“İslahatçı Gənclər” yeni layihənin icrasına başlayır

GƏNCLİK
09:39 17.03.2014
1254

“İslahatçı Gənclər” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Milli- mənəvi dəyərlərimiz və görkəmli şəxsiyyətlərimizin mətbuat və sosial şəbəkələrdə təbliği” adlı yeni layihənin icrasına başlayır. 

Bu barədə məlumat verən birliyin sədri Fərid Şahbazlının sözlərinə görə, layihə mətbuatda və sosial media vasitələrində milli-mənəvi dəyərlərimizin, görkəmli şəxsiyyətlərimizin mənəvi qorunması, onlara qarşı yönələn qara PR, gözdənsalma kampaniyasına qarşı maarifləndirmə və təbliğatın müxtəlif innovativ formalarından istifadə etməklə virtual mübarizə xarakteri daşıyır.

Təşkilat sədrinin sözlərinə görə, layihə çərçivəsində gənclərin zamanının mühüm bir hissəsini keçirdiyi sosial şəbəkələrdə maarifləndirmə və təbliğat xarakterli səhifə və qruplar yaradılacaq: “Eyni zamanda ölkəmizdə öz nüfuzu ilə seçilən ziyalılar, siyasətçilər, elm, mədəniyyət, ədəbiyyat xadimləri ilə video-müsahibələr təşkil olunacaq. Onların milli-mənəvi dəyərlərimiz, görkəmli şəxsiyyətlərimizlə bağlı fikir və düşüncələrini əks etdirən təbliğat video-müsahibələr hazırlanacaq.

Bununla yanaşı, tanınmış gənc liderlər, ziyalılar, millət vəkilləri, ictimai-siyasi xadimlər arasında çoxsaylı gənclərin iştirakı ilə milli-mənəvi dəyərlərin, görkəmli şəxsiyyətlərin qoruması və təbliğinin daha effektiv yolları mövzusunda debat və ictimai müzakirələr keçiriləcək”.

Fərid Şahbazlı qeyd edib ki, layihə çərçivəsində eyni zamanda ayrı-ayrı görkəmli şəxsiyyətlərimizlə bağlı virtual aləmdə məlumatlılığın artırılması məqsədilə gənclər arasında dünya praktikasında geniş yayılmış bloq-sayt müsabiqəsi elan ediləcək: “Bundan başqa medianın diqqətini milli- mənəvi dəyərlərimiz və görkəmli şəxsiyyətlərimiz mövzusuna daha çox cəlb etmək üçünsə jurnalistlər arasında bu istiqamətdə yazı müsabiqəsinin keçirilməsi nəzədə tutulub”.

Layihənin keçirilməsinin mühüm əhəmiyyətini qeyd edən “İslahatçı Gənclər” İB-nin sədri, gənclərimizin milli-mənəvi dəyərlərimizin qorunması və təbliği işində yaxından iştirak etməsinin zəruruliyini vurğulayıb.

OXŞAR XƏBƏRLƏR