İş yerində həmkarların şəxsi mövzular haqqında müzakirələri, müxtəlif məsələlərə dair fikir ayrılıqları və bəzən uzunmüddətli mübahisələri gündəlik iş prosesinin bir hissəsinə çevrilə bilər. Bir tərəfdən bu cür söhbətlər əməkdaşlar arasında ünsiyyəti artırsa da, digər tərəfdən müzakirənin yüksək səslə aparılması və tərəflərin bir-birinə qarşı aqressiv münasibəti ətrafdakı şəxslərin diqqətini yayındıra və əsəbiləşdirə bilər. Bəs belə vəziyyətdə nə etmək lazımdır?
AZXEBER.COM xəbər verir ki, psixoloqların fikrincə, insanın razılaşmadığı fikir və müzakirələri uzun müddət dinləməsi onda gərginlik yarada bilər. Xüsusilə söhbət siyasi, sosial, şəxsi və digər mübahisəli mövzular ətrafında gedirsə, insan istəmədən həmin müzakirəyə diqqət ayırmağa başlayır.
Mütəxəssislərin fikrincə, burada əsas problem yalnız səsin yüksək olması deyil. İnsan eşitdiyi fikirlə razılaşmadıqda və ya həmin mövzu onun üçün emosional əhəmiyyət daşıdıqda söhbəti sadəcə fon səsi kimi qəbul etmək çətinləşir. Beyin qarşı tərəfin dediklərini qiymətləndirməyə və ona cavab verməyə meyllənir. Nəticədə insan öz işi ilə məşğul olsa belə, diqqətinin bir hissəsi həmin müzakirədə qalır.
Bəzən əməkdaş müzakirəyə qoşulmasa belə, daxildə qarşı tərəfin fikrinə etiraz edə bilər. Məsələn, həmkarlarından biri hər hansı məsələ ilə bağlı şəxsi fikrini bildirir və digər əməkdaş onunla razılaşmadığını yüksək səslə izah edir. Söhbət uzandıqca ətrafdakı şəxslər də istər-istəməz müzakirəni eşidir və bu, onların iş prosesindən yayınmasına səbəb ola bilər.
Psixoloqlar hesab edirlər ki, belə vəziyyətdə ilk növbədə insan öz reaksiyasını idarə etməyə çalışmalıdır. Hər eşitdiyimiz fikrə cavab vermək və ya onu dəyişdirmək bizim məsuliyyətimiz deyil. Qarşı tərəfin düşüncəsi bizim şəxsi fikrimizlə üst-üstə düşmədikdə bunu dərhal mübahisəyə çevirmək də zəruri deyil.
Fəridə Əsədzadə











































