İrandan Rafiq Tağı açıqlaması: "Allaha və Onun Peyğəmbərinə qarşı çıxanı içində əbədi qalacağı cəhənnəm atəşi gözləyir?!"
Bütün Xəbərlər
13:41 28.11.2011
1777
Yazıçı Rafiq Tağının qətlə yetirilməsinə İranın məşhur Ayətullahı Hacı Şeyx Məhəmməd Cavad Lənkərani münasibət bildirib. Lent.az-ın haqqyolu.com saytına istinadən verdiyi məlumata görə, bəyanat Ayətullahın atası Ayətullah-üzma Fazil Lənkəraninin rəsmi saytında yayımlanıb. Bəyanat belədir: “Cənab Ayətullah Hacı Şeyx Məhəmməd Cavad Lənkəraninin, Rafiq Tağının mürtədliyi barədə hökmün icrası ilə bağlı bəyanatı Allahın adı ilə Allah-Taala buyurur: Məgər bilmirlərmi ki, Allaha və Onun Peyğəmbərinə qarşı çıxanı içində əbədi qalacağı cəhənnəm atəşi gözləyir?! Bu isə çox böyük rüsvayçılıqdır. (Tövbə surəsi, 63) (ألَمْ يَعْلَمُوا أَنَّهُ مَن يُحَادِدِ اللّهَ وَرَسُولَهُ فَأنَّ لَهُ نَارَ جَهَنَّمَ خَالِدًا فِيهَا ذَلِكَ الْخِزْيُ الْعَظِيمُ) Müsəlman və dindar Azərbaycan xalqına! Qəhhar Allaha şükür edirik ki, Onun intiqam əli qeyrətli müsəlmanlar arasından aşkar oldu və İslam müqəddəsliklərini, Allahın Rəsulunu (s) təhqir etmiş xəbis bir fərdi cəhənnəmə yola saldı. Heç şübhəsiz, bu hökmü icra etməklə müsəlmanları sevindirmiş şəxsin Allah tərəfindən böyük mükafatı olacaq. İslam düşmənləri bilsinlər ki, azadə müsəlmanlar və qeyrətli gənclər İslam müqəddəsliklərinin aşağılanmasında dünya imperializminin və beynəlxalq sionizmin rəzil fitnəkarlıqlarının reallaşmasına icazə verməyəcək, dinini satanları rüsvayçı əməllərinin cəzasına çatdıracaqlar. Mən dünya müsəlmanları, xüsusilə qeyrətli Azərbaycan xalqını təbrik etməklə, bu mürtəd şəxsin cəzalandırılması barədə hökm çıxarmış böyük şiə mərcə alimi mərhum cənab Ayətullah-üzma Lənkəraninin xatirəsini əziz tutur, ona Allah-Taaladan uca məqam arzulayıram”. İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, onlar Ayətullah Lənkəraninin bəyanatı ilə bağlı hər hansı açıqlama verməyəcəklər. Qafqaz Müsəlmanları İdarəsindən isə hələlik hər hansı rəsmi şəxslə əlaqə yaratmaq mümkün olmayıb. Qeyd edək ki, Rafiq Tağı bu il noyabrın 19-da evinə gedərkən naməlum şəxs tərəfindən bıçaqlanıb. O, aldığı xəsarətlərdən noyabrın 23-də müalicə olunduğu Klinik Tibbi Mərkəzdə vəfat edib. Xatırladaq ki, hələ 2007-ci ildə Ayətullah Fazil Lənkərani ilə birlikdə İranın 7 Ayətullahı Rafiq Tağı barəsində ölüm fətvası verib. İndi bəyanat verərək, fətvanın icra olunduğunu bildirən Cavad Lənkərani Ayətullah Fazil Lənkəraninin oğludur. Onu da qeyd edək ki, Rafiq Tağı bıçaqlanandan dərhal sonra İranın Azərbaycandakı səfirliyi bu sui-qəsdin “Amerika tərəfindən törədildiyinə” dair bəyanatla çıxış etmişdi...