Bu sözləri AZXEBER.COM-a açıqlamasında AXCP sədrinin müavini Razi Nurullayev deyib. Razi Nurullayev İsraillə Türkiyə münasibətlərinin regionda siyasi proseslərə əsaslı təsir edəcəyini bildirib:
"İsrailin Türkiyədən üzr istəməsindən sonra bölgədə vəziyyətin dəyişməsi gözlənilir. Çünki məhz İsrail-Türkiyə münasibətlərinin gərginliyi səbəbindən regionda bir çox məsələlərin həlli gecikirdi. Bu baxımdan 4 məqamı qeyd etmək istərdim:
Birincisi, Suriya məsələsidir. Bu məsələnin həll edilməsinə Türkiyə tam qarışa bilmirdi, çünki Bəşər Əsəd getdikdən sonra orada yaşayan azsaylı xalqların öz müqəddəratını həll etmək istəməsi aydın idi və kürdlərin Türkiyənin ərazi bütövlüyünü pozaraq Kürd dövləti yaratmaq iddiası yarana bilərdi. Türkiyə buna görə çox narahat idi. İsrail də təbii olaraq bu məsələdə Türkiyə əleyhinə fəaliyyət göstərirdi. O baxımdan indiki halda Türkiyə artıq Bəşər Əsəd rejiminin dağıdılmasında daha qətiyyətli mövqe nümayiş etdirə bilər.
İkincisi, İsrailin üzr istəməsi Türkiyənin dünyada qlobal oyunçu olduğunu gündəmə gətirdi. Bütün dünya bu hadisəni bir neçə gün manşetində saxladı. Bu da göstərir ki, Türkiyə qarşısına qoyduğu 2023-cü ilədək dünyanın 10 ən güclü dövləti sırasına daxil olmaq məqsədinə doğru əmin addımlarla irəliləyir.
Üçüncüsü, Türkiyə-İsrail münasibətlərinin gərginliyi Azərbaycan üçün də problem idi. Çünki Türkiyə Azərbaycandan İsrailə adekvat addımlar atmağı gözləyirdi. Buna görə Azərbaycan çox çətin vəziyyətdə idi və İsraillə planlaşdırılan bir çox layihələri açıqlamaqdan çəkinirdi. Türkiyə tərəfindən Azərbaycanın İsraillə münasibətləri qısqanclıqla qarşılanırdı. Artıq Azərbaycan İsraillə daha rahat şəkildə əməkdaşlıq edə biləcək.
Dördüncü məqam isə ABŞ-ın İsraillə Türkiyənin barışdırılnasında çox böyük rolu olmasıdır. Çünki regionda bu iki dövlət arasında gərgin münasibət olması ABŞ-ın və İsrailin İranla bağlı planlarını əngəlləyirdi. Artıq ABŞ və İsrail İranla bağlı daha ciddi addımlar ata bilər."
Ceyhun