İran Ermənistanı çox sevir yoxsa Azərbaycanı?

İran Ermənistanı çox sevir yoxsa Azərbaycanı?
Bütün Xəbərlər
20:52 29.09.2011
1965
Iran rəsmiləri din adından çıxış etməsəydi, Azərbaycan torpaqlarını işğalına görə Ermənistanı təcavüzkar kimi tanımasaydı, Azərbaycanının işğal olunmuş torpaqları ilə bağlı münaqişənin həllində öz vasitəçiliyini təklif etməsəydi, habelə Qafqazda baş verənlərə müdaxilə etmək niyyətində olmasaydı, o zaman Tehran-Yerevan əlaqələri bizim üçün elə də önəmli olmazdı. Çünki sadaladığımız iddiaları ilə İran İslam Respublikası rəhbərliyinin əməlləri arasında bir təzad var.  Ermənistanın müstəqilliyinin 20-ci ildönümü ilə bağlı Tehranda «Ararat» adlı erməni mədəni-idman kompleksində təntənəli tədbir keçirilib. Ermənistan Xarici İşlər Nazirliyinin məlumatına əsasən, həmin mərasimdə İranın qanunverici və icraedici qurumlarının təmsilçiləri, yerli hakimiyyət orqanlarının nümayəndələri, iranlı siyasi, ictimai xadimlər, habelə elm, ticarət və mədəniyyət sahələrinin adamları iştirak edib. Bundan başqa İslam Respublikasındakı erməni icmasının 3 keşişi də bu tədbirə qatılıb. Bu bayram törəni Ermənistan Respublikasının himni və Tehrandakı erməni icmasının vokal ansamblının çıxışı ilə açılıb. Yerevanın İslam Respublikasındakı səfiri Qriqor Arakelyan təbrik çıxışında müstəqilliyin «erməni xalqı üçün böyük zəhmətlər və qurbanlar bahasına» başa gəldiyini bildirib. Tədbirdə Ermənistanın müstəqilliyinə həsr olunmuş sənədli film nümayiş etdirilib. Tehrandakı erməni kilsəsinin başçısı Surab Sarkis Ermənistanın 20 illiyinə dualar oxuyub. Törənin sonunda səfir Q.Arakelyan Ermənistan Respublikasının bayrağını İslam Respublikasındakı erməni icmasının təmsilçilərinə təqdim edib. İki gün öncə isə Yerevanın Tehrandakı səfirliyinin binasında Qarnik Bədəlyanın «İran» adlı ensiklopediyasının təqdimatı keçirilib. Ermənistanın 20 illiyinə həsr edilmiş bayram tədbirləri çərçivəsində keçirilən bu tədbirdə İslam Respublikası parlamentinin keçmiş və indiki üzvləri Vardan Vardanyan, Artavazd Baqumyan, Robert Bəyləryar, iranlı şair Əhməd Nurizadə, sənətşünas Janet Lazaryan, İranda erməni dilində çıxan «Araks» və «Xoys» qəzetlərinin baş redaktorları və başqaları iştirak edib. Səfir Q.Arakelyan belə mərasimlərin gerçəkləşdirilməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, belə kitabların təqdimatı «dost xalqların biri-birini daha yaxşı tanıması baxımından önəmlidir». Səfir müəllifin bu işini yüksək qiymətləndirərək, ona siyasi və ədəbi yaradıcılığında uğurlar arzulayıb. Müəllif Qarnik Bədəlyan tədbirin keçirilməsinə görə təşkilatçılara təşəkkür etdikdən sonra belə bir kitabın farsca Ermənistan haqqında yazmağa hazır olduğunu söyləyib: «Bunun üçün İrandakı erməni ziyalıları və informasiya vasitələrinin yardım etməsini istərdim». Erməni müəllifin «İran» adlı kitabındakılardan xəbərsiz olsaq da hər halda son zamanlar erməni ziyalılarının İslam Respublikasına səfəri, eləcə də «ermənilərə mənsub tarixi irslə» yayılan xəbərlər bu «ensikolpediyada» da təhriflərin çoxluğundan xali olmadığını indidən söyləmək olar. Hələ bu ilin avqustunda Ermənistan Diaspora Nazirliyinin təşkilatçılığı ilə Yerevanda Ermənistan Arxitektorları Birliyinin binasında «Ermənistanda İranın erməni icması günləri» çərçivəsində «İrandakı erməni kilsələri»nə həsr edilmiş sərgi düzənlənmişdi. İslam Respublikasındakı tarixi kilsələr mərkəzinin direktoru Şerli Aetyan bildirib ki, hazırda İranda 650 kilsə var, onların 450 ermənilərə məxsusdur, bununsa 400 fəaliyyət göstərir. Onun sözlərinə görə, başçılıq etdiyi mərkəz erməni kilsələrinin bərpası, təmiri ilə məşğuldur. Sərgidə isə 450 erməni kilsəsindən yalnız 25-ə haqda material nümayiş etdirilib. Bu kilsə məsələsi ilə ermənilər yenə Azərbaycan tarixçilərini müəyyən mənada qabaqlayır. Ermənilər hər zaman Azərbaycan ərazisindəki az qala bütün kilsələrə yiyə çıxaraq, belə Allah evlərinin onlara məxsus olduğunu iddia edirdilər. Ermənilər belə təəssürat yaradıb ki, Azərbaycan ərazilərindəki bütün kilsələr onlara məxsusdur. Bu isə perspektivdə ermənilərin Güney Azərbaycan bölgələrinə, o cümlədən İranın başqa ərazilərinə onların iddiaları üçün ideoloji bazanın yaradılması deməkdir. İndiyə kimi rəsmi Tehran ermənilərin İran ərazisindəki tarixi təhrifinə münasibət bildirməyib. Onlara cavab verən güney azərbaycanlı alimləri isə «pantürkçülükdə» ittiham edir. Bir məsələni də nəzərə almağınızı istərdik. İran Ermənistanın müstəqillik bayramına hazırlaşır. Bu azmış kimi Ermənistanın müstəqilliyinin 20-ci ildönümü çərçivəsində Meğridə, sərhəddə də Ermənistan-İran dostluğuna həsr edilmiş bayram tədbiri keçiriləcək. Həmin tədbirdə Ermənistanın mədəniyyət naziri Asmik Poqosyanın da iştirak edəcəyi gözlənilir. Tədbirlə bağlı məlumat verən Qriqor Arakelyan İran İslam irşadı və mədəniyyət təşkilatının başçısı Məhəmmədbağır Xürrəmşadla danışdıqlarını da söyləyib. Bu il oktyabrın 18-də Azərbaycan Respublikası dövlət müstəqilliyinin bərpasının 20 illiyini qeyd edəcək. Heyrət doğuracaq haldır ki, ermənilər Ermənistanın 20 illiyi ilə bağlı Tehranda təntənəli tədbirlər keçirir, oktyabrda isə Bakıda «İran mədəniyyəti günlərinin» keçirilməsi planlaşdırılıb.

Təbriz, Ərdəbil, Əhər, Urmiya, Miyana, Salmas, Xoy və Azərbaycanın başqa şəhərlərində Tehran hakimiyyəti Azərbaycanın müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş tədbirlər keçirərmi? Yaxud Azərbaycanın İrandakı səfirinin Azərbaycan bayraqlarını yerli azərbaycanlılara təqdim etməsinə icazə verərmi? Əlbəttə, yox! Bu İslam Respublikasının Azərbaycana yanaşmasına ən adi örnəkdir…

/// Lent.az

OXŞAR XƏBƏRLƏR