İsmayıllı rayonundan olan millət vəkili Novruz Aslanov da dünən rayonda baş verən hadisələrə münasibət bildirib. Millət vəkili hazırda baş vermiş hadisə ilə əlaqədar rayonda olduğunu deyib: “Burada icra hakimiyyətinin başçısı ilə görüşüb müzakirələr aparmışam. Sonra isə təxminən 10 nəfərə yaxın adam da qəbul eləyib, onların problemlərini dinləmişəm. Dünənki yol qəzası nəticəsində münaqişə yaranıb. Sonra o münaqişə xoşagəlməz hallara çevrilib. Hələlik buradayam, araşdırmalar aparırıq. Hadisənin səbəbləri barədə tam araşdırma aparandan sonra məlumat verə biləcəyəm”.
N. Aslanov qeyd edib ki, hazırda rayonda hər şey öz qaydasındadır: “Dünənki hadisədən sonra nə baş verdiyi ilə maraqlanan insanlar var. Kimsə çıxır, baxmaq istəyir. Amma ümumilikdə ciddi problem yoxdur. Qəzetlər yazır ki, guya dünən baş verənlər xalq üsyanıdır. Qətiyyən belə deyil. Burada məişət zəminində olan bir konflikt baş verib. Heç bir xalq üsyanından söhbət gedə bilməz. İsmayıllılar dövlətçiliyə sadiq insanlardır. Bu məsələləri qarışdırmaq lazım deyil”.
Millət vəkili etiraz edən əhali ilə təbliğat işi aparmağa ehtiyac olmadığını da bildirib: “Siz indi rayona gəlsəniz görərsiniz ki, hər şey normaldır. Əgər 5-6 nəfər haradasa dayanıbsa, onlarla təbliğat aparmağa nə ehtiyac var? Rayonda nə mitinq var, nə də çoxlu sayda əhali toplaşıb. Hazırda belə bir hadisə yoxdur. Əgər olsaydı, əhali ilə danışıq aparardıq”
//APA