"İşğal olunmuş ərazilərdə zədələnməmiş Azərbaycan abidəsi qalmayıb"
Bütün Xəbərlər
11:17 29.09.2012
1118
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin Baş Assambleyasının 67-ci sessiyasında çıxış edib. Nazir qeyd edib ki, bu çıxış Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildikdən sonra onun üçün Baş Assambleya sessiyasında ilk çıxışıdır. O həmçinin seçkilərin 17-ci turunda bizim ölkəyə dəstək və həmrəy olduğu üçün təşkilat üzvlərinə dərin minnətdarlığını bildirib."Bu gün müzakirə mövzumuz dünyada beynəlxalq münaqişələrin və vəziyyətlərin həllidir. Bu problem hələ də aktualdır. Bu, BMT-nin Baş Assambleyasının 66-cı sessiyası zamanı baş verən müzakirələrin məntiqi davamıdır. Həqiqətən, münaqişələrin nizama salınması beynəlxalq hüququn əsas prinsiplərindəndir. Çox vacibdir ki, münaqişələrin bütün tərəfləri bir-birinin ərazi bütövlüyünə və siyasi müstəqilliyinə hörmətlə yanaşsın, və güc tətbiq etməmək prinsipindən istifadə edərək mübahisə məsələlərini beynəlxalq hüquq əsasında həll etsin.Baş Assambleyanın 65-ci və 66-cı sessiyaları ərzində, mübahisələrin sülh yolu ilə həlli və münaqişələrin qarşısının alınması üçün vasitəçilik rolunun gücləndirilməsi barədə iki qətnamə qəbul edilib. Həmçinin Baş katib effektiv vasitəçiliyə dair əsaslanma təqdim etmişdir. Həlledici amil ondan ibarətdir ki, qəbul edilmiş qətnamələr və Baş katibin effektiv vasitəçiliyə dair əsaslanması suverenlik, ərazi bütövlük və siyasi müstəqillik prinsiplərini xüsusi vurğulayan BMT Nizamnaməsinin və beynəlxalq hüququnun hakim rolunu təsdiqləyir", - XİN rəhbəri bildirib.Nazirin sözlərinə görə, dünya indi də beynəlxalq hüququn fundamental norma və prinsiplərinin davamlı və sistemli pozulması ilə üzləşir."Hələ də ərazilərin bərpasından ötrü, ərazi bütövlüyünə və dövlətlərin siyasi müstəqilliyinə qarşı gücün tətbiq olunmasının şahidi oluruq. Dünyada yüz minlərlə insanlar təcavüz, işğal, etnik təmizləmədən və beynəlxalq ictimaiyyətdə narahatlıq doğuran ən ağır cinayətlərə görə cəzasızlıqdan əziyyət çəkir. Ermənistan və Azərbaycan arasında davam edən münaqişə regionda və dünyada təhlükəsizlik üçün ciddi problemdir. Münaqişə nəticəsində Azərbaycan ərazisinin təxminən 20 faizi işğal olunub və bir milyondan artıq insan qaçqın və məcburi köçkün olub. Müharibədə yaşlılar, qadınlar və uşaqlar daxil olmaqla, yüzlərlə azərbaycanlı öldürülmüşdür", - Məmmədyarov bildirib.Xarici işlər naziri Ermənistanın Azərbaycana qarşı təcavüzün sosial-iqtisadi sahədə də təsir etdiyini söyləyib. "İşğal olunmuş ərazilərdə zədələnməmiş və ya dağıdılmamış bir Azərbaycan mədəniyyət və memarlıq abidəsi qalmamışdır.Lakin biz sülh, sabitlik və regionda qarşılıqlı faydalı əməkdaşlığa heç bir alternativ görmürük. Azərbaycan münaqişənin tezliklə və sülh yolu ilə həllində ən çox maraqlıdır. Münaqişənin həll olunmasının məqsədi qanunsuz erməni işğalına son qoymaq və məcburi köçkünlərin qaytarılması təmin etmək, Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının sülh şəraitində birgə Azərbaycan Respublikasının tərkibində təmin etməkdir" - Məmmədyarov bildirib.