“İran-İsrail-ABŞ qarşıdurmasında qalib tərəf məqsədinə çatan tərəf olacaq” - RƏY

“İran-İsrail-ABŞ qarşıdurmasında qalib tərəf məqsədinə çatan tərəf olacaq” - RƏY
ÖZƏL
12:42 11.03.2026
350
 
"İran–İsrail–ABŞ hərbi qarşıdurmasında qalib tərəf qarşısına qoyduğu məqsədlərə çatan tərəf hesab olunacaq”.

Bu fikirləri AZXEBER.COM-a açıqlamasında Orta Doğu Araşdırmalar Mərkəzinin sədri, siyasi şərhçi Sədrəddin Soltan bildirib.

Onun sözlərinə görə, ABŞ və İsrailin əsas hədəfi İranın raket potensialını zəiflətməkdir:


"ABŞ və İsrail iddia edir ki, əsas məqsəd İranın raket bazalarını və raket istehsalı ilə məşğul olan müəssisələri sıradan çıxarmaqdır. Bundan əlavə, İranın ali hərbi-siyasi rəhbərliyini zərərsizləşdirmək, yüksək rütbəli hərbi kadrları aradan götürmək, həmçinin SEPAH və Bəsic qüvvələrinin bazalarını məhv etmək də əsas hədəflər sırasında göstərilir. Əgər İranın raket bazaları və bu sahədə fəaliyyət göstərən müəssisələr dağıdılarsa, ABŞ və İsrail bunu öz məqsədlərinə çatmaq kimi qiymətləndirə bilər”.

Siyasi şərhçi hesab edir ki, mövcud şəraitdə İran üçün qələbədən danışmaq çətindir:

"İran tərəfi üçün qələbə anlayışı yalnız ərazi bütövlüyünün və dövlət suverenliyinin qorunması ilə ölçülə bilər. Çünki ABŞ və İsrailin İran ərazisini işğal etmək və ya orada öz bayraqlarını qaldırmaq kimi bir planı görünmür. Onların məqsədi konkret hərbi və strateji hədəflərin məhv edilməsidir. Ali rəhbərini itirən, böyük raket arsenalı sıradan çıxarılan və yüksək rütbəli hərbi kadrları öldürülən bir ölkənin qalib gəldiyini söyləmək məntiqsiz olar”.

S.Soltan İranda rejim dəyişikliyi ehtimalına da toxunub. O bildirib ki, hərbi hücumlar davam edərsə, ölkədə siyasi sistem üçün risklər arta bilər:

"ABŞ və İsrailin hücumları davam etdiyi müddətdə İranda rejim dəyişikliyi təhlükəsi də gündəmdə qala bilər”.

Şahanə Ziyad
 
OXŞAR XƏBƏRLƏR