Bu il mayın 2-də ölkə Prezidenti İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edilən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov yenidən Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏ İKGF) Baş Katibi təyin edilib. AZXEBER.COM "SalamNews" istinadən xəbər verir ki, Elşad İskəndərovun bu vəzifəyə təyin olunması barədə İslam Əməkdaşlıq Təşkilatına (İƏT) bağlı beynəlxalq qurum olan Forumun İdarə heyətinin bu barədə müvafiq qərarını DƏ İKGF-nin Prezidenti Əli Sarıkaya mayın 6-da imzalayıb. Qərarda həmçinin Elşad İskəndərova Forumun Baş Katibi vəzifəsilə yanaşı, qurumun bu il keçiriləcək Baş Assambleyasının Təşkilat Komitəsinə başçılıq etmək də həvalə olunub. Fövqəladə və səlahiyyətli səfir ranqı ilə Azərbaycan Xarici İşlər Nazirliyinin diplomatik xidmətində olan Elşad İskəndərov bu vəzifədə ölkəmizi rəsmən təmsil edəcək. Xatırladaq ki, 2007-2012-ci illərdə bu vəzifəni icra etmiş Elşad İskəndərova Azərbaycan Prezidenti İlham Əliyevin 5 mart 2009-ci il tarixli Sərəncamı ilə fövqaladə və səlahiyyətli səfir diplomatik ranqı verilib. E.İskəndərov 2012-2014 cü illərdə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri olduğu dövrdə Forumun Baş Katibi vəzifəsinin icrasını dayandırıb. Qeyd edək ki, İƏT-nin 57 üzv ölkəsindən 41-nin təmsil olunduğu Forum beynəlxalq təşkilat statusunda fəaliyyət göstərir. Qurumun Baş Qərargahı Türkiyədə, Avrasiya Regional Mərkəzi isə Azərbaycanda diplomatik təsisat kimi akkreditasiyadan keçib. İKGF-nin Prezidenti Əli Sarıkaya isə həm də Türkiyə Baş nazirinin müşaviri vəzifəsində çalışır.