'İrəli'çi gənclər Çingiz Abdullayevlə görüşdülər

GƏNCLİK
18:30 02.05.2013
1804

2 May tarixində Gəncliyə Yardım Fondunda “İRƏLİ” Tədqiqatlar və Araşdırmalar Mərkəzinin Kitab Klubu layihəsi çərçivəsində Azərbaycan Yazıçılar Birliyinin üzvü, hüquq elmləri doktoru, “Şöhrət” ordenli, xalq yazıçısı Çingiz Abdullayev ilə görüş keçirilib.

AZXEBER.COM-un məlumatına görə, görüşdə “İRƏLİ” İctimai Birliyinin sədriRauf Mərdiyev, Gəncliyə Yardım Fondunun vitse-prezidentiSalman Əliyev, gənc yazarlar və fəal gənclər iştirak ediblər.

İlk olaraq “İRƏLİ” sədri Rauf Mərdiyev qonağı salamlayıb. Gənclərlə görüşü qəbul etdiyi üçün təşəkkürünü bildirib və bu görüşdən gənclərin öyrənəcəyi çox dəyərli fikirlərin olduğunu qeyd edib.

Yazıçı gənclərlə mütəmadi olaraq görüşdüyünü qeyd edib: “Bu gün gənc nəsil çox kitab oxumalı, mütaliə ilə məşğul olmalıdır. Hər bir ölkənin gələcəyi, sabahı, siyasəti, iqtisadiyyatı onun savadlı, intellektuallı gənclərindən asılıdır. Özümüzü, ölkəmizi, dövlətimizi inkişaf etdirmək və beynəlxalq arenada təmsil etmək üçün ilk növbədə savadlı olmalıyıq”.

Yazıçı qeyd edib ki, bir yazıçının ən böyük nailliyəti, şöhrəti kitablarının geniş oxucu kütləsi tərəfindən qəbul olunması və sevilməsidir: “Bu gün bu nailliyyəti əldə etdiyimə, qazandığıma görə xoşbəxtəm. Əsərlərim hətta istər ölkəmizdə, istərsə də xaricdə cəmiyyətdə öz sözünü demiş, tanınan simalar tərəfindən oxunulur və sevilir”.

Çingiz Abdullayev bir kitab üzərində 24 saat işlədiyi vaxtlar olduğunu da bildirib və qeyd edib ki, kitabların ərsəyə gəlməsində bu qədər əmək sərf etməsəydi, kitabları geniş oxucu marağına səbəb olmazdı. Yazıçı bu vaxta qədər 171 kitab yazdığını da vurğulayıb.

Görüşdə həmçinin yazıçının əsərləri müzakirə olunub. Yazıçı öz həyat təcrübəsi ilə paylaşıb, qarşılıqlı diskussiya aparılıb. Gənclərin çoxsaylı suallarını cavablandıran yazıçı öz məsləhətlərini verib və gənclərə həyat yollarında uğurlar arzu edib.

Sonda yazıçının imza mərasimi keçirilib. Həmçinin “İRƏLİ” adından yazıçıya “Azərbaycanı Tanı” kitabı təqdim edilib.

Qeyd edək ki, “İRƏLİ” Kitab Klubunun əsas məqsədi gənclər arasında maraq doğuran kitabların oxunması, müzakirəsi və tanınan yazıçılar ilə gənclərin görüşünü təşkil etməkdir.

“İRƏLİ” gənclərin kitab oxumasına, mütaliənin təbliğinə önəm verir və diqqət göstərir. “İRƏLİ” bu istiqamətdə müxtəlif layihələr həyata keçirir və hər il onlarla kitab dərc edir. “İRƏLİ” daxilində kitabxana və “Ədəbi Məclis” fəaliyyət göstərir.

OXŞAR XƏBƏRLƏR