"İran, Azərbaycan, Türkiyə - üç bədəndə bir ruhdur"
Bütün Xəbərlər
23:31 07.03.2012
1617
"Xarici işlər nazirlərinin görüşü çox faydalı, məlumatlı və geniş keçdi. Bir çox qlobal məsələlər müzakirə olundu. Bəyannamədə regionda baş verən proseslərə toxunulub". Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov görüşdən sonra keçirilən mətbuat konfransında deyib. Nazir bu cür görüşlərin hər üç dövlət üçün önəmli olduğunu qeyd edib. Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu isə üçlü toplantıların regional əlaqələrə müsbət təsir göstərdiyini deyib. Davudoğlu növbəti aylarda 4 alt komitənin toplanacağını bildirib. "Türkiyə, Azərbaycan və İran artıq regional əlaqələrin dərinləşdirilməsi istiqamətində mühüm addımlar atıb. Vanda nazirlərin toplantısı ilə yanaşı, ayrıca üç ölkədən iş adamlarının iştirakı ilə toplantı keçirilməsi planlaşdırılır. Burada gömrük prosedurlarına da baxılacaq" deyən nazir qeyd edib ki, tərəflər Qafqazdakı münaqişələrin tezliklə həllini tapacağına ümid edir. Əli Əkbər Salehi də üç ölkənin tarixi bağları olduğunu deyib: «Biz üç dövlət üç bədəndə bir ruhuq. Təbii ki, bu da hər üç ölkə arasındakı razılaşmalarda öz əksini tapır. Biz mütəmadi qaydada məsləhətləşmələrimizi davam etdiririk".