İsrail mətbuatı MTN-in uğurlu əməliyyatından yazdı
Bütün Xəbərlər
12:19 23.01.2012
1271
Ötən həftə Bakıda üstü açılan terror cəhdinin hədəfləri paytaxtdakı “Şabad Or Avner” yəhudi məktəbinin iki işçisi olub. APA-nın məlumatına görə, bu barədə məlumatı İsrailin “Haaretz” nəşri yayıb. Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin üç nəfəri saxladığı haqda məlumatına istinad edən qəzet bildirir ki, bu şəxslər yəhudi məktəbinin müəllimi Şneor Seqal və Mati Lyuisi qətlə yetirməyi planlaşdırıb. “Haaretz” ehtimal edir ki, Bakıda yəhudilərin qətli bir qədər öncə Tehranda öldürülmüş İranın nüvə aliminin intiqamını almaq cəhdi də ola bilər. “Azərbaycanın xüsusi xidmət orqanları bizi məlumatlandırmadan gizli şəkildə hərəkət ediblər”. Yəhudi məktəbinin müəllimi Şneor Seqal terrorun üstünün açılması xəbərini belə şərh edib. O, habelə bildirib ki, şübhələndiyi şəxslər öncə onu məktəb ətrafında, daha sonra isə yaşadığı ərazidə izləyiblər.Xatırladaq ki, ötən həftə Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi xarici ictimai xadimləri qətlə yetirmək cəhdi ittihamı ilə ölkə vətəndaşları Rasim Əliyev, Əli Hüseynov və Balaqardaş Dadaşovun saxlanılması və terror cəhdinin üstünün açılması barədə rəsmi açıqlama yayıb. Bu şəxslərin İrandan gələn təlimat əsasında hərəkət etdikləri bildirilib.