İran XİN: Misir və Bəhreynlə əlaqələrin bərpasına başlanılıb

İran XİN: Misir və Bəhreynlə əlaqələrin bərpasına başlanılıb
DÜNYA
11:35 20.05.2025
281
İran İslam Respublikası Bəhreyn və Misirlə münasibətlərin bərpası prosesinə başlayıb.

Bunu İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.

O qeyd edib ki, Bəhreynlə əlaqələrin bərpası üçün səylər göstərilir və bunun tezliklə nəticə verəcəyinə ümidvardır.

A.Əraqçinin sözlərinə görə, Tehran və Ər-Riyad 2023-cü ildə münasibətlərini normallaşdırandan sonra rəsmi Manama (Bəhreyn) ilə münasibətlərin qurulması üçün bir neçə sorğu edilib.

Tehran və Qahirə münasibətlərinə gəlincə, nazir deyib ki, İran və Misir arasında əlaqələr əhəmiyyətli dərəcədə genişlənib. Onun sözlərinə görə, İran və Misir prezidentləri, xarici işlər nazirləri bir neçə dəfə görüşüb, müntəzəm telefon danışıqları aparırlar.

Qeyd edək ki, Bəhreyn 2016-cı il yanvarın 4-də İranla diplomatik əlaqələrini kəsib. Buna səbəb Səudiyyə Ərəbistanının İrandakı səfirliyinə hücum olub.

2023-cü ilin martında Çinin paytaxtı Pekində Tehran və Ər-Riyad diplomatik münasibətlərin bərpası, səfirliklərin və missiyaların açılması barədə razılığa gəliblər.

Ötən il oktyabrın 21-də Abbas Əraqçi və Bəhreyn Kralı Həməd Manamada görüşüb, münasibətləri və regiondakı son hadisələri müzakirə ediblər.

Misir İranla diplomatik əlaqələrini 1980-ci ildə kəsib. Buna səbəb olaraq Misirin İsraili tanıması göstərilir.

2011-ci ildə "Ərəb baharı”ından sonra İran və Misir arasında münasibətlər istiləşməyə başlayıb.
 
///report
OXŞAR XƏBƏRLƏR