İran İslam Respublikasının Azərbaycandakı Səfirliyinin Nardaran hadisələri ilə əlaqədar bəyanat yayıb. Səfirlikdən AZXEBER.COM-a daxil olan bəyanatda bildirilir ki, İran Azərbaycanın daxili işlərinə qarışmaq məqsədi güdmür və Nardaran hadisələrinin baş verməsində də heç bir rolu yoxdur. “İran İslam Respublikasının bütün ölkələrə, xüsusilə qonşulara və özəlliklə də Azərbaycan Respublikasına qarşı xarici siyasəti daim mehriban qonşuluq, konstruktiv əməkdaşlıq və daxili işlərə qarışmama prinsiplərinə əsaslanıb və bu siyasəti əməldə də icra edib. İran daim dost ölkələrdə sabitliyin və əmin-amanlığın bərqərar olunmasını istəyib və prinsipial bir siyasət olaraq problemlərin və ixtilafların zorakı yollarla həllinə qarşı olmuşdur. Təbiidir ki, İranın Azərbaycanın daxili işlərinə qarışması barədə Azərbaycan Respublikasının rəsmi orqanları tərəfindən hər hansı bir sübut və dəlil təqdim olunduğu təqdirdə məsələ mütləq araşdırılacaq və biz əminik ki, bu barədə heç bir sənəd və dəlil yoxdur” – deyə bəyanatda qeyd olunub.