ağlamışdım. Sonra isə Milli Qəhrəmanımız Mübariz İbrahimovla bağlı verilişi hazırlayarkən çox pis olmuşdum. Mən bunu verilişdə də demişdim, onun atası elə bilirdi ki, biz onu çəkmirik. O danışanda nəinki mən, bizim bütün çəkiliş kollektivinin hamısı ağlamışdı. Mübariz İbrahimov haqqında çox qiymətli filmlər çəkilib, amma ən yaddaqalanı “Ölümdən 24 saat əvvəl” oldu.
-Sizi bir az da şanslı aparıcı hesab etmək olar. Mübariz İbrahimovla olan proqrama nəzər yetirsək görərik ki, həftənin cümə axşamı proqram yayımlandı, bazar günü isə şəhidimizin cənazəsi ölkəyə gətirildi. Bu bir təsadüfdürmü? - “Ölümdən 24 saat əvvəl” də Allahın əli həmişə olub, inanın elə təsadüflər çox olurdu. Məsələn biz müğənni Şəfa haqqında çəkiliş hazırlayarkən təsadüfən onun ad gününə gedib çıxmışdıq. Heç mən bilmirdim ki, Şəfanın ad günü nə vaxtdır? Bu da ailəni ikiqat kövrəltmişdi, çünki ailəsi onun doğum gününü qeyd edirdi. Sonra Mir Mövsüm ağa ilə bağlı çəkilişə gedəndə ailəsi çəkilişə razı olmurdu, soruşdular ki veriliş nə vaxt efirə gedəcək? Biz deyəndə ayın 17-si məlum oldu ki, həmin günün onun ölüm günüdür. Biz bunu qəti planlaşdırmamışdıq. Mübarizə həsr olunan verilişə gəlincə isə, mən Mübarizi yuxuda gördüyüm üçün verilişi hazırladım . Mübariz İbrahimov adlı əsgər haqqında çoxlarının məlumatı var idi. Amma onun nə dərəcədə qəhrəmanlıq etdiyini çoxları bilmirdi. Demək, Mübarizi yuxuda gördükdən sonra Mirşahin Ağayevlə məsləhətləşdim ki, onunla bağlı veriliş hazırlamaq istəyirəm. O da razılıq verdi və dedi ki, reytinqli olacağına inanmıram, amma istəyirsənsə et. Bunun üçün çox uzun yol getmək lazım idi, Biləsuvara, Naftalana, Tərtərə, birbaşa uzaq və təhlükəli cəbhə bölgəsinə, amma getməyə dəyərdi. Yuxum isə belə idi: Deməli mən Mübarizin anası ilə söhbət edirəm, Mübariz də buradadır mən onu görürəm, anası isə görmür. Deyir ki oğlum niyə gəlib çıxmır? Bu zaman birdən Mübariz üzün döndərib getdi və mən də onun arxasınca düşdüm. Nəhayət, onu zorla qolundan saxlayıb tuturam ki, getmə. O cavab verdi ki, yox, burda məni istəmirlər. Əlindən tutub güclə saxlayıram və birtəhər bunu inadla getməməsini istəyirəm. Sonra onu gətirdim anasının yanına bir-birlərini gördülər və mən yuxudan ayıldım. Yuxudan ayılanda elə hiss etdim ki, mən daş daşımışam. Oyanandan hətta bir neçə saat sonra ürəyimdəki ağrılar sakitləşmədi. Beləcə, sentyabr ayında Mübarizlə bağlı çəkiliş apardıq. Bütün veriliş artıq oktyabr ayında hazır idi. Lakin həmin həftə efirə vermək alınmadı. O qədər problemlər ortaya çıxdı ki, verilişi bir ay qeyri-müəyyən, qəribə texniki məsələlər ucbatından efirə verə bilmədik. Nəhayət, noyabrın 4-ü veriliş efirə getdi. Yadımdadır, mən verilişin sonunda gün o gün olsun ki, Vətənin sağlığına sənin tabutunu qaldıraq dedim. Səhəri günü çəkilişə hazırlaşırdım, rejissor mənə dedi ki, internetdən oxuyub ki, Mübarizin cəsədini qaytarılması ilə bağlı danışıqlar başlayıb. Sonra Azadə Balayeva ilə danışaraq Mübarizin cəsədinin səhəri günü gətiriləcəyini öyrəndim. Mübarizin atası da mənə demişdi ki, belə bir şey olsa ilk xəbəri səndən eşitmək istəyirəm. Çünki müsahibə ürəyinə çox yatmışdı. Mən də Mübarizin atasına zəng vurdum, bilmirdim ağlayım, nə deyim? Əvvəl danışa bilmədim. Mənə çox təsir etmişdi. Onda çox ağladım…
-“Ölümdən 24 saat əvvəl” verilişi çox məşhur idi. “Xəbərin izində İradə İsaqla” yeni bir formatlı verilişin həmin veriliş qədər məşhur olacağına inanırsınız? - Həqiqətən də “Ölümündən 24 saat əvvəl” verilişi ilə mən reytinqləri alt-üts etdim. Azərbaycan teleməkanında bu tipli verilişlər heç vaxt belə reytinq qazanmamışdı. İndi anlayıram ki, yenilik etmək çox çətindir. “Ölümündən 24 saat əvvəl” iki il efirə getdi. Hər kəs mənə zəng edirdi ki, verilişin müddətini niyə artırmırsınız? Lakin standart vaxt 45 dəqiqər televiziyada və hamı vaxtın tez bitdiyindən şikayətlənirdi. Bu günə qədər 120 veriliş efirə gedib. Baxmayaraq bunu bitirib başqa verilişi başlamaq böyük cəsarət tələb edirdi. Adətən verilişlər efirə gedəndə, bağlananda da insanları bu o qədər də maraqlandırmır. Ancaq “Ölümdən 24 saat əvvəl” bağlanmasını çoxları istəmirdi, ilk dəfə gördüm ki, insanlar əməlli-başlı hansı verilişin bağlanmasına üzüldülər. Amma mən artıq yorulmuşdum. Bu veriliş mənə böyük qazanc gətirdi, insanların inamını qazandım, bu jurnalist üçün ən böyük xoşbəxtlikdir. İnsanlar artq inanırlar ki, İradə İsaq deyirsə, deməli düzdür. “Xəbərin izində İradə İsaqla” verilişini də yaradan da deyirdim ki, elə bir şey edək ki, orijinal olsun. Təzə köhnəni axtartmasın. Ola bilərdi ki, bu mövsumdə veriliş gedərdi, amma insanları bezdirə bilərdi. Elə hörmətlə ayrılmaq lazımdır. Axırda insanlar deyəcəkdi ki, bu nədir bu qız yenə çıxıb camaatı ağlatmaq istəyir.
-İddialısınızmı “Xəbərin izində İradə İsaqla” “Ölümündən 24 saat əvvəl” verilişindən heç bir iz saxlamayacaq? Çox iddialıyam. Mən özüm xəbər adamı olmuşam. Amma yeni veriliş fərqli bir şeydir. Mən elə İradə İsaq kimi burda da işləyəcəyəm. Düzdür burda biz 3 süjet hazırlayacağıq. Həmin süjetlərdən yalnız biri mənə məxsus olacaq. Fikirləşirəm ki, yeni kadrlar yetişdirmək lazımdır və buna görə də digər iki süjeti müxbirlərim hazırlayacaq. Amma təbii, bütün məsuliyyət və yük layihə rəhbəri kimi mənim üzərimdədir. Biz bu proqramda istənilən informasiyanı götürüb onu quru xəbər dili ilə deyil, insanlara maraqlı olacaq şəkildə təqdim edəcəyik.. Bu verilişin qonaqları elə insanlar ola bilər ki, heç populyar deyil. Elə insan var ki, küçədə məşhurdur. Hamı onu tanıyır. Tutaq ki, bir dəlidir onu ancaq yaxınları tanıyır. Bu verilişdə isə o insanların ailəsi, məişəti ilə tanış olacaqsınız. İnsanların həyatına girmək istəyirəm. Düşünürəm ki, bu layihə çox uğurlu olacaq. Bu veriliş “Ölümdən 24 saat əvvəl” verilişinə heç bənzəmir. Tamamilə ayrı formatdadır və yeni bir janrdır. Bu janr teleməkanda yeni nəfəsdir.
-Əvvəlki proramdan vaxt baxımından fərqlənir. Bu daha gec gedəcək? Səbəb nədir? -Bu bizim proqramlaşma sistemindən asılıdır. Maşallah, bu il ANS-də çoxlu yeni layihələr var.”Ölümdən 24 saat əvvəl” verilişində hamı məni danlayırdı ki, saat 8 tezdir, elə işdən gələn kimi başlayır. İndi də deyirlər ki, çox gecdir. (GÜLÜR) Məncə, pis vaxt deyil. Hamı evdə olur, istirahət günüdür. Düzdür, xarici telekanalda çox güclü bir rəqibim var, türk teleserialı. Görək, necə olacaq?
-Siz verilişin anonslarında demisiniz ki, bu televiziyada yeni nəfəs olacaq? Sizcə bu gün televiziyaların yeni nəfəsə çoxmu ehtiyacı var? -Bu gün bizim televiziyalarımıza çox şey lazımdır. Bu haqda çox insanlar danışır, haqqı çatan-çatmayan. Məncə, mənim elə də haqqım çatmır bu haqda nəsə danışmağa. Çünki mən Azərbaycan jurnalistikasında hələ heç nə etməmişəm. Bir verilişlə güman etmirəm ki, hansısa sosial çağırışlar edə bilərəm. Təkcə onu deyə bilərəm ki, televiziyamıza yeni nəfəslər lazımdır. Fikir versəniz görərsiniz ki, şit verilişlərin aparıcısı getdikcə daha da şit olur. Çünki o şitləşmədikcə proqram maraqsız olur. O axırda klona çevriləcək və bir müddətdən sonra həmin klon auditoriyanı bezdirəcək. Elə o özü-özündən də bezəcək və arxasında gülməli bir keçmiş qalacaq. Düşünürəm ki, aparıcılarımız özlərini təkmilləşdirməlidirlər. Nitqindən başlayaraq və ən əsası savaddır. Çünki nitqin özü belə savaddan asılıdır. Dünyagörüşləri zəifdir, biri kameranın qabağında tullanır, indi bu hara qədər gedəcək? Amma mən bilirəm ki, onlar jurnalist olmayacaqlar. Mən bu vəziyyəti heç kimə rəva bilmirəm, əgər onlar özlərinə bu klonlaşmağı yaraşdırırlarsa, öz işləridir. Kiməsə lazım idi Azərbaycan jurnalistikası belə olsun?
-Sizin klonlaşmaqda ittiham etdiyiniz aparıcılar deyirlər ki, biz auditoriyan nəbzini tuturuq. Yəni tələbat budur. Sizdə yazılarınızda auditoriyanı bu məsələlərdə ittiham edirsiniz. İndi günahkar kimdir ? -Günahkar bizim cəmiyyətin getdikcə savadsızlaşmasıdır. Savadsızlaşan və səviyyəsizləşən bir cəmiyyətin elə savadsızlaşan və səviyyəsiz televiziyası olmalıdır. Bizim bu gün əyləncəli dediyimiz formatda hazırlanan proqramı siz heç vaxt rusiyalı tamaşaçıya göstərə bimərsiniz. Onlar o verilişi kobud çıxmasın adamın başına çırpar. Amma bizim kənddə istənilən adama göstərə bilərsiniz. Ona görə də cəmiyyətin savadı, dünyagörüşü artmadıqca, cəmiyyətin səviyyəli veriliş tələb etməyə haqqı olmayacaq. Əgər bu gün əyləncə verilişlərinin reytinqi 20-25 gəlirsə (İstəmirəm ad çəkim, amma hamıya məlumdur kimləri nəzərdə tuturam) biz kimi günahlandırmalıyıq?
-Auditoriyanı?! -Burda tələb təklif məsələsi var. Əslində bunu demək istəmirdim. Üzeyirin diskləri reytinq rekordları qırır. Diskçıxaranlar ona görə yaxşı pul qazanırlar. Kim alır onu? ərəb almır, Con almır, Ömər almır. Bunu Məmməd alır , Əli alır , Vəli alır.
-Axı Üzeyiri müəyyən kütlə dinləyir. Həmin kütlə cəmiyyətin hamısı demək deyil ki? -Niyə azdır ki? Siz bilirsiniz indi ziyalılar azdır, savadsızlar çoxdur.
-Üzeyirin söhbətimizə aidiyyatı yoxdur, amma etiraf edək ki, Üzeyir və onun kimilərini elə efirə çıxaran da televziyadır? -Camaat onlara baxır. İnanın onun yerinə başqa bir müğənini çıxartsalar reytinq gəlməyəcək.
-Amma efir qadağası qoya da bilərlər. -Mən əvvəl düşünürdüm ki, reytinq qurma bir şeydir. Amma “Ölümdən 24 saat əvvəl” verilişində Şəfaya aid olan buraxılşı 16 reytinqlə partladı. Hələ nə qədər insanlar mənə təşəkkür etdilər. Həqiqət budur ki, Şəfa o qədər də səviyyəli olmayan, bəlkə də, yaşaysadı o bunu əldə edə bilərdi, öz üzərində çalışan qız idi. Amma zamanında heş bir şey etməmiş, bir –iki mahnı oxumuş müğənni idi. Ona aid veriliş hazırlamağımın səbəbi də, mənə gələn məktublar idi, hamı xahiş edirdi ki, Şəfa haqqında veriliş hazırlayım. Mənə çox qəribə gəlirdi. Təsəvvür edin Rəsul Rzadan veriliş hazırladım 3 reytinq verdi. Nə Rəsuz Rza, nə də Nigar Rəfibəyli haqqında hazırladığım verilişlərə heç kim baxmadı. Bunlar bizim fundamentimizi qoyan insanlardır. Küçəyə çıxanda mənə heç kim Rəsul Rzaya görə təşəkkür etmədi, amma Şəfaya görə hamı mənə çox sağol dedi. Hətta mənim rejissorum Şəfaya aid olan verilişi etməyimizi istəmirdi. Allah rəhmət etsin, amma həqiqət budur ki, Şəfa ilə Xəlil Rzanın reytinqi bir olmamalıdır…
-Deməli, sizdən sabah Üzeyiri qonaq çağırmağınızı xahiş etsələr dəvət edərsiniz? -Təbii ki, mənim Üzeyiri çağırıb göylərə qaldırmaq fikrim yoxdur. Mənim hər kəsə zövqünüz budur deməyə fikrim var. Yalan danışmayaq, biz qeyri-səmimiyik və bu xüsusiyyət başımıza oyun açacaq. Düz danışmaq lazımdır. Bizim bəyənmədiyimiz Hitlerin yaxşı bir sözü var: “Əgər özün-özünə düz danışmayacaqsansa uduzacaqsan”. Biz cəmiyyət olaraq düz danışmırıq. Utanmaq lazım deyil, əgər kiminsə Üzeyirdən xoşu gəlirsə, onu heç kim güllələməyəcək. Bu gün hamıya məlumdur ki, Manaf Ağayevin iqtisadi vəziyyəti Zərnigar Atakişiyevanın maddi vəziyyətindən iki dəfə yuxarıdır. Əlbəttə, onların cibini İvan doldurmur ki, biz doldururq. “Ölümdən 24 saat əvvəl”də neçə-neçə qiymət verilməyən sənətçilərimizin adlarını sadalamışam və heç kimin demədiyi sözləri demişəm. Ofeliya Aslanın başına hava gəlmişdi. Kim istəyir ki, Azərbaycan cəmiyyətinin ziyalları məhv olsun? Bu gün niyə heç kim alim olmaq istəmir? Çünki alimin pulu yoxdur, müğənninin isə pulu olduğu üçün hamı müğənni olmaq istəyir. Kim çox qazanırsa o da kütlənin nümunəsinə çevrilir.
-Elə alim demişkən, siz həm də BDU-da müəllim işləyirsiniz. Tələbələriniz və auditoriya. Onların fərqli və oxşar cəhətləri? -Azərbaycanda ümid elədiyim yeganə bir nəsil var idi, onlar gənclər idi. Mən həmişə fikirləşirdim ki, sovet rejimindən sonra burda doğulmuş son körpə də dünyasını dəyişərsə, Azərbaycan düzələcək. Çünki sovet təfəkkürü beynimizi təmiz dağıtmışdı, amma gördüm ki, müstəqil Azərbaycanın gənci çox zəifdir. Təsəvvür edin, biz bu ilki buraxılışa şükür edirik, çünki növbəti buraxılış ondan zəif gəlir. Bir-birindən zəif gələn nəsillərdir. Bizim bircə ümümi bəlamız var, cəmiyyətimiz savadsızdır. Savadsızlıq baş alıb gedir, baxmayaraq ki, gündə br universitet açılır. Elə tələbələr var ki, keçmiş nəslin nümayəndələrini heç tanımırlar və deyirlər ki, mən onu görməmişəm niyə tanımalıyam? Mən də Nizamini görməmişəm, indi onu tanımamalıyam? Xüsusilə də gəncləri yetişdirən yoxdur. Bu gün gənclər daha çox beyinlərində televiziyaya getməyi formalaşdırırlar. Ən böyük arzuları necə olursa olsun, məşhur olmaqdır.
-Elə televiziyaya meyl emək demişkən niyəsə bu gün hamı televiziyda məşhur olmağın çox asan olduğunu düşünür və hamı ora getməyə tələsir. Doğurdan, çox asandır televiziyada məşhur olmaq? -İndi mən sual verirəm televiziyada olanların hamısı məşhurdurmu? Elələri var iki gün efirə çıxmasa heç kim onu xatırlamaz. Yadda qalmaq üçün orijinal olmağı bacarmaq lazımdır. Aparıcıdan iki şey tələb olunur. Ya xarici görünüşü ilə, ya da savadı ilə efirdə qala bilər. İkisi bir yerdə olarsa bu lap əla birləşmədir. Orjinallığı olan hər kəsi bəyənirəm. Bu mini ətək geyinib, zaqar krem çəkməkdən asılı olan bir şey deyil.
-Amma həmin aparıcılara diktə edirlər ki, bu cür olmalısan və bu cür geyinməlisən. Elə deyil? -Elə adamlar efirdə çox qalmır axı. Kiminsə diqtəsini həyata keçirə bilərlər. Düşünmürəm ki, istedadsız adam televiziyada çox qala bilər.
-Qəribə simanız var, çox az yaşınz var, amma efirdən çox təcrübəli və ciddi bir qadın təsiri bağışlayırsınız? Verilişə görəmi bu qədər ciddi idiniz? -Mən ciddi düşünürəm. (GÜLÜR) Həyata ciddi yanaşdığım üçün…Elə mənimlə 31 yaşda olan həmyaşıdlarım var ki, məndən çox cavan görünürlər. Çox çətin bir həyat yaşamışam və həyat məni yetişdirib. Mənim üçün həyat asan olmayıb, heç kim qabağıma pul qoyub deməyib get xərclə, bu gün rahat yaşa. Valideynlərim ziyalı idi, biz halal yaşamışıq. Rüşvət yeməmişəm. Öz maaşlarına dolandırıblar ailəni. Anam ədəbiyyat müəlliməsi, atam mühəndisdir. Hər ikisi işləmir. İndi valideynlərimlə yaşayıram. Nədənsə elə uşaqlıqdan hamı elə bilib ki, mən çox zəngin adamın övladıyam. Çox zəngin xarici görkəmim var. Amma həyatda hər şeyi çətinliklə qazanmışam. Nə əldə etmişəmsə, onun üçün yuxusuz gecələr keçirtmişəm. Düşünürəm, başqa bir ölkədə yaşasaydım bu çəkdiyim əziyyət ilə daha yüksək uğurlara nail olardım. Çünki mən arı kimi zəhmətkeş və işləməyi sevən insanam. Və məni həyat yetişdirib. Elə həyat yetişdirdiyi üçün o, mənim üzümdə öz əksini tapıb. Əsas odur, bəsit bir simam yoxdur. Çox istedadlı bir uşaq olmuşam. 5 yaşında məktəbə getmişəm. Öz yaşıdlarımdan həmişə fərqlənmişəm, 5-ci sinifdə oxuyurdum 8-ci sinifdə oxuyanlara inşa yazırdım. Unutmayın ki, bilgi insanı tez yetişdirir.
-Siz həm də anasınız. Bəs İradə İsaq bu qədər gərgin bir rejimdə övladına az vaxt ayırmır ki, ya da o sizdən şikayətçi deyilki? Çətindirmi ana olaraq jurnalist olmaq? -Çox çətindir. Tale elə gətirib ki, mən onun anası yox, atası olmalıyam. Anası mənim anamdır, atası da mənəm. Mən həyat yoldaşımdan ayrıldığım üçün uşağıma özüm baxıram. Həmişə demişəm ki, kim mənim övladım olacaqsa xoşbəxtdir. Çox demokrat bir anayam. Onu heç nədən geridə qoymamağa çalışıram.
-Neçə yaşı var? - Yunisin 7 yaşı var, ikinci sinifdə oxuyur. -Jurnalistikada qazandıqlarınız göz önündədir. Həqiqətən fəxr etmək olar, bu az yaşda böyük şeylər əldə etmisiniz. Bəs itirdiyiniz nə olub və nəyəsə görə peşmansınız? -Mən çox gec məşhurlaşmışam. 29 yaşımda məni tanyıblar. Jurnalistika da idman kimidir, gərək az yaşında uğurlar əldə edə biləsən. Həmişə bunun dərdini çəkirdim ki, yaşım keçir, mən bu qədər içimdəki istedad və sevgi ilə heç nə edə bilməmişəm. Çox çətin olub hər şey. Kənardan asan və parlaq görünə bilər. Ətrafımda elə bir adam, qohum olmayıb ki, mənə kömək etsin. Çoxu kimi, nə hazıra nazir olmuşam, nə də bəxtim ayağıma rolik olmayıb. Heç kimə rişxənd etmirəm. Kaş mənə də kimsə kömək edərdi. Pis mənada demirəm, o zaman mən də 9 yaşında deyil, daha tez uğur qazanardım, canım da az yanardı. Hər şeyi öz istedadımın hesabına qazanmışam. Çox sağ olsun Mirşahin Ağayev. Onun mənə etdiyi kömək çox böyük oldu. Təbii ki, onlar da mənim istedadımı görməsəydi yardım etməzdilər. Mən başa düşdüm ki, arxamda, mənə kömək duracaq heç kimim yoxdur və böyük boşluq var. Ancaq istedadım və əməyimin hesabına nəsə edə bilərəm. Adım özünü doğruldub. Çox iradəli və güclü qadınam. Özümü elə yetişdirmişəm ki, məni məğlub etmək heç də asan deyil. Əlbəttə, Allah istəməsəydi, mən kiməmki? İnanın Allah mənim dualarımı elə məqamda eşidib ki…Həyatımda bütün qazandıqlarım üçün Allaha borcluyam, məni dar məqamlarımda geri çevirmədiyi üçün…
-Bəs neçə yaşında ailə qurdunuz? -23 yaşında ailə qurmuşam.
-Ailənizin dağılmağına səbəb bir jurnalist qadını anlamağın çətinliyi idi? -Mən onda İradə İsaq deyildim. Çox adam var ki, televiziyada işlədiyinə görə, həyat yoldaşından ayrılıb. Bizim səbəbimiz tamam başqa idi və bunun jurnalistikaya və televiziyaya aidiyyatı qətiyyən yoxdur. Düşünürəm ki, hər bir qadının ailəsi olmalıdır. Bu çox vacib şərtdir. Özəlliklə də bizim ölkədə bu daha da önəmlidir. Çünki cəmiyyətimizdə boşanmış qadına fərqli münasibətlər görürük. Bir qadının həyat yoldaşı yoxdursa, onun haqqında çox adam çox şey fikirləşə bilər. Elə bu fikirlərdən qorunmaq üçün qadına ailə lazımdır. Bəlkə də, onda hələ formalaşmamışdım, 23 yaşım var idi. Təəssüf ki, mən tez qərar verdim və düzgün etmədim. Hər dəfə öz seçimimə görə, özümü qınayıram. Mən bir addımımla, o yanlışın ağrısını hələ də çəkirəm. Əslində bu haqda uzun danışmaq istəmirəm. Qohumlarım və atam həmişə deyir ki, sən özünü heyf elədin. Mənim ağlım başıma hələ indi-indi 31 yaşında gəlir. (GÜLÜR)
-Bu gün sizli-bizli hamımız cəmiyyəti ittiham etdik, amma sizin tərbiyələndirdiyiniz oğlunuz sabah cəmiyyətin qoynuna atılacaq. Bundan ehtiyat edirsiniz? Mən də bu cəmiyyətin qoynunda böyümüşəm. Övladına heç nəylə kömək edə biməzsən. Yalnız tərbiyəsini və təhsilini bacardlqca yaxşı verməlisən. Qalanını o, özü etməlidir. Ona görə dedim ki, mən onu elə yetişdirirəm ki, o bu cəmiyyətdə məğlub olmasın. Gücüm yalnız buna çatır. Əslində cəmiyyət o qədər də qorxulu deyil, çünki savadsızdır. Təsəvvür edin, çox adam mənə müraciət edir ki, televiziyada işə düzəlmək istəyirəm, mənə kömək edin. Daha bir-bir demək olmur ki, işə düzəlmək üçün birinci özünü yetişdirməlisən, vacib kadr oldugunu sübuta yetirməlisən, amma onlar bunu etmək istəmir. Mən cəmiyyətin ən aşağı təbəqəsindən sıfırdan başlayıb televiziyaya gələn insanam. Hətta televiziyaya təzə işə gəldiyim vaxtlarda mənə dedilər ki, əyləncəli bir veriliş apar. Mən dedim ki, heç vaxt. Dedilər ki, səbəb nədir? Hamı efirə çıxmaq üçün hər şey edir, qəşəng qızsan, sən də çıx efirə. Mən bilirdim ki, mən o cür deyiləm, mənim əzmim, hədəflərim çox böyükdür. Məqsədim gerçək jurnalist olmaqdır. İstəmirəm keçmişimdə hansısa ləkə qalsın. Mənim haqqımda heç kim deyə bilməz ki, hə bu o qızdır, nə vaxtsa hava xəbərləri aparırdı, ya hansısa şou verilişində aparıcı idi.
-Amma bu gün elə aparıcılar var ki, dünənin daha ciddi, hətta xəbər aparıcıları olublar. Həmin aparıcılar özlərini xəbərlərdə deyil, məhz bu tip əyləncəli proqramlarda tapdığını deyirlər. Bəlkə, sizdə də elə bir situasiya yarana bilər. Ümumiyyətlə, aparıcı və jurnalist eyni şey deyil. Aparıcının sosial statusu başqadır, jurnalistin statusu tamam fərqli. Mənim heç vaxt adımın altında aparıcı sözü yazılmır, elə bir şey görə bilməzsiniz. Düzdür, həmin proqramda mən aparıcılıq edirəm, amma sosial status olaraq mən aparıcı, yox jurnalistəm. Sabah burdan çıxıb başqa qəzetdə də, universitetdə də asanlıqla işləyə bilərəm. Amma o verilişin aparıcısı qəzetdə heç işləyə bilməyəcək, o sadəcə efirdə müəyyən müddət üçün lazımdır ki, danışsın, auditoriyanı toplasın, reytinq gətirsin.
-Axı televiziya yaşlıları sevmir, biraz vəfasızdır. Bir gün sizi də o təhlükənin gözləyəcəyini hiss edirsiniz? -Bu həyatdır. Mən kiməm ki, həyat çox böyük dahilərə elə amansız davranıb ki…Şəhriyarın farsca bir şeri var. Tərcüməsi belədir: Mən bu fələklə necə oynaya bilərəm, fələk qoca fələkdir. Hər kəsin öz qisməti var, əlbəttə, mənə də nə zamansa get deyə bilərlər. Yox, mənə get deməyəcəklər, çünki getmək lazım olanda anlayıb özüm gedəcəm, necə ki, başqa telekanallardan getmişəm. Başa düşəcəyəm ki, artıq getmək lazımdır. Heç kim üçün heç nə əbədi deyil, eləcə də televiziya. Mən televiziyanı Allahın mənə verdiyi bu günkü şans kimi qiymətləndirirəm. Çünki televiziya məni insanlara tanıtdı və mən də insanlara özümü tanıtdım. İnanmıram ki, ANS xaric, başqa bir televiziyada mənə bu qədər şərait yaradacaqdılar. İş yoldaşlarım da bilir ki, məni heç bir iclasda danlamayıblar. Mən həm Seyfulla müəllim, həm Mirşahin müəllim, həm də Vahid müəllimə təşəkkür edirəm. Düzü özlərinə deməmişəm, heç olmasa burda deyim, onlara nə qədər təşəkkür etsəm azdır. Mənə çox dəstək olublar. Kömək çox lazımdır insana. Xüsusilə də istedadlı insana. İstedadsız onsuz da özünə yol tapır. Televiziyadan getməli olsam, istəməzdim, amma gedərəm, getməyi isə faciə də hesab etmirəm.
-Niyə özünüzü ancaq ANS-də görürsünüz? - ANS başqadır mənim üçün. ANS-ə daxil olanda elə bil evimə girirəm, suda balıq kimi özümü çox rahat hiss edirəm. Axırı bilmirəm necə olacaq, Allaha pənah (GÜLÜR)?
-Niyəsə bu gün sizə eviniz qədər qədər doğma olan ANS-i illərin aparıcıları tərk edir. Bəlkə, bir gün sizdə evinizi tərk edəcəksiniz? -Bilirsiniz, düşünürəm ki, ANS-də heç kimi zorla, alnına silah dayayıb çıxartmayıblar. Sadəcə sözləri düz gəlməyib. Təbii ki, mən onların çıxma səbəblərini bilmirəm. Bunu şərti olaraq dedim. Bir tək onu deyə bilərəm ki, onların da ANS-də yaradıcı mühiti çox yaxşı olub və problem bunda deyildi. Mənə gəlincə isə, həyatdır da hər şey ola bilər. Ola bilər ki, gələcəkdə rəhbərliklə hansısa məsələdə üz-üzə gələ bilərik, hansısa məsələdə barışmarıq. Bu günkü vəziyyətdən baxıb deyə bilərəm ki, buna inanmıram… Mən ANS-dəki yaradıcı mühitdən çox razıyam. Orada rəhbərlik jurnalistə öz fikrini sırımır və zorla qəbul etdirmir. Bir çox televiziyalarda belə deyil, inanın.
-Elə müsahibə boyu ədəbiyyatçılardan sitat gətirdiniz. Ədəbiyyatı çox sevirsiniz? -Ədəbiyyatı çox sevirəm nədir, hətta evdə dalaşıram ki, mən nə vaxt rahat kitab oxuyacağam. Mənim bir Arif dayım var. O, həmişə deyir ki, sənin 31 yaşın var, nə vaxt gəldik kitab oxuyursan.(GÜLÜR) Deyir ki, ay qız qonaq gələndə bir çay süzərlər adama, uşaqlıqdan nə vaxt sizə gəlirəm elə kitab oxuyursan? Sən bu universiteti nə vaxt bitirəcəksən? (GÜLÜR)
-Bəs çay süzə bilirsiniz? Ev işləri ilə aranız necədir? -Ev işlərini heç sevmirəm. Bu bacarmamağımdan irəli gəlmir. Yəqin xatırlayırsınız “Günəbaxan”da yemək bişirdim, xoşlarına gəlmişdi. Ev işlərinə məhəbbətim yoxdur və ona sərf etdiyim vaxtı itirilmiş vaxt hesab edirəm. Düşünürəm ki, yemək bişirməyə sərf edəcəyim 1 saat vaxta mən kolbasa-çörək yeye-yeyə neçə vərəqsə kitab oxuya bilərəm. Hazırda Adolf Hitlerin “Mənim Savaşım” kitabını oxuyuram. Çox bəyənirəm, hələ davam edir, görək axırı necə olacaq.
-Siz “Facebook”da çox aktivsiniz? Bunun səbəbi nədir? Vaxtınız çoxdur, yoxsa siz vaxtı çatdırırsınız? Mən “Facebook”a tamaşaçılarım kimi baxıram. Mən tamaşaçılarımı sevirəm, İstəyirəm ki, onların hər bir fikrini eşidim. Məni tənqid edənlər də olur. Təbii ki, bu gün hər aparıcının tamaşaçının qarşısına çıxmağa üzü yoxdur, amma şükür ki, mənə nifrət eləyən min nəfərlik qrup yaradılmayıb. Mənə xoş sözdən başqa bir .ey deyən də yoxdur. Tamaşaçılarımla üzüağ söhbət edə bilirəm. Görürəm ki, bir verilişə, insanlar dəyər verə bilirlər. Amma “Facebook”da xoşuma gəlməyən məsələ şəxsi tanışlığı olmayan insanların mənə sən deyə müraciət etmələridir. Belə şeyi heç sevmirəm. Ədəb-ərkan qaydalarını gözləmək lazımdır. Mən “Facebook”da çox rahatam və hələ çıxmaq fikrim yoxdur. Burda tamaşaçıların fikrini bilirəm onlarla əlaqə qururam. Hətta xaricdə yaşayan həmvətənlərimizin fikirləri ilə tanış oluram, onlar da verilişlərimi izləyirlər. O insanlar “Facebook”dan qorxur ki, onun xalqın qarşısına çıxmaq qorxusu var. Məşhuruq deyə insanlardan gizlənməliyikmi, bəyənməməliyikmi? Bizi kim məşhur edib, biz kimin üçün işləyirik? Tamaşaçılar üçün. Onlardan qaçan məşhurların sağlam məntiqinin olmadığını düşünürəm. Nə qədər məşhur olursan ol, səni xalqın yetişdirib. Və ayağını yerdən nə qədər tez üzsən, boğazın fələyin kəndirinə bir o qədər tez keçəcək. Həyat indiyə qədər neçə məşhur insanı tarixin arxivinə gömüb. Ona görə məşhur olmazdan əvvəl, insan olmağı bacarmalısan. Çətin olan budur.