İctimai Palata mayın 24-də İctimai Televiziya qarşısında piket keçirib.Müxalifət partiyaları və ictimai fəalların birləşdiyi qurum televiziyanı ancaq iqtidara qulluq etməkdə, onun xalqın televiziyası olmamaqda qınayıb. Eyni zamanda, İctimai Palataya efir vaxtı ayırmadığı üçün narazılığını bildirib. AzadlıqRadiosu İTV rəhbəriİsmayıl Ömərovdanbu piketə və iradlara münasibət öyrənib. «BİZ HƏR HANSI QÜVVƏNİN ƏLİNDƏ ALƏT OLA BİLMƏRİK» - Çox yaxşıdır ki, hamı bu televiziyanı özününkü bilir. Müxalifət də, cəmiyyət də, qeyri-hökumət təşkilatları da. Hamı elə başa düşür ki, bu televiziya onunkudur və istədiyi vaxt gəlib fikrini, tövsiyələrini söyləyə bilər. Şüurlarda belə fikrin olması çox yaxşıdır. Amma çox təəssüf edirəm ki, bizim İctimai kanal haqda fikir deyən müxaliflərimizin fikirləri ziddiyyətlidir. Onların televiziyanın konsepsiyası haqda dolğun məlumatları yoxdur. Biz televiziya olaraq «İctimai televiziya və radio haqqında qanun» əsasında fəaliyyət göstəririk. Biz indiyədək o qanunun bircə tələbini də pozmamışıq. Biz o qanunun hansı bəndini, hansı maddəsini pozmuşuq, gəlsinlər onu izah etsinlər. Belə bir şey olmayıb! Biz hər hansı qüvvənin əlində alət ola bilmərik! O cümlədən də müxalifətin. «UMAN YERDƏN KÜSƏRLƏR... ONLAR İTV-NİN REYTİNQİNDƏN YARARLANMAQ İSTƏYİRLƏR» - Bu aksiyadan sonra onların tələbi nəzərə alınacaqmı? Onlara efir vaxtı veriləcəkmi? - Hamının arzuları böyükdür. Uman yerdən küsərlər. Amma bu istəyin qarşılığında gəlib piket keçirmək, etiraz eləmək... Mən elə bilirəm ki, onlar sadəcə İTV-nin reytinqindən yararlanmaq istəyirlər. Azərbaycanın «Eurovision»da qalib gəlməsinə qədər beynəlxalq media bizim müxalifətin varlığından xəbərsiz idi. «Eurovision»a ev sahibliyi edən Azərbaycan, onun da qazanılmasında çox böyük rolu olan İctimai Televiziya sanki müxalifətə çox böyük yardımçı oldu. Bir ildir bu mövzudan kifayət qədər yararlanırlar. İndi isə bu mövzu ətrafında ajiotaj yaradıb İctimai TV-də çıxış etmək iddialarını irəli sürürlər. Mən həmişə demişəm, bir də təkrar edirəm, İctimai Televiziya heç bir siyasi qurumun, nə YAP-ın , nə Müsavatın, nə AXCP-nin əlində vasitə ola bilməz. Kimləri efirə vermək bizim konsepsiyamızdır. Bir kəs deyə bilməz ki, kiməsə ayrı-seçkilik qoymuşuq. Azərbaycanda baş verən bütün hadisələri işıqlandırırıq. Kim hərəkətdədir, kim fəaliyyətdədir, kim hadisələrə münasibətdə fəaldır, onu işıqlandırırıq. Kimin ki, fəaliyyəti yoxdur, donuqdur biz onun nəyini verək? Hansı yadda qalan hadisə, hərəkət olub biz onu verməmişik? Biz hadisəni efirə verən ictimai yayımçıyıq. Biz bunlara efir vaxt verək, bunlar da rəqibləriylə söz güləşdirsinlər? Beynəlxalq standartlara görə, parlamentdə blok şəklində təmsil olunan siyasi qüvvələrə vaxt verilir. O mənim günahım deyil ki, bunlar parlamentdə təmsil oluna bilmirlər. Aydın, real söhbətdən qaçaraq piket keçirmək, kütlənin gözünə üfürmək, ajiotaj yaratmaq onlara baş ucalığı gətirməyəcək. «MƏN NƏ BİLİM GECƏ KİM NƏ YUXU GÖRÜB?» - Amma dünən (mayın 23-də) İctimai Palata mətbuat konfransı keçirib və İsa Qəmbər prezidentə müraciət edib: «vicdan məhbusları azad edilsin, hətta onlara yarışmaya bilet verilsin». Sizcə, bu mətbuat konfransı efirə verilə bilməzdimi? - Bizi mətbuat konfransına dəvət etməyiblər. Mən nə bilim gecə kim nə yuxu görüb səhər onu necə yozacaq. Biz ictimai yayımçı olaraq önəmli hadisələri işıqlandırmağa borcluyuq. Bunların icazəli-icazəsiz mitinqlərini, piketlərini də veririk. Hətta binanın qabağında keçirdikləri bu piketi də verəcəyik. Amma bunların fəaliyyətsizliyini, xəyal dünyasını, evdə yatıb nəsə düşünmələrini necə vermək olar? Bu baxımdan da hesab edirəm ki, onlar öz iddialarında haqsızdırlar.