27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə terror hücumu oldu. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirdi. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralandı.
Bu terrorla qonşu dövlət İran Azərbaycana qarşı düşmən mövqedə olduğunu bir daha ortaya qoydu. Baxmayaraq ki, ölkəmiz hər zaman dostuğun, sülhün tərəfdarıdır, amma görünür ki, qonşumuz İran bu dostuğu istəmir. Iran bizim düşmənimizlə dostuq edir.
"Hər bir Azərbaycan vətəndaşı kimi mən də Azərbaycan səfirliyinə qarşı edilən terror hadisəsini pisləyirəm. Bu, İran dövlətinin öz üzərinə götürdüyü öhtəliyi yerinə yetirə bilməməsidir və ya etmək istəməməsidir”.
Bu sözləri deputat Aydın Mirzəzadə AZXEBER.COM-a açıqlamasında məsələyə münasibət bildirərkən deyib.
Millət vəkili qeyd edib ki, beynəlxalq konvensiyalara görə, hər bir dövlət öz ərazisində olan diplomatik korpusun təhlükəsizliyini təmin etməlidir:
"Ortada olan videogörüntülər göstərir ki, bu məsələyə barmağarası yanaşılıb. Əslində terrorçunun bu cinayəti törətməsi üçün ona müvafiq şərait yaradılıb. Eyni zamanda terror hadisəsi törədiləndən, terrorçu tutulandan sonra ona telekanallarda yer verilməsi, onun sərsəm fikirlərinin yayılması İranın bu məsələni adi məişət hadisəsi kimi qələmə vermək istəyinin göstəricisidir. Əslində bu, birinci dəfə deyil. İran tərəfdən biz vaxtaşırı Azərbaycana qarşı təhqirlər, təhdidlər, Azərbaycanın müstəqilliyini şübhə altına alan hərəkətlər görürük. Bu, sadəcə hansısa bir ictimai fəalın fikri deyil. İran hərbçiləri, deputatları, hətta hökümət rəsmiləri belə Azərbaycana qarşı anti-Azərbaycan kampaniyası aparırlar”.
Deputat həmçinin qeyd edib ki, bu terror hadisəsinin məsuliyyəti İran dövlətinin üzərinə düşür:
"Bunun nəticəsi olaraq belə bir dəhşətli hadisə baş verməli idi. Çox təəssüf edirik ki, İran rəsmi hakimiyyəti bu məsələyə çox soyuq yanaşdı. İran prezidentinin hadisədən 3 gün sonra Azərbaycan Prezidentinə zəng etməsinin özü onu göstərir ki, İran bu hadisənin olacağını ya bilirmiş, ya da olmasından elə də narahatlıq keçirmir. Eyni zamanda İran rəsmilərinin, parlament üzvlərinin, İran tərəfinin tanınmış şəxslərinin bu terrorla bağlı münasibətini də görümürük. Azərbaycanın İrana qarşı dostluq, yaxşı qonşuluq münasibəti addımlarına baxmayaraq, İran tərəfdən vaxtaşırı bizə qarşı soyuq münasibət, təhdidlər görmüşük. Uzun müddət Ermənistanı müdafiə etməsi, son dövrlərdə isə Ermənistanın təhükəsizliyini özünün təhlükəsizliyi elan etməsi onu göstərir ki, İran Azərbaycana qarşı səmimi münasibətdə deyilmiş. Bu baxımdan terror hadisəsinin məsuliyyəti İran dövlətinin üzərinə düşür”.
Milli Məclisin deputatı Elman Məmmədov da AZXEBER.COM-a açıqlamasında İranın ölkəmizə qarşı münasibətindən danışıb. O, qeyd edib ki, bu, İranın bizə qarşı münasibətində ilk hal deyil:
"Bunlar İranın bizə qarşı olan düşmən münasibətində ilk hal deyil. Azərbaycan müstəqillik qazandığı ilk gündən etibarən İran İslam Respublikası Azərbaycana qarşı həmişə barışmaz mövqedə olub. Üzdə dost, qardaş deməyinə baxmayaraq, həmişə Azərbaycana qarşı xoşagəlməz, bəd əməllərlə məşğul olub”.
Deputat deyib ki, 44 günlük müharibə başladığı gündən İran açıq-aşkar bizə qarşı düşmən mövqeyini sərgilədi:
"Hələ 1992-ci ilin mayını – Şuşanın işğalını yadımıza salaq, mən hesab edirəm ki, həmin ərəfədə İran artıq öz "töhfəsini” vermişdi. Yəni, İranın o vaxt həyata keçirdiyi xoşagəlməz hallar unudulmaz tarixdir. Ondan sonra da torpaqlarımızın işğal altında olduğu dövrdə İranın bizim ərazilərimizdə olan yeraltı-yerüstü sərvətlərimizin talaması, Ermənistanla əməkdaşlıq, dostluq etməsi göründü. Xüsusən, 44 günlük Vətən müharibəsinin başladığı gündən bu günə qədər İran açıq-aşkar bizə qarşı düşmən mövqeyini sərgilədi. Müharibə dövründə onun ərazisindən Ermənistana silahların daşınması, onların yanacaq təminatı, başqa təminatlarının həyata keçirilməsini İran etdi. Bunları saymaqla bitməz”.
Millət vəkili qeyd edib ki, müharibə başa çatanda sonra isə İran artıq bir növ üzünün maskasını cırdı, açıq düşmənçiliyə keçdi: "Bəyan etdi ki, Ermənistanın təhlükəsizliyi İranın təhlükəsizliyi deməkdir, Ermənistanın təhlükəsizliyi onları qırmızı xəttidir və s. Sərhədlərimizdə bir neçə dəfə hərbi təlimlərin keçirilməsi, onların rəsmiləri tərəfindən Azərbaycanın təhdid və təhqir olunması kimi məsələlər çoxsaylıdır. Biz istəməzdik belə olsun, bizim 40 milyondan artıq soydaşımız İranda yaşayır. Biz istəyərdik ki, qonşuluq münasibətlərimiz yaxşı olsun, ancaq İran bunu istəmir. İran bizim düşmənimizlə dostluq edir. Bizə qarşı soyqırımı törədən, bizim ərazilərimizi işğal edən, bütün islam müqəddəsliklərini dağıdan bir dövlətlə dostluq edir. Belə olan halda biz də işimizi ehtiyatlı tutmalıyıq. Bizə qarşı münasibətindən nəticə çıxarıb ehtiyatımızı əldə verməməliyik”.
E.Məmmədov deyib ki, İrana rəhbərlik edən molla-fars faşist rejimi dağıdılmalıdır:
"Mən hesab edirəm ki, İran kimi bir dövlət bu gün rəhbərlik edən molla-fars faşist rejimi dağıdılmalıdır. İranda yaşayan çoxsaylı müxtəlif xalqlar, 40 milyondan çox azərbaycanlılarımız ayağa qalxıb, etiraz səsi qaldırıb uzun illərdir ki, onları əsarətdə saxlayan molla-fars rejiminin axırına çıxmaq üçün tədbirlər görməlidir. Nə qədər ki, İranda molla-fars rejimi, farsizmi hakimiyyətdədir, İranın bizə qarşı münasibəti həmişə belə olacaq”.
Aydın Nuri
Yazı Medianın İnkişafı Agentliyinin dəstəyi ilə "İctimai və dövlət maraqlarının müdafiəsi” mövzusunda dərc edilib.