İran Kənd Təsərrüfatı Nazirliyi yumurta, pomidor və xurmanın ixracına qadağa tətbiq edib.
Bu barədə İran Gömrük Administrasiyası məlumat yayıb. Bildirilib ki, qərar ölkədə mövcud xüsusi şərait və daxili bazarda qiymət sabitliyinin qorunması məqsədilə qəbul olunub. Qadağanın qeyri-müəyyən müddətədək qüvvədə qalacağı qeyd edilir.
İxracın dayandırılması region ölkələrində sözügedən məhsulların qiymətində artım ehtimalını gündəmə gətirə bilər.
İqtisadçı-ekspert Asif İbrahimov AZXEBER.COM-a açıqlamasında deyib ki, bu addımın bizim bazarda kəskin bahalaşmaya səbəb olacağı ehtimalı aşağıdır:
"İranın yumurta, pomidor və xurma ixracını qadağan etməsi qərarı ilk baxışda region bazarlarında narahatlıq yarada bilər. Ancaq bu addımın bizim bazarda kəskin bahalaşmaya səbəb olacağı ehtimalı yüksək deyil. Birincisi, Azərbaycan bir çox kənd təsərrüfatı məhsullarının idxalını İrandan həyata keçirsə də bu məhsullar üzrə tam şəkildə İran idxalından asılı deyilik. Xüsusilə yumurta və pomidor üzrə daxili istehsal imkanlarımız mövcuddur və bazarın müəyyən hissəsini yerli istehsal hesabına təmin edirik. Toyuq əti, yumurta və bu qəbildən olan məhsullar üzrə tələbatımızın böyük hissəsini ödəyə bilirik. Bu isə qiymət şoklarının qarşısını alan əsas amillərdəndir”.

Ekspert qeyd edib ki, ixrac məhdudiyyəti tətbiq olunanda alternativ tədarük kanalları aktivləşir:
"Bazar iqtisadiyyatında hər hansı bir ölkədə ixrac məhdudiyyəti tətbiq olunanda alternativ tədarük kanalları aktivləşir. Sahibkarlar daha sərfəli və əlçatan bazarlara yönəlir, bu da təklif çatışmazlığının uzunmüddətli olmasının qarşısını alır. Bununla belə, qısamüddətli dövrdə psixoloji faktor və mövsümi təsirlər səbəbindən müəyyən qiymət dalğalanmaları mümkündür. Xüsusilə pomidor kimi məhsullar mövsümi xarakter daşıdığı üçün təklif azalarsa, qiymətdə müvəqqəti artım müşahidə oluna bilər.
Ancaq ümumilikdə hesab edirəm ki, vəziyyət nəzarətdədir və hazırkı mərhələdə ciddi bahalaşma riski görmürəm. Əsas məsələ daxili istehsalın davamlılığının qorunması və bazarda süni qiymət artımına yol verilməməsidir”.
Şahanə Ziyad









































