'İrəli'də 'Sağlam Dişlər–Sağlam Təbəssüm' layihəsi davam edir
GƏNCLİK
00:05 27.04.2012
1807
“İRƏLİ” İctimai Birliyi hər zaman gənclərin müxtəlif sahələrdə inkişafına böyük önəm verir. Birlikdən AZXEBER.COM-a verilən məlumata görə, ölkədə səhiyyə sahəsinin inkişafını nəzərə alaraq “İRƏLİ” Tibb Klubu yaradılmış və bu yöndə müxtəlif layihələr həyata keçirilir. “İRƏLİ” Tibb klubu “Sağlam Təbəssüm” klinikasının və “Həkimlər və Təbib Tələbələr” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Sağlam Dişlər–Sağlam Təbəssüm” layihəsi çərçivəsində növbəti seminar keçirilmişdir. Seminar 26 Aprel 2012-ci il tarixində Bakı şəhəri 189 saylı orta məktəbdə baş tutmuşdur. Seminarda 70 şagird iştirak etmişdir. Ekspert Mujqan Onk məktəblilərə ağız boşluğunun gigiyenası və dişlərə doğru qulluq qaydaları haqqında ətraflı məlumat vermişdir. Daha sonra “Sağlam Təbəssüm” klinikasının baş həkimi Natavan Qurbanova şagirdlərə stomatoloji xəstəliklər və onların profilaktikasından bəhs etmişdir. Məktəblilərə ağız boşluğunun gigiyenası, stomatoloji xəstəliklər və onlara düzgün qulluq qaydaları və s. məlumatları özündə əks etdirən maarifləndirici materiallar paylanılmışdır. Sonda ekspertlər tərəfindən məktəbliləri maraqlandıran suallar cavablandırılmışdır. Qeyd edək ki, “Sağlam Dişlər–Sağlam Təbəssüm” layihəsi çərçivəsində seminarlar mütəmadi olaraq Bakı şəhəri və regionlarda yaşayan, təhsil alan məktəbli və gənclər üçün nəzərdə tutulub.