“İslahatçı Gənclər” beynəlxalq əlaqələrini genişləndirir - Daha bir əməkdaşlıq memorandumu imzalandı

GƏNCLİK
14:04 24.05.2021
2103
"İslahatçı Gənclər” İctimai Birliyi Azərbaycan həqiqətlərinin, tarix və mədəniyyətinin müxtəlif ölkələrdə təbliği, azərbaycanlı tələbələr üçün yeni imkanların yaradılması məqsədi ilə layihəyə start verib. Birliyin mətbuat xidmətinin məlumatına görə, təşkilat bu məqsədlə dünyanın müxtəlif universitetləri, ictimai təşkilatları, gənclər birlikləri ilə əməkdaşlıq əlaqələrinin qurulması prosesinə başlayıb.

Bu istiqamətdə növbəti mühüm addım Ukrayna ilə atılıb. "İslahatçı Gənclər” İctimai Birliyi ilə Ukraynanın nüfuzlu Qərbi Ukrayna Milli Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Onlayn formatda baş tutan görüşdə "İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı, Qərbi Ukrayna Milli Universitetinin rektoru Andriy Krysovatyy, beynəlxalq əlaqələr şöbəsinin müdiri Iryna Ivashchuk iştirak edib.

Bildirilib ki, Azərbaycanla Ukraynanı tarixi dostluq və strateji tərəfdaşlıq əlaqələləri birləşdirir. Bu dövlətlər bütün platformalarda bir-birini yaxından dəstəkləyir. Ölkələrimiz arasında əməkdaşlığın böyük potensialı var. Qeyd olunub ki, əməkdaşlıq haqqında memorandum bir sıra sahələrdə, xüsusən də təhsil, gənclik və mədəniyyət sahələrində Azərbaycan-Ukrayna münasibətlərinə böyük töhfə verəcəkdir.

"İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı qeyd edib ki, Ukrayna azərbaycanlı tələbələrin təhsil almaq üçün seçdiyi ölkələrdən biridir:

"Biz arzu edirik ki, gənclərimiz Ukraynanın nüfuzlu ve keyfiyyətli təhsil verən universitetlərində oxusunlar. Sizin universitetiniz buna nümunədir. Bundan əlavə inanıram ki, universitetlə təşkilatımız arasındakı əməkdaşlıq çərçivəsində Azərbaycanla Ukraynanın tarix və mədəniyyətinin qarşılıqlı təbliği həyata keçiriləcək”.

Qərbi Ukrayna Milli Universitetinin rektoru Andriy Krysovatyy bildirib ki, iki ölkə arasında münasibətlər bütün istiqamətlər üzrə yüksələn xətlə inkişaf edir. Rektor qeyd edib ki, bu əməkdaşlıq sazişi təhsil, gənclər və mədəniyyət sahəsində Ukrayna-Azərbaycan əlaqələrinin inkişafına mühüm bir töhfə olacaq.

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR