İş saatlarının dəyişdirilməsi Bakıda tıxac problemini həll edəcəkmi? – “Bu kifayət etməyəcək”

İş saatlarının dəyişdirilməsi Bakıda tıxac problemini həll edəcəkmi? – “Bu kifayət etməyəcək”
SOSİAL
17:08 21.07.2026
376

"İş saatlarının diferensiallaşdırılması tıxacların tam aradan qalxmasına kömək etməyəcək”

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa deyib.

O qeyd edib ki, iş saatlarının diferensiallaşdırılmasına ehtiyac var:

"Çevik iş vaxtı rejimi modellərinin yaradılması dəfələrlə bizim tərəfimizdən də Milli Məclisdə səsləndirilib. Həqiqətən də iş saatlarının diferensiallaşdırılmasına ehtiyac var.Bu, müəyyən mənada tıxacların qarşısının alınması baxımından nəzərdən keçirilə bilər. Ancaq tıxac problemi infrastruktur səviyyəsində həll edilməzsə, təkcə bu addımla ciddi nəticə əldə etmək mümkün olmayacaq. İlk növbədə şəhərin yol infrastrukturu inkişaf etdirilməli, yarımçıq qalan yol layihələri başa çatdırılmalıdır. Məsələn, Nərimanovda gedən yol tikintisi uzun müddətdir başa çatmır. Bu isə tıxacın əsas səbəblərindən biridir. Yeni körpülərin, tunellərin və yol qovşaqlarının tikintisini çevik həyata keçirmək lazımdır”.

Parlamentari qeyd edib ki, bu məsələyə kompleks yanaşılmalıdır:

"Müasir texnologiyalarla bir-iki aya başa çatdırıla biləcək işlərin bizdə bəzən bir il və ya daha çox vaxt aparması problemin kifayət qədər ciddi olduğunu göstərir. Buna görə də məsələyə kompleks yanaşılmalıdır. Avtomobillərin sayının artması, paytaxtın nəqliyyat yükü, idarəetmə mexanizmləri və digər amillər birlikdə təhlil edilməli və uyğun tədbirlər görülməlidir. Bütün bunlarla yanaşı, iş saatlarının diferensiallaşdırılması tıxacların müəyyən qədər azalmasına kömək edə bilər. Lakin bu, problemin köklü həlli olmayacaq”.

Şahanə Ziyad

OXŞAR XƏBƏRLƏR