'İslahatçı Gənclər' Türkiyəyə niyə getmişdi? - FOTOLAR

GƏNCLİK
14:20 09.01.2013
1677

“İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı, baş katibi Hacıbəy Heydərli və mətbuat katibi Əfsələddin Ağalarov Türkiyənin İstanbul şəhərində rəsmi səfərdə olublar. Birliyin mətbuat xidmətinin məlumatına görə, səfər çərçivəsində İstanbulda bir sıra mühüm görüşlər keçirilib.

İlk olaraq Azərbaycanın İstanbuldakı Baş Konsulluğuna baş çəkən “İslahatçı Gənclər” baş konsul Həsən Zeynalovla görüşüblər. Görüşdə Türkiyədə təhsil alan azərbaycanlı gənclərlə bağlı məsələlər, Türkiyə-Azərbaycan münasibətlərinin bugünkü durumu geniş müzakirə mövzusu olub. Azərbaycan gənclərinin Türkiyənin ictimai həyatına inteqrasiyası mövzusunda müzakirələr aparılıb.

Türkiyənin nüfuzlu “İhlas” media holdinqində olan İB rəhbərliyi “Türkiyə” qəzetini, “TRT Haber” televiziyasını, “İhlas” xəbər agentliyini ziyarət ediblər. “Türkiyə” qəzetinin baş redaktoru Nuhal Bayrakla görüşdə Türkiyə-Azərbaycan mediaları arasında əməkdaşlıq məsələləri müzakirə olunub. Türkiyə mediasından Azərbaycan gəncliyinə dəstək və digər mühüm məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. “Türkiyə” qəzeti “İslahatçı Gənclər”dən “Azeri gençlerden kardeşlik hamlesi” adlı yarım səhifəlik məqalə dərc edib.

“Türk ocaqları”nın başqanı Cezmi Bayramla görüşən İB rəhbərliyi türk dünyası gənclərinin əməkdaşlıq əlaqələrinin genişləndirilməsi istiqamətində qarşılıqlı fikir mübadiləsi aparılıb.

Növbəti görüş Türkiyə Gənclik Konfedrasiyasına aid İstanbul Gənclik Federasiyasının başqanı Alpay Gürellə baş tutub. Azərbaycanlı gəncləri salamlayan A.Gürel iki qardaş ölkənin gəncləri arasında münasibətlərin gələcək perspektivlərindən danışaraq, əməkdaşlığın daha ciddi mərhələyə qədəm qoyması ilə bağlı təkliflərini verib. Alpay Gürel İstanbul Gənclik Federasiyasının qəbul etdiyi Dağlıq Qarabağ münaqişəsi, Xocalıda erməni soyqrımını təsdiq edən qətnaməni İB sədri Fərid Şahbazlıya təqdim edib. İstanbul Gənclik Federasiyasının Azərbaycan prezidenti İlham Əliyevin “Krans Montana” forumunda “Azərbaycan öz torpaqlarında ikinci bir erməni dövlətinin yaranmasına imkan verməyəcək” bəyanatını dəstəkədiyini də türkiyəli gənc lider qonaqların diqqətinə çatdırıb.

“İslahatçı Gənclər”dən ibarət nümayəndə heyəti Türkiyənin “TV-2000” kanalında canlı yayımda “Murad Şahinlə güne-günden” proqramının qonağı olublar. İB rəhbərliyi Azərbaycan-Türkiyə münasibətlərinin bugünkü durumu, iki qardaş ölkə arasında münasibətlərin gələcəyi, Aərbaycan gəncliyinin Türkiyədən gözləntiləri ilə bağlı fikirlərini canlı yayımda bölüşüblər.

Daha sonra gənc qonaqlar İstanbulun ən böyük bələdiyyələrindən olan Bayrampaşa bələdiyyəsinin başqanı Atilla Aydınerlə görüşüblər. Görüşdə Azərbaycan gəncləri ilə Türkiyə gənclərinin birgə görüşlər keçirməsi, bu görüşlərin təşkilində bələdiyyələrin rolu istiqamətində müzakirələr aparılıb.

OXŞAR XƏBƏRLƏR