22 aprel 2013-cü il tarixdə Trend Mətbuat Mərkəzində “İRƏLİ” İctimai Birliyi, «Nurgun Motors», Bakı şəhər Baş Dövlət Yol Polis İdarəsi, “Modern Marketing Group” və Avtostop tele-radio proqramının birgə təşkilatçılığı ilə start verilən “Avtosfera 2” layihəsinin açılış mərasimi keçirilib.
İrəli-dən AZXEBER.COM-a verilən məlumata görə, açılışda “İRƏLİ” İctimai Birliyinin sədri Rauf Mərdiyev, «Nurgun Motors» şirkətinin avtomobil qrupu üzrə Marketinq şöbəsinin rəhbəri İlkin Qurbanov, Bakı şəhər Baş Dövlət Yol Polis İdarəsinin İctimai Qurumlarla əlaqə şöbəsinin inspektoru Namidan Piriyev, “Modern Marketing Group” şirkətinin Layihələr üzrə rəhbəri Cavid Cəlilov, “İRƏLİ” İctimai Birliyinin baş katibi Nərmin Məmmədova, “İRƏLİ” Hüquq Mərkəzinin rəhbəri Leyla Yolçiyeva və layihə iştirakçıları iştirak ediblər.
“İRƏLİ” sədri Rauf Mərdiyev qeyd edib ki, ilk “Avtosfera 1” layihəsi 2011-ci ildə baş tutub: “Gənclərin sürücülük kurslarına yüksək marağını nəzərə alaraq “Avtosfera 2” layihəsini keçirməyi qərara aldıq. Layihənin əsas məqsədi sürücülük vəsiqəsi əldə etmək istəyən gənclərin yol hərəkəti qaydaları ilə tanış edilməsi, sürücülük mədəniyyətinin səviyyəsini yüksəltmək, gəncləri yol hərəkəti qaydaları ilə peşəkar mütəxəssislər vasitəsilə tanış etməkdir”. Rauf Mərdiyev həmçinin qeyd edib ki, nəzəri hissədə təlimlər “İRƏLİ” Gənclik Mərkəzində keçiriləcək və daha sonra praktiki təlimlər «Nurgun Motors»un dəstəyi ilə baş tutacaq.
«Nurgun Motors» şirkətinin avtomobil qrupu üzrə Marketinq şöbəsinin rəhbəri İlkin Qurbanov qeyd edib ki, bu tip layihələrin keçirilməsi çox önəmlidir: “Şirkət hər zaman maarifləndirici layihələrin keçirilməsində təşəbbüs göstərir və bununla bağlı bir sıra kompaniyalar keçirir. Gənclər arasında avtomobilin düzgün idarə olunması və təbliğ olunması əsasdır. Bundan sonra da şirkətimiz tərəfindən gənclər sahəsində bu kimi layihələrin keçirilməsində dəstək göstərəcəyik”.
“İRƏLİ” Hüquq Mərkəzinin rəhbəri Leyla Yolçiyeva, Bakı şəhər Baş Dövlət Yol Polis İdarəsinin İctimai Qurumlarla əlaqə şöbəsinin inspektoru Namidan Piriyev və “Modern Marketing Group” şirkətinin Layihələr üzrə rəhbəri Cavid Cəlilov bu layihələrin mütəmadi keçirilməsinin vacibliyini vurğulayıblar və bildiriblər ki, belə bir layihələr gənclərin bu sahədə biliklərinin artırılmasında müsbət rol oynayır.
Qeyd edək ki, layihəyə ümumilikdə 500 nəfərdən çox şəxs müraciət edib. Müsahibədən uğurla keçən 100 nəfər şəxs layihədə iştirak hüququ qazanıb. Təlimlər iki ay davam edəcək və bu müddətdə iştirakçılar həm nəzəri, həm də praktiki biliklər əldə edəcəklər. İştirakçılardan 60 faizini xanımlar təşkil edir. İştirakçılar 4 qrupa ayrılacaq, hər bir iştirakçı həftədə iki dəfə olmaqla təlimlərə qatılacaqlar.![](/)
![](/)
![](/)