Nihat Allahyarlı
Ölkə boyunca müşahidə olunan islahatlar inkişaf etməkdə olan Azərbaycan cəmiyyətinin sosial sifarişinə dövlətimiz tərəfindən verilən müsbət cavabdır. Müasir mərhələnin dinamikasına adekvat olmayan qurumların ləğvi, yeniliklərlə ayaqlaşa bilməyən məmurlarla yolların ayrılması məsələnin yalnız görünən tərəfidir.
İslahatlar dalğası isə daha böyük miqyasları əhatə edəcək və nəticə etibarilə hakimiyyət həlli vacib məsələlərə daha adekvat reaksiya göstərmiş olacaq. Bu gün müşahidə etdiyimiz müsbət dəyişikliklərin əsası isə 2016-cı ilə Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə keçirilmiş referendumla qoyulub.
Prezident İlham Əliyevin xalqdan güc alan siyasəti
Bəli, baş verənləri bu cür dəyərləndirmək daha doğru olardı. Unudulmamalıdır ki, idarəçiliyin opimallaşdırılması, islahatların davamlılığı və bütün spektrləri əhatə etməsinin vacibliyi dövlət başçısı İlham Əliyevin daxili siyasətinin ana qayəsini təşkil edir. 2016-cı ilin sentyabrında keçirilmiş ümumxalq səsverməsinin nəticələri isə xalqın öz Prezidentinə, onun islahat istəyinə hamılıqla "hə” deməsi idi.
Xatırladaq ki, Azərbaycan Respublikasının Konstitusiyası 1995-ci il noyabrın 12-də qəbul olunmuş, 2002-ci il avqustun 24-də və 2009-cu il martın 18-də Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi ilə bağlı iki dəfə referendum keçirilmişdi. Amma son dəyişikliklərdən ötən 7 il ərzində ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında baş vermiş əsaslı dəyişikliklər, habelə regionda və dünyada cərəyan edən siyasi və iqtisadi proseslər, daha çevik idarəetməyə nail olmaq və digər vacib səbəblər Konstitusiyaya dəyişiklikləri vacib edirdi.
23 maddədə dəyişikliklərin edildiyi, 6 maddənin isə əlavə olunduğu həmin referendum layihəsi məhz Cənab Prezidentin təşəbbüsü idi. Böyük fəxrlə qeyd etmək istərdim ki, bu günkü islahatların özəyi, başlanğıc nötqəsi və yeniləşən Azərbaycan üçün dönüş nöqtəsi olan bu prosesin birbaşa iştirakçısı və "Bələdiyyə” təşviqat qrupunun vəkili kimi təbliğatçısı olmuşam. O vaxt inanırdıq ki, iştirakçısı və təbliğatçısı olduğumuz proses ölkəmizin gələcək taleyində mühüm rol oynayacaq, bunun bəhrəsini çox da uzaq olmayan gələcəkdə görəcəyik. Yanılmadığımızın isbatı ortadadır, göründüyü kimi həmin ümumxalq səsverməsinə, prezident İlham Əliyevin yenilik amalına xalqımızın "HƏ” deməsindən sonra islahatlar günün tələbinə çevrildi.
Əlavə və dəyişikliklər insan hüquq və azadlıqlarının qorunmasına təminat verən əsasların təkmilləşdirilməsini, səmərəli və çevik dövlət idarəçiliyi mexanizminin formalaşdırılmasını, icra intizamının möhkəmləndirilməsini, həyata keçirilən iqtisadi islahatların effektivliyini və digər vacib nüansları özündə əks etdirmişdi. Təsadüfi deyil ki, cəmiyyət həyatının əsas sahələrini əhatə edən həmin dəyişikliklərin ardınca mühüm sosial, siyasi və iqtisadi islahatlar uğurla həyata keçirilməyə başladı. Hazırda isə həmin islahatlar paketinin olduqca mühüm mərhələsini yaşamaqdayıq. Dövlət idarəçiliyində Vitse Prezidentlik inistitutunun yaradılması Azərbaycanda prezident üsul-idarəsinin təkmilləşdirilməsini, onun müasir çağırışlara adekvatlığını, dövlət idarəçiliyi mexanizminin optimal funksionallığını təmin etmək məqsədindən irəli gəlirdi və görünən odur ki, özünün müsbət nəticələrini göstərməkdə davam edir. Müşahidə edilən müsbət tendensiyalardan biri isə odur ki,
Hakimiyyətin ön cərgəsinə yenilikçi gənclər gətirilir
Son illər sosial-siyasi sferada yaşananların təhlili onu düşünməyə əsas verir ki, hakimiyyət yenilikçi düşüncəyə meydan verməklə idarəçiliyin səmərəliliyini artırmağa nail olub. Burada ölkəmiz üçün mütərəqqi kadr potensialı hazırlayan yenilikçi və innovativ mənbə rolununda çıxış edən Heydər Əliyev Fondunun xidmətləri və önəmi danılmazdır. Məhz həmin mütərəqqi islahatların nəticəsidir ki, bir çox hallarda inkişafı istəmədən belə olsa tormozlayan "qoca təfəkkür” yerini dinamik inkişaf tərəfdarları olan gənc nəsilə verməyə məcbur oldu. Yürüdülən bu xətt Azərbaycana iqtisadi-siyasi tərəqqi vəd etməkdədir. Bunu vergi, gömrük və digər fəaliyyət sahələrindən dövlət büdcəsinə daxilolmaların əhəmiyyətli şəkildə çoxalması fonunda tələbə təqaüdlərinin, maaşların artması və ümumilikdə sosial rifah halının yüksəlməsi də təsdiqləyir.