Bu gün 2006-cı ildə “Gənc Liderlər” Uşaq Təşkilatı kimi fəaliyyətə başlayan, 2011-ci ildən etibarən “İslahatçı Gənclər” İctimai Birliyi adı altında dövlət qeydiyyatına alınmış formada çalışan gənclər birliyinin 6 yaşı tamam olur.Təşkilatın ad günü ilə bağlı fikirlərini bölüşən İB sədri Fərid Şahbazlı söylədi ki, məktəbli ikən çox böyük ümidlərlə yaratdıqları bu təşkilat hazırda ölkəmizin ən iddialı və strukturlaşmış təşkilatlarından biridir: “Biz bu illər ərzində çox məhdud imkanlarla 500-dən artıq müxtəlif istiqamətli layihələr reallaşdırıb, gənclər sektorunda özümüzə məxsus yer tuta bilmişik. Fəaliyyətimiz boyu kəmiyyətə deyil, keyfiyyətə üstünlük verdiyimizdən, təşkilatın sıralarında ölkəmizin yüzlərlə intellektual və dövlətçiliyə bağlı gəncləri birləşib. Hesab edirəm ki, 6 illik fəaliyyətimiz cəmiyyətin müxtəlif təbəqələri tərəfindən çox böyük etimad və diqqətlə qarşılanır. Təsadüfi deyil ki, bu gün onlarla millət vəkili, dövlət məmurları, ziyalılar təşkilatımızın fəxri üzvləri sırasında cəmləşib”.