"İsmayıllıda baş verən hadisələrin şişirdilməsi, "geniş xalq etirazı və vətəndaşların niyyət izharı" kimi qələmə verilməsi ən azı məntiqsizlikdir".
Bakı Dövlət Universitetinin beynəlxalq hüquq kafedrasının müdiri, tanınmış politoloqRüstəm Məmmədovun fikrincə, İsmayıllı rayonunda baş verən hadisələrin bəzi kütləvi informasiya vasitələrində qərəzli, subyektiv və təhrif olunmuş şəkildə qələmə verilməsinin bəlli məqsədləri var. "Hadisələrin birtərəfli, qeyri-obyektiv təqdimatı əslində həddən artıq dramatikləşdirmə, şişirtmədir. Sadəcə olaraq, İsmayıllı rayonunda bir-iki nəfər xuliqanlıq, tərbiyəsizlik edib, onların hərəkətlərinə də xuliqanlıqla cavab verilib. Sonra da hadisələrə təxribatçılar qatılaraq hadisəni mümkün qədər böyütməyə çalışıblar", - R.Məmmədov dedi. Politoloqun sözlərinə görə, cəmiyyət müxtəlif, fərqli fərdlərdən ibarətdir. O insanların hamısına eyni gözlə baxmaq düzgün deyil. "Ona görə də baş verənləri dramatikləşdirmək olmaz. İsmayıllıda bir neçə nəfər gecə saatlarında xuliqanlıq edib, həmin əmələ də "adekvat" cavab verilib. Hüquq-mühafizə orqanları həmin əmələ cavab verməli idi, lakin müəyyən insanlar əllərinə keçən şansdan öz məqsədləri üçün yararlanmağa cəhd göstəriblər", - R.Məmmədov dedi.