İraq gündəliyi

İraq gündəliyi
Bütün Xəbərlər
14:43 30.07.2013
1787
Qənirə Paşayevanın “İraq gündəliyi”..
İraqdakı sirli adam və həyatımı dəyişən görüş...
“İraq gündəliyim”...
Nəhayət onu yazmağa başladım...
15 il sonra...
Düz 15 il gözlədim – “bir igid ömrü” qədər...
Çünki Kufə-Nəcəfdə başlanan o sirli söhbət məni İraqı dəfələrlə dolaşdırdıqdan sonra, Suriyaya-Dəməşqə, Şama, sonra Qüdsə, daha sonra Mədinə və Məkəyyə qədər apardı... Və mən nə axtardığımı, nəyi dərk etmək istədiyimi özüm üçün tam aydınlaşdırmayana qədər bu gündəliyi yazmamağı qərara almışdım. Təkcə İraq deyil, Suriya, Qüds, Mədinə, Məkkə gündəliyimi də... Baxmayaraq ki, dostlar, İraq müharibəsindəki çalışmalarımın və yaşadıqlarımın da öz əksini tapacağı gündəliyin oxucular üçün çox maraqlı ola biləcəyinə məni inandırmağa çalışırdılar...
Bu gündəliyi yazmağa başlamaq qərarını niyə verdiyimi isə Allah ömür verərsə, onun bitirdikdə - sonluqda açıqlayarıq...
Beləliklə...
“Orda bir kənd var uzaqda... O kənd bizim kəndimizdir. Getməsək də, görməsək də, o kənd bizim kəndimizdir” sözlərini tez tez söyləyərdi nənəmgil. Uşaqdım, Güney Azərbaycandan, Təbrizdən söz düşəndə atamın qəmli və nəmli gözləri mənə qəribə gələrdi. İnsan da heç bir zaman getmədiyi, görmədiyi yerlər üçün darıxarmı? - deyə düşünərdim... Sonra Kərkükdən danışardılar... Özləmlə, özgü ilə... Kərkükü, İraqı, ailədə görən, əmim prof. Qəzənfər Paşayev idi. Çünki SSRİ işğalı altında yaşadığımız o illərdə SSRİ hüdudlarından qırağa çıxmaq xoşbəxtliyi çox az insana nəsib olurdu və əmim hər kəsin qibtə ilə baxdığı o xoşbəxtlərdən biri idi. O, İraqdan danışardı, Kərkükdəki insanımızdan danışardı, Nəcəfdən, Kərbaladan, Kazı¬meyndən, Hz. Əlidən... və daha nələrdən, kimlərdən, haralardan danışardı... Onun maraqlı hekayələrini həsrətlə, yaşlı gözlərlə dinləyərdi ailə üzvlərimiz, eləcə də, dostlar, tanışlar... Və onlar da əmimə “oraları görmək kimi böyük xoşbəxtlik əldə etdiyin üçün dünyanın xoşbəxtisən” deyərdilər. Mən də düşünərdim... “İnsan da heç bir zaman getmədiyi, görmədiyi yerlər üçün darıxarmı?”
Bir az böyüdüm və 16 yaşlarıma çatanda bu sualın cavabı artıq mənim qəlbimdə idi: “Bəli, darıxar..! Görmədiyin, getmədiyin bir yerin həsrətini çəkər insan...”
İraq... Bu ölkə mənim üçün uşaqlığımda anamın “biri vardı, biri yoxdu” nağıllarından idi, sanki... Lap balacalığımdan haqqında çox eşitdiyim sirli, sehirli ölkə idi İraq... Sirli və sehirli nağıllar şəhəri Bağdadı, İmam Əlini qoynuna alan Nəcəfi, İmam Hüseyn şəhadəti və Füzuli məhəbbəti ilə tanınan Kərbalası, tarixlə zəngin Kufəsi, qəhrəman Babəkin şəhid edildiyi Samərrası, İmam Museyi Kazım və yanında böyük Tusinin də uyuduğu Kazımeyni, canbir, qanbir insanımızın yaşadığı Kərkükü... ilə İraq Azərbaycandan qıraqda (görməsəm də), ən yaxşı bldiyim ölkə idi...
Əmim Qəzənfər Paşayevin ilk nəşrindən 30 ildən çox vaxt keçməsinə baxmayaraq bu gün də böyük maraqla oxunan “Altı il Dəclə, Fərat sahilərində” kitabı ilə və onun maraqlı söhbətləri ilə daha yaxından tanımışdım İraqı... Sevmişdim və getmədiyim, görmədiyim bu yerlər üçün əməlli- başlı darıxmağa başlamışdım... Amma ağlıma da gəlməzdi ki, cəmi bir neçə il sonra mənə də İraqa getmək, hətta orada işləmək də nəsib olacaq!.. Özü də bir neçə dəfə... Çünki sovetlərin işğalı altında yaşadığımız illərdə bu ən əlçatmaz arzulardan idi...
Sonralar bu ölkə mənim bəzi məsələlərlə bağlı düşüncələrimin formalaşmasında da böyük rol oynadı... Birincisi, ölümlə bağlı... Bu ölkədə mən nə az, nə çox düz üç dəfə ölümün nəfəsini boynumda hiss etdim. Ölüm son anda yan keçdi məndən, desəm yanlış etmərəm. – İraq müharıbəsi zamanı idi. Amma bundan sonra geniş danışacam...
İraq mənim imanımın güclənməsində, Dünyanı, Həyatı və O-nu tanımaq yolunda önəmli bir mərhələ də oldu...
İlk dəfə İraqa getməyim elə anidən oldu ki... Qafqaz Müsalmanları Ruhani İdarəsinin başçısı Şeyxülislam Hacı Allahşükür Paşazadə İraqa rəsmi səfərə gedirdi. Özü ilə sadəcə mənim çalışdığım ANS televiziyasından jürnalıst götürəcəklərini demişdilər. İraqı o zaman hələ Səddam Hüseyn rejimi idarə edirdi. İlk səfər mənə bir çox hikmətlərin qapısını açdı, deyəsən elə İraq da mənə öz könül qapılarını açmışdı... Çünki jurnalist fəaliyyətim dövründə bu ölkəyə ayrı-ayrı vaxtlarda 8 dəfə səfər edib, paytaxt Bağdadla yanaşı, Nəcəf, Kərbala, Kufə, Samərra, Kazımeyn, Kərkük, Mosul, Bəsrə və. b. şəhərlərdə, bölgələrdə çalışmaq, çoxlu sayda reportaj, sənədli film, bəlgəsəl hazırlamaq mənim qismətimə düşmüşdü. Dostlar zarafatla mənə “sən jurnalistikanın İraq üzrə mütəxəsisisən” deyərdilər. İraqın üst düzey bütün siyasətçiləri, liderləri ilə görüşüb reportajlar edə bilmişdim. Məsələn, İraqın vitse-prezidenti İzzət İbrahimlə bunkerdəki reportajımı Bağdaddan Bakıya gondərəndə Türkiyəli jurnalist dostlar “ola bilməz, bir aydır nə əziyyət çəkirik amma görüşə bilmirik, sən necə görüşdün İzzət İbrahimlə?!” deyə soruşmuşdular... Sonra o zamankı digər vitse- prezident Taha Yasın Ramadan, ünlü Tarik Əziz və b.-ları ilə reportajların ardından, İraqda çalışan jurnalistlərin bir qrupu mənə gerçəkdən qibtə etməyə başlamışdılar.
Bunun bir neşə səbəbi var idi...
İraqda dəfələrlə çalışmışdım, məni tanıyırdılar...
Ən vacibi isə mən uzun illər İraqda işləmiş və böyük sayğı qazanmış, onların təbirincə desək, doktor Qəzənfərin qardaşı qızı idim...
Amma məncə məhz İraqın öz könül qapılarını mənə açması ən önəmli səbəb idi... Mən ilk dəfə idi ki, bir ölkədə sadəcə yaxşı reportajlar axtarmırdım, sanki burada mənə bəlli olmayan başqa şeylər də axtarırdım və onlar mənə YOLumdan danışmalı idilər...
İraqda yaxşı reportajlar etmək imkanlarım daha geniş idi və mən əxlaqı, elmi, irfanı, sevgisi, anlayışı ilə çox sevdiyim və böyük dəyər verdiyim Hz. Əli ilə bağlı ayrıca proqram etmək bəxtiyarlığına nail olmuşdum. Onun evi və türbəsini demək olar, İraq səfərlərimin çoxunda ziyarət edərdim, ruhuna dualar oxuyardım. Onun – insanlığın ibrət alması gərəkən Hz.Əinin!..
Mən o evdə mənə YOLumdan danışan adamı da görəcəkdim... O qısa söhbəti, onun anlamını həmin an deyil, bir qədər sonra anlasam da... Mən o ilk ziyarətdə bir çox şeylərlə rastlaşacaqdım və İraqa gəlməyimin təsadüf deyil, hansısa mistik qüvvə tərəfindən təşkil olunduğunu açıq şəkildə hiss edəcəkdim...
Sovetlər zamanında “Quran”ı öyrənmək imkanları geniş deyildi, tarixi öyrənmək imkanları da... Kufə şəhərinə, orada Hz. Əlinin evini ziyarətə gedəcəyimizi deyəndə qəribə hisslər keçirmişdim...
Bu balaca evi gəzərkən əslində dünyanı, insanlığı... əxlaqın nə olduğunu daha yaxşı anlayırsan. Evi gəzdikdən sonra onun qarşısında oturub böyük alimimiz Vasif Məmmədəliyevlə etdiyimiz unudulmaz söhbət də proqrama qəribə, mistik hava qatmışdı, sanki. Evdə Hz.Əlinin və Hz. Fatimənin övladları, peyğımbər nəvələri Hz. Həsən və Hz. Hüseynin otaqlarını gəzirık... Çox balaca və sadə otaqlar... Hz. Əlinin cənazəsinin yuyulduğu, kəfənləndiyi otağı da gəzirık. Balaca və çox sadə bir ev..! Hz. Əlinin su içdiyi quyudan su içirık və ruhuna dualar oxuyuruq. Hz. Əli göründüyü kimi olan və olduğu kimi görünəndi və onun yaşam tərzi əsl əxlaq anlayışını görməyə və anlamağa imkan verir. Hz. Əlinin evinin yanında ona qarşı haqsızlıqlar, ədalətsizliklər etmiş İbni Ziyadın yerə batmış sarayını görəcəksiniz. O böyük saray xarabalıqlara çevrilib. Hz. Əlinin balaca və sadə evi bu günə qədər ayaqda qaldığı halda o böyük saray uçub-dağlmış, xarabalıqlara çevrilmiş, hər gün bir az da toprağa qarışmaqda, yerə batmaqda davam edir... Qarğılarla örtülü bu saray-xarabalıq çox şey danışır insana... Buraya gələn hər bir insan Hz. Əlini sevgi və rəhmətlə yad edib, ruhuna dualar oxuduqdan sonra, bu saray-xarabalığa doğru baxaraq, sahibini lənətlə yad edir. “Bu bir ibrətdir insan oğluna” deyir Vasif müəllim və Hz. Əli haqqında unudulmaz söhbətimiz, proqramın çəkilişi elə bu sözlərlə başlayır.
Amma ondan oncə, sonralar anlamağa başladığım qəribə bir hadisə baş verdi. Bir qıraqda oturub Hz. Əlinin evinə baxırdım. Bizim üçün ayrılmış tərcüməçi dostumuz isə yanımdan bir dəqiqə də ayrılmırdı. Çünki hazırlayacağım proqramlar üçün tez-tez insanlarla ünsiyyətdə olurdum və ərəb dilini bilmədiyimdən o mənim yanımdan bir dəqiqə də olsun ayrılmırdı. Yəqin, fikrə getmişdim ki, yaxınlaşan adamı sadəcə “Nə düşünürsən?” sualını eşitdiyim anda fərq etdim...
21-22 yaşlarım olardı... Gələnəyə sayğı duyaraq Kufədə İraqlı qadınlar kimi geyinmişdim və mənə elə gəlirdi ki, qıraqdan əcnəbi olduğum o qədər də hiss olunmaz. Amma gələn deyəsən buraların adamı olmadığımı hiss etmişdi...
Deyəsən, nədənsə bu adama yaşımdan daha müdrik görünmək istəyi baş qaldırmışdı içimdə... Yaxud da ona verəcəyim cavab da, onun gəlişi, sualı və kiçik dialoqumuz kimi öncədən hazırlanmışdı...
- Allahı dərk etmək istəyirəm...
Mənə doğru yaxınlaşanda üzündəki təbəssüm ciddi və düşüncəli bir ifadə ilə əvəz olundu:
- Nə üçün?
- Nə qəribə sualdı... Necə yəni nə üçün?
- Allahı niyə dərk etmək istəyirsən, bunu düşündünmü?
- Məncə yaşamaq daha asan, daha gözəl və daha maraqlı olar, - deyə gənc insan sadövlüyü ilə cavab verdim...
Bu qəribə və maraqlı adamda diqqətimi cəlb edən, simasındakı nur axışı, işıq seli idi və mən sonra HUZURun nə demək olduğunu anlayanda yenə onu xatırladım... Şeyxülislam Hacı Allahşükür Paşazadə, akademik Vasim Məmmədəliyev və nümayəndə heyətinin digər üzvləri bizi müşaiyət edən üst düzey yetkililərlə söhbət edirdilər və mən reportaja qədər olan zamanımda bu qəribə adamdan nələrisə öyrənmək istədim, ondan Allahı, Dünyanı, Həyatı dərk etmək üçün oxunması vacib kitablar haqqında soruşmağa başladım. O uzun illərini İslam dinini öyrənməyə sərf etdiyini, universitetlərdə, tədqiqat mərkəzlərində çalışdığını dedi. Çox maraqlı insan idi və çox maraqlı da danışırdı. “Sizinlə reportaj etmək istəyirəm” dedim amma o nəzakətlə imtina etdi və belə şeyləri sevmədiyini söylədi. “Xoşbəxt adamsınız mən də İlahiyyat elmini dərindən oxumaq, öyrənmək istəyərdim, bu mənə Allahı, Dünyanı, Həyatı daha yaxşı dərk etmək imkanı verərdi. Mütləq bu sahə ilə bağlı daha çox kitab oxuyacam, buna ehtiyacım var” dedim...
Gülümsündü amma bir söz demədi... Və qısa susqunluğunu qəribə bir sualla pozdu:
- Səncə, buraya niyə gəlmisən?
- Buranı ziyarət etmək hər bir müsəlman kimi mənim üçün də önəmli və maraqlıdır. Həm də mən jurnalistəm, buradan maraqlı reportajlar hazırlayacam.
Üzünə o qəribə təbəssüm yenidən qayıtdı:
- Sən buraya tamam başqa bir şey üçün gəlmisən... fərqində deyilsən...
- Xeyr, siz yanılırsınız, mən sizə doğru söylədim, gəliş səbəbimi. – bir az da incik tonda cavab verdim ona...
- Sən hələ buraya çox gələcəksən və inşallah axtardığını tapa biləcəksən...
Söhbətimizi akademik Vasif Məmmədəliyevin yaxınlaşaraq “Qənirə müsahibəni buradamı etmək istəyirsən? Gəl o zaman başlayaq” deməsi kəsdi...
Zarafatla, “axtardığım və gözlədiyim nəhayət gəldi, gedim, proqramımı hazırlayım, sizinlə söhbət xoş idi” dedim...
“Biz hələ görüşəcəyik” dedi və ayrılmaq istəyirdi ki, birdən dönüb “Allahı dərk ermək üçün mütləq İlahiyyatı oxumaq lazım deyil, çalış həyatı oxu... Buraya da təsadüfən gəlməmisən, unutma...”
O gəldiyi kimi də tez bir zamanda yüzlərlə ziyarətçi arasında qəfildən yox oldu. “Maraqlı adam idi, gərək onu necə tapa biləcəyimi soruşa idim” deyə düşündüm amma artıq gec idi...
Bizə yaxınlaşan nümayəndə heyəti üzvlərindən kimsə “Qənirə xanım, bayaqdan söhbət etdiyiniz adam kim idi?” deyə soruşdu.
Maraqlı idi, söhbət etdiyim adamın adını belə soruşmağı unutmuşdum... “Bir Allah dostu” dedim... Bir Allah dostu..! Qəfil düşündüm ki, ilk dəfə işlətdiyim bu ifadəni harda oxuyub, eşitmişəm? - tapa bilmədim...
Vasif müəllim gözləyirdi və mən fikrim o qəribə insanın yanında qalsa da, reportaja başladım.
Qəribə bir duruma düşmüşdüm. Tez-tez ətrafa boylanırdım və mənə elə gəlirdi ki, o hardansa mənə baxır...
“Hələ görüşəcəyik” demişdi...
Sanki məni tanıyırdı...
Bəlkə də....
Ordan ayrılmaq istəmirdim... O adamın nə demək istədiyini anlamaq istəyirdim... Amma Kufədə nümayəndə heyətinin digər ziyarət edəcəyi yerlər, görüşlər vardı və mən ayrılmaq zorunda idi...
Kufə məscidinə doğru gedəndə mənə elə gəlirdi ki, o adam da hardansa ora gedir...
Və mən bütün axşam Kufədə hər şeyi diqqətlə müşahidə etməyə və o adamın sözləri barədə düşünməyə başladım...
***
Yolunuz düşsə yaxınlıqdakı tarixi və böyük həyəti olan Kufə məscidini də ziyarət edin. Hz. Əinin İbni Mülcemin zəhərli qılıncı ilə yaralandığı yeri də görmək olur Kufədə... Müsəlmanların bu günə qədər lənətlə andığı İbni Mülcem...
Küfə şəhəri sadəcə Hz.Əlinin deyil, eyni zamanda Müslüm bin Akilin, onun iki övladının da şəhid edildiyi yerdir. Müslüm bin Akilin Küfə məscidinin yanındakı surlardan atılıb şəhid edildiyi yeri də görə bilərsiniz. Müslüm bin Akil Hz. Əliyə və Əhli-beytə xəyanət etmədiyi üçün şəhid edilmişdi. Həm də faciəli şəkildə. Müslüm bin Akili Hz. Əli tərəfdarlarını, xalqı daha artıq qorxutmaq məqsədilə surlardan atıb nə zalımlıqlar edə biləcəklərini göstərmişdilər. Dayanıb Müslüm bin Akil və övladlarının ruhuna dualar oxuyuruq.
...Hz. Nuh (as) və Hz. Adəm (as) peyğəmbərlərin məzarlarının da burada olduğu barədə bələdçilər ortaya atılan ehtimal və rəvayətlərdən danışırlar. Həmin bölgəni də ziyarət edirik və Nəcəfə yola düşürük. Mən nümayəndə heyəti üzvlərinin və bizi müşayiət edən, İslamı dərindən bilən insanların maraqlı söhbətlərini dinləyə-dinləyə yenə o adamı və onun dediklərini düşünməkdə idim...
Və televiziyaya İraqa səfər xəbərinin gəlməsini xatırlamağa və niyə məhz mənim getməyim haqqında müzakirələri və qərarı hər bir detalı ilə xatırlamağa çalışdım. Mənə elə gəlirdi ki, o sirli adamın söylədiklərini anlaya bilməm üçün mütləq burdan başlamalıyam. Niyə mən? Niyə mən seçildim? O günü xatırladım... Çəkiliş yerinə getdiyimiz zaman yolda operatorun kamerada nasazlıq olmasını və kameranı dəyişmək üçün işə qayıtmalı olduğumuzu söyləməsini və mənim öncədən danışdığım reportajı bu gün edə bilməyəcəyimə dair içimdə yaranan narahatlıqla bərabər operatorun niyə kameranı işdə yoxlayıb çıxmadığı üçün ona bərk əsəbləşməmə, işinə məsuliyyəytlə yanaşmadığına dair fikirlərimi və əsəbi halda işə kameranı dəyişməyə qayıtdığımızı xatırladım. Operatorun “5 dəqiqəyə dəyişib, aşağı düşürəm” açıqlaması məni sakitləşdirə bilməmişdi, onların öz işlərinə daha məsuliyyətli yanaşması üçün texnik qurumun rəhbərinin yanına qalxıb etirazımı bildirib xəbərlər otağına keçmişdim ki, Mirşahinlə rastlaşdım. “Nə olub?” sualına qarşılıq, ürəyimi möhkəmcə boşaltdım. O isə “yaxşı ki, səni gördüm elə indicə zəng etmişdilər. İraqa bir nəfər göndərməliyik və kimi göndərəcəyiksə tez sənədlərini göndərməlidirlər. Getmək istəyirsənmi?” – sualının cavabına elə bil illər öncə hazırlamışdım. Heç nə səfərdi, kiminlə gedirəm, nə üçün gedirəm suallarını vermədən belə “getmək istəyirəm” dedim və... artıq yarımçıq qalan çəkiliş üçün qayıtmadım. İraqa səfərlə bağlı sənədlərlə məşğul oldum...
Axşam azanına az qalırdı... Nəcəf görünürdü... Hz. Əli türbəsinə yaxınlaşırdıq... Və mən artıq bu səfərin həyatımı dəyişdirəcəyini hiss edirdim...
OXŞAR XƏBƏRLƏR