4 mart tarixindən xəbər alınması mümkün olmayan Azərbaycan vətəndaşı, Almaniyanın Yena Universitetinin tələbəsi 1997-ci il təvəllüdlü Fərid Qabil oğlu Səfərlinin İranda olunduğu bildirilirdi. Bu gün Azərbaycan Xarici İşlər Nazirliyi Fərid Səfərlinin itkin düşməsi ilə bağlı İrana nota verib.
Ötən üç ay müddətində Fərid Səfərli İranda itkin düşmüş sayılıb. Rəsmi Tehran çoxsaylı müraciətlərdən sonra Azərbaycan Xarici İşlər Nazirliyinin notasına Fərid Səfərlinin İranda "casusluqda ittiham edilərək” həbs olunduğu cavabını verib.
Mövzu ilə bağlı AZXEBER.COM Politoloq Qabil Hüseynlinin münasibətini öyrənib. Qabil Hüseynli bildirir ki, Fərid Səfərlinin İranda casusluq ittihamı ilə saxlanılması fars rejiminin azərbaycanlılarına qərəzli münasibətinin göstəriciləridəndir: "Əslində bu yeni hal deyil. İranın Azərbaycanlılara qərəzli davranışı yüzillərdir ki, davam edir. İran bəlli düşməndir. Bu düşməni bundan sonra hansı formada olur-olsun bəraətləndirmək mümkün olmayacaq. Düşünürəm ki, Fərid Səfərli Azərbaycana qarşı mütəmadi təxribatlar törədən İran kimi bir ölkəyə getməkdə ağılsızlıq edib. Baş verən hadisə ölkədə hansı idarəçiliyin olduğunu aydın göstərir. Bu fars şovinizminin əməlidir. Ona görə də İran rejmindən azərbaycanlılara qarşı hər şey gözləmək olar. Azərbaycan xalqının ən böyük faciələrindən biri onun İran İslam Respublikası kimi qonşusunun olmasıdır. Təəssüf ki, hələ də Azərabaycan xalqının bir qismi molla rejminin təsiri altındadır. Mən əminəm ki, bir gün bu tale tamamən dəyişəcək”, - deyə politoloq vurğulayıb.
Şəbnəm Zahir